Orqanizmin mühərriki: Ürək

Orqanizmin mühərriki: Ürək

7933

Qan təsadüflər nəticəsində mövcud olması qeyri-mümkün olan bir mayedir və bu, yaradılışın açıq dəlillərindən biridir. Burada bir məqamı təkrar xatırlatmaq faydalı olardı. Qan özü ayrı bir möcüzədir, lakin onun öz-özünə mövcud olması heç bir mənanı ifadə etməz. Çünki qan mayesinin bir canlıya fayda verə bilməsi üçün onun içində dolaşa biləcəyi bir boru sisteminə ehtiyacı var. Həmin boru insanın orqanizmini əhatə edən damar şəbəkəsidir.
Qanın bu damarların içində dolaşmasını və orqanizmin hər bir hüceyrəsinə vaxtında çatmasını təmin edəcək itələyici bir qüvvə kimi mühərrikə ehtiyacı var. Bu mühərrik də “ürək”dir.

Ən ideal nasos

Yer üzünün ən ideal quruluşa malik olan nasosu hal-hazırda sinənizin sol hissəsinin altında fəaliyyət göstərir. Ürək ağlasığmaz quruluşu və fasiləsiz döyünmələri ilə bir gün ərzində orqanizmimizdəki bütün qanın 1000 dəfə tam dövr etməsini təmin edir.
Ürək xarici görünüşcə təxminən yumruğunuz böyüklüyündə ətdən hazırlanmış bir nasosdur. Lakin həcmi düşünüldüyü zaman onun dünyadakı ən qüvvətli, ən uzunömürlü və ən sərfəli bir mexanizm olduğu məlum olur. Bu keyfiyyətlərin səbəbi çoxdur. Ürəyin xüsusilə fəaliyyətdə olarkən istifadə etdiyi qüvvə çox böyükdür. Bu qüvvə sayəsində ürək qanı 3 metr hündürlüyə qədər sıçrada bilər. Ürəyin həcmini belə bir misalla daha aydın göstərə bilərik. Ürək bir saat ərzində orta ölçülü avtomobili yerdən bir metr hündürlüyə qədər qaldırmağa kifayət edən enerji meydana gətirə bilir.16
Lakin ürəyin ən mühüm xüsusiyyəti onun fasiləsiz olaraq fəaliyyət göstərməsidir. Ürək dəqiqədə 70 dəfə, ildə isə təxminən 37 milyon dəfədən artıq hərəkət edən bir əzələdir. Orta hesabla bir insanın bütün həyatı boyu isə təxminən 2,5 milyard dəfə döyünür və təxminən 300 milyon litr qan vurur.17 Bu da 10 min ədəd neft tankerini dolduran maye miqdarına bərabərdir. Ürək hətta yatdığınız zaman da saatda təxminən 340 litr qan vurur. Başqa sözlə, ürəyimiz bir avtomobilin yanacaq bakını saatda 9 dəfə doldurur. Fiziki hərəkətlər zamanı, məsələn, qaçarkən ürəyin döyünməsi sürətini daha da artırır və saatda təxminən 2270 litr qan vurur.18
Ürək hər dəfə döyünəndə bir miqdar qanı böyük bir qüvvə ilə orqanizmin dərinliklərinə vurur. Bu əzələnin qüvvəsi ilə bağlı bir az da geniş məlumat əldə etmək üçün yumruğunuzu saniyədə bir dəfə olmaqla nə qədər uzun müddət sıxa biləcəyinizi sınayın. Qısa bir müddət ərzində yorulacaq və dözə bilməyəcəksiniz. Barmaqlarınızı və əlinizi hərəkət etdirən əzələlər bir neçə dəqiqə ərzində yanmağa və ağrı verməyə başlayacaq. Buna baxmayaraq ürək hətta bir dəqiqə də fasilə etmədən ömür boyu yığılıb-açılmaqda davam edir.
Ürəyin başqa bir xüsusiyyəti isə dəyişən şəraitə görə lazımi qədər qan vurmasıdır. Adi şəraitdə ürək dəqiqədə orta hesabla 70 dəfə döyünür. Yorucu hərəkətlər zamanı isə əzələlərimizin oksigenə daha çox ehtiyacı olur. Bu halda ürək tempini dəqiqədə 180 dəfəyə qədər yüksəldərək vurduğu qanın miqdarını artırır. Axıtdığı qanın miqdarını 5 dəfəyə qədər yüksəldə bilir. Adi şəraitdə bu sürətdə və fasiləsiz olaraq fəaliyyət göstərən bir mexanizm artıq və nizamsız işlədiyinə görə bir müddət sonra sıradan çıxar. Ürək isə illərlə heç bir zaman ritmini itirmədən fəaliyyətini davam etdirir.

Qüsursuz layihə

Ürəyin fəaliyyətini daha yaxşı dərk edə bilmək üçün onu insanın hazırladığı nasoslarla müqayisə edək.
İlk öncə bunu qeyd etmək lazımdır ki, ürək bir mayeni başqa tərəfə çatdıran sadə bir nasos deyil. Ürək eyni anda iki müxtəlif mayeni iki müxtəlif istiqamətə vuran xüsusi bir quruluşa malikdir. Onun normal nasoslar kimi yeknəsəq fəaliyyət tempi də yoxdur. Dəyişən şəraitə görə hansı sürətlə fəaliyyət göstərməyin lazım olduğunu özü tənzimləyir. Bu xüsusiyyətləri düşünüldüyü zaman ürəyi içində inkişaf etmiş bir kompüter olan xüsusi quruluşlu nasosa bənzədə bilərik.
Bir nasos iki hissədən - qüvvə verən mühərrikdən və mühərrikin işlətdiyi mexaniki hissədən ibarətdir. Halbuki ürək daxildən mühərrikli quruluşa malikdir. Mühərrik də, nasos da elə ürəyin özüdür.
İnsanın hazırladığı nasosların ömrü ən çoxu 10-15 ildir. Bu müddət içində nasos daimi deyil, günün müəyyən vaxtlarında işləyir. Fasiləsiz işləyən nasosların ömrü isə daha qısadır. Hər iki halda nasos bəzən sıradan çıxır, qayğıya ehtiyac duyur və ya bəzi hissələrini dəyişdirmək lazım gəlir. Bunun əksinə olaraq ürək gündə 24 saat, özü də üst-üstə 70-80 il, bəzən isə daha artıq müddət ərzində fasiləsiz fəaliyyət göstərir. Sağlam ürək bu müddət ərzində heç bir qayğıya ehtiyac duymur. Ürəyin insanın hazırladığı nasoslarda olduğu kimi təmirə və ya ehtiyat hissələrin dəyişdirilməsinə də ehtiyacı olmur.
İnsan hələ ana bətnində kiçik bir rüşeym ikən onun ürəyi döyünməyə başlayır və bütün həyatı boyunca da fəaliyyətini davam etdirir. Həyatınızın hər bir anında bu nasos sizin biliyiniz, iradəniz və nəzarətiniz olmadan sizin üçün qan vurur. Siz hələ bir neçə aylıq körpə ikən və ya orta məktəb illərində bir gecə yatarkən bu nasos işləyirdi. Hal-hazırda siz bu yazını oxuyarkən də bu nasos fasiləsiz olaraq öz fəaliyyətini davam etdirir.
Ürəyin ümumi quruluşu daha yaxından tədqiq edildiyi zaman onun nə qədər xüsusi bir quruluşa malik olduğu dərhal ortaya çıxacaq.

Ürəkdə olan orijinal nasoslar

Ürək əslində iki müxtəlif nasosdan ibarət olan birləşmiş bir nasosdur. Bunlardan sol tərəfdə yerləşən nasos təmiz qanı orqanizmdəki orqan və toxumalara, sağ tərəfdəki nasos isə çirklənmiş qanı ağciyərlərə tərəf vurur.
Bu nasosların özləri də altlı-üstlü olmaqla iki ayrı nasosdan ibarətdir. Kiçik nasos qulaqcıq, böyük nasos isə mədəcik adlanır. Məsələn, təmiz qan ürəyin sol tərəfinə çatdığı zaman əvvəlcə üst tərəfdə yerləşən kiçik nasosa dolur. Sonra qan buradan alt tərəfdə olan böyük nasosa vurulur. Böyük nasos da qanı bədən orqanlarına vurur. Həmin proses ürəyin sağ tərəfində olan nasoslarda da baş verir.

Birtərəfli ehtiyat qapaqları

Bu nasoslar arasında qanın axma istiqamətinə doğru açılan birtərəfli qapaqcıqlar var. Kiçik nasos yığılanda bu qapaqcıqlar açılır və qan böyük nasosun içinə dolur. Böyük nasos yığılanda isə aradakı qapaqcıqlar bağlanır və qanın gəldiyi tərəfə doğru axmasının qarşısı alınır.
Buna bənzəyən qapaqcıqlar nasosun arakəsmə hissəsində də var. Böyük nasos yığılanda bu qapaqcıqlar açılır və qan orqanizmə doğru axır. Lakin qanvurulma prosesi dayananda qapaqcıqlar bağlanır və vurulan qanın ürəyə geri qayıtmasının qarşısı alınır. Bu, çox sadə, lakin olduqca etibarlı bir tədbirdir. Buna bənzər sistemlərdən müasir dövrümüzdə müasir nasoslarda da istifadə edilir.
Hətta bu qapaqcıqların özünün varlığı belə ürəyin xüsusi layihə əsasında yaradılmasının dəlilidir. Ürəyin malik olduğu yüzlərlə möcüzəvi xüsusiyyəti hətta bir kənara qoyub yalnız bu qapaqcıqların necə yaradıldığı göz önünə gətirsək belə Allahın qüsursuz yaradılış nümunəsi ilə qarşılaşırıq. Heç bir təsadüf nəinki qüsursuz quruluşa malik olan ürəyi, hətta bu ürəyin kameraları arasında olan bir qapaqcığı da yarada bilməz. İnsan orqanizmində olan bu ideal mexanizmin hər bir incəliyi Allahın qüdrətinin, gücünün və varlığının aşkar bir dəlilidir.

Nasosun yağlanması

Özümüzün bildiyimiz və tanıdığımız mexanizmləri göz önünə gətirək. Çox sadə bir mexanizmi olsa da hər hansı bir cihaz işləyərkən cihazı əmələ gətirən hissələr arasında mütləq bir sürtünmə qüvvəsi yaranır. Əgər bu sürtünmə aradan qaldırılmasa, hissələr sıradan çıxar və cihaz zədələnər. Buna görə də hərəkət edən hissələr mütləq müntəzəm şəkildə yağlanmalıdır.
Həmin təhlükə bir insanın ömrü boyu fasiləsiz olaraq yığılıb-açılan ürək üçün də mövcuddur. Ürəyin fəaliyyətinin asanlaşdırılması üçün bir yağlama sisteminə ehtiyacı var. Həmin sistem də ürəyin quruluşunda mövcuddur. Ürəyin xarici təbəqəsində ikiqatlı nazik pərdədən ibarət olan bir təbəqə (perikard) olur. Məhz bu pərdələrin arası sürüşkən maye ilə örtülüb. Bu sürüşkən maye də ürəyin asan fəaliyyət göstərməsini və onun zərbələrdən qorunmasını təmin edir. Haqqında danışılan yağlama sistemi ürəyin ideal quruluşunun incəliklərindən yalnız biridir.

Ürəyin zirehi

Orqanizmdə həyati əhəmiyyətə malik olan orqanlar başqalarından daha fərqli şəkillərdə mühafizə altına alınıblar. Ürək də orqanizmin ən çox qorunma tələb edən orqanlarından biridir. Ürəyə gələ bilən hər hansı bir zərbə həyati əhəmiyyətli təhlükələrə səbəb ola bilər. Elə buna görə də ürəyimiz orqanizmin ən etibarlı yerinə, döş qəfəsinin içində yerləşdirilib. Döş qəfəsini təşkil edən sümüklər bir zireh kimi ürəyi hər bir zərbədən qoruyur.

Ürək necə qidalanır?

Ürək əzələsi qida maddələrinin və oksigenin keçə bilməyəcəyi qədər qalın və sıx toxumalıdır. Buna görə də o, öz içindən keçən qandan faydalana bilməz. Lakin ürək də bir orqandır və başqa orqanlar kimi onun hüceyrələrinin də qana ehtiyacı var. Hətta ürək fasiləsiz fəaliyyət göstərən bir əzələ olduğu üçün başqa orqanlardan da artıq oksigenə ehtiyac duyur.
Ürəyin bu ehtiyacının ödənilməsi problemi də misilsiz bir quruluş nəticəsində həll edilib. Ağciyərlərdən ürəyin sol hissəsinə gələn qan orqanizmdəki ən təmiz və oksigenlə zəngin olan bir qandır. Bu qanın orqanizmə vurulduğu aorta arteriyalarından “tac arteriyalar” adlanan iki damar çıxır. Bu damarlar başqa damarlar kimi orqanizmə getməyərək yenidən ürəyə qayıdır. Beləliklə, ən zəngin oksigenə malik olan qan başqa heç yerə getməyərək birbaşa ürəyə çatdırılır.
Başqa bir nizam da tac damarların yerləşdirilmə planında var. Bu damarlar ürəyə doğru gedərkən bir-biri ilə ara bağlantılar yaradırlar. Bu bağlantılar damarlardan birinin tıxanmasına qarşı bir sığortadır. Əgər bu damarlardan biri tıxansa, qan başqa damardan öz yoluna davam edərək tıxanmış hissəni aşır və ürəyə çatır. Şəhərsalma mütəxəssisləri bu layihədən içməli su şəbəkələri qurarkən istifadə edirlər. Mövcud borulardan biri zədələnsə, şəhərin bir hissəsinin susuz qalmaması üçün borular “şəbəkə sistemi” adlanan layihə əsasında qurulur.
Göründüyü kimi, yalnız ürəyi qidalandıran damarların hətta bir-biri ilə olan bağlantılarında da heç bir təsadüflə izah edilə bilməyən bir şüur və mükəmməl planlaşdırma nümunəsi ortaya çıxır.
Ürəyin başqa struktur xüsusiyyətlərinə keçməzdən əvvəl bir məqamı qeyd etmək faydalı olardı. Ürəyin hətta bura qədər bəhs edilən xüsusiyyətlərini nəzərə alsaq da təkamülçülərin iddia etdikləri kimi, ürəyin mərhələli şəkildə, üstəlik bütün bu mərhələlərin də təsadüfən yaranmasının qeyri-mümkün olmasına dərhal şahid olarıq.
Ürəkdə hər cəhətdən tam və qüsursuz bir layihə var. Nəinki bütün ürəyin, hətta ürəyi təşkil edən hissələrdən birinin də öz-özünə əmələ gəlməsi mümkün deyil. Həmçinin nə qədər qeyri-mümkün olsa da ürək kimi ideal quruluşa malik bir orqanın öz-özünə ortaya çıxdığını belə düşünsək, bu da heç nəyə yaramayacaq və mənasız olacaq. Çünki qan dövranı olmayan, vuracaq qanı olmayan bir ürək nə qədər ideal xüsusiyyətlərə malik olsa da heç bir funksiyaya malik olmayacaq. Və yenə də təkamülçülərin məntiqinə görə, funksiya daşımayan bir orqan kimi aradan qalxacaq. Göründüyü kimi, hətta bircə nümunə də təkamülçü iddiaların öz içində də böyük ziddiyyətlər əmələ gətirdiyini ortaya qoyur.

Ürəyinizdəki elektrik sistemi

Bir ürəyi orqanizmdən kənara çıxarsanız, o, heç bir yerlə əlaqəsi olmadan da öz enerjisini itirənə qədər döyünəcək. Ürəyə lazım olan qan təmin ediləndə, o, bütün sinir bağlarından ayrılsa da saatlarla döyünməkdə davam edəcək.
Burada maraqlı bir vəziyyət var. Həmin vəziyyəti tədqiq etmək üçün əzələlərin necə fəaliyyət göstərdiyini qısaca olaraq xatırlayaq. Bir əzələnin işləməsi üçün onun beyindən və ya onurğa beynindən gələn əmrə ehtiyacı var. Həmin əmr əslində sinir sistemi yolu ilə ötürülən bir elektrik siqnalıdır. Ürəyin quruluşu tamamilə əzələ toxumasından təşkil olunduğu üçün dəqiqədə təxminən 70 dəfə döyünən bir ürəyə dəqiqədə 70 dəfə elektrik xəbərdarlığı edilməlidir.
Lakin bir az əvvəl də qeyd olunduğu kimi, bütün sinir əlaqələri kəsilən və orqanizmdən kənara çıxarılan bir ürək bir müddət döyünməkdə davam edir. Bu hal ağlımıza “bu yığılıb-açılma əmrlərinin haradan gəldiyi” sualını gətirəcək.
Haqqında bəhs edilən vəziyyəti tədqiq edən alimlər çox heyrətamiz bir halla qarşılaşıblar. Ürəyin içində öz elektrikini özü yaradan bir generator varmış! İnsan orqanizmindəki ət parçalarından biri olan ürəkdəki ətdən yaradılmış bir generator...
Məlum olduğu kimi, generator enerji kəsildiyi zaman dövrəyə qoşularaq enerji istehsalına davam edən və cihazların zərər çəkməsinin qarşısını alan bir alətdir. İnsan orqanizmindəki mühüm həyati orqanlardan biri olan ürək də hər hansı bir enerji kəsildiyi zaman zərər çəkməməsi üçün bu cür qorunur. Ürəyin bir an dayanması orqanizmdə olduqca mühüm mənfi cəhətlərə səbəb ola, hətta ölümlə nəticələnə bilər. Buna görə də ürəyi fəaliyyətə gətirəcək enerji sistemi fasiləsiz işləməlidir. Bu elektrik sistemini tədqiq edən alimlər daha maraqlı hadisələrlə qarşılaşdılar. Ürək yalnız mikrogenerator deyil, həm də bir-birinin içinə keçmiş, bir çox bağlantıya malik olan, proqramlaşdırılmış və sistemli elektron dövriyyələri yığını sayəsində fəaliyyət göstərir. Bu elektron nəzarət və idarəetmə sistemi böyrəklərdən beyinə, arterial damarlardan hormonal vəzilərə qədər bir çox amillərlə əlbir şəkildə çalışır.
Yaddan çıxarılmamalıdır ki, ürəkdə olan və alimlərin çox yaxın dövrlərdə kəşf etdiyi bu qüsursuz quruluş milyon illərdir fasiləsiz olaraq fəaliyyət göstərir. İstisnasız olaraq bu günə qədər yaşamış on milyardlarla insanda bu sistem mövcud olub. Hal-hazırda dünyada yaşayan milyardlarla insanın da ürəyi eyni qüsursuz sistemlə fəaliyyət göstərir və bundan sonra yaşayacaq insanlarda da belə olacaq. Bu, Allahın qüsursuz yaratmasıdır.

Ürəkdəki elektron sistemi

Ürəyin sağ qulaqcığı tədqiq ediləndə burada ürəyi elektriklə təmin edən və haqqında az öncə danışılan generatorun olduğu görünür. Bu generator avtomatizm sistemi adlandırılan bir toxuma düyünüdür. Dincəlməkdə olan yetkin bir insanın ürəyindəki generator dəqiqədə 72 dəfə aşağı dərəcədə elektrik siqnalları buraxır.19 Bu siqnalların hər biri yer üzünün ən ideal nasosunu bir dəfə döyündürür.
İndi bu mexanizmdəki nizamlı quruluşa şahid olmaq üçün ürəyin saniyədən daha qısa müddət ərzində baş verən yalnız bir döyüntüsünü tədqiq edək.
Avtomatizm sistemindən verilən enerji dalğası ürəyin kiçik nasoslarını (qulaqcıqları) təşkil edən toxumalar üzərində yayılır. Beləliklə, əzələ lifləri hərəkətə gəlir və kiçik nasoslar işləyir. Qan kiçik nasoslardan ürəyin alt hissəsində olan böyük nasoslara (mədəciklərə) keçir.
Lakin adi şəraitdə əmələ gələcək vəziyyət daha fərqlidir. Generatordan yayılan enerji əvvəlcə kiçik, sonra isə böyük nasoslara siqnal göndərəcək. Lakin elektrik dalğası çox sürətlə yola çıxdığına görə hər iki nasos eyni vaxtda yığılacaq və ürəyin fəaliyyət mexanizmi tamamilə pozulacaq. Elə bir elektrik dövriyyəsi qurulmalıdır ki, elektrik enerjisi əvvəlcə kiçik nasoslara siqnal göndərməli, sonra bir müddət gözləməli, sonra isə kiçik nasoslara siqnal göndərməlidir. Bu vaxt elektrik siqnalı yola çıxdıqdan sonra kiçik nasoslar öz işlərini bitirənə qədər bir nöqtədə gözləməlidir. Burada ehtiyac duyulan dövriyyə tam bir mühəndislik xarüqəsi olmalıdır.
Belə ki, generatordan yayılan elektrik dalğası kiçik nasoslara siqnal göndərdikdən sonra başqa bir toxuma düyününə gəlir. Avtomatizm sistemi adlanan bu toxuma elektrik siqnalını saniyənin 1/14-i qədər qısa bir zamanda tutur. Bu, çox həssas tənzimlənmiş bir zaman kəsimidir. Çünki bu müddət bitəndə kiçik nasos da fəaliyyətini bitirmiş olur. Bundan sonra elektrik siqnalı öz yoluna davam edir və saniyənin 1/16 qədər qısa bir zaman ərzində bütün mədəciyin hüceyrələrinə siqnallar göndərir. Öz növbəsi çatan böyük nasos da bu cür yığılır və qan vurulmuş olur. Bütün bu proseslər saniyədən də qısa bir zaman ərzində baş verir.20

Mühüm təhlükəsizlik tədbiri: ürəkdəki ehtiyat generatoru

Əsas generatordan çıxan elektrik dalğalarını qısa bir müddət ərzində dayandıran avtomatizm sisteminin başqa mühüm funksiyası da var. Əsas generatorda bir qüsur olanda bu sistem onun yerinə keçir və ehtiyat generator funksiyasını daşıyır. Ehtiyat generator əsas güc mənbəyi qədər güclü siqnallar buraxmasa da (dəqiqədə 40-50 siqnal verir), onun buraxdığı siqnallar ürəyin öz fəaliyyətini davam etdirməsini təmin etmək üçün kifayət edir. Əsas generator hər hansı bir səbəbdən zədələndiyi zaman ehtiyat avtomatizm sistemi insan həyatı üçün olduqca mühüm olan yeni funksiya daşıyır. Hər hansı bir səbəbdən əsas generatorun fəaliyyət göstərmədiyi hallarda 20 ilə qədər yaşayan insanlara rast gəlinir.21
Bunları oxuyan insan bura qədər bəhs edilənləri dərk etmək üçün müəyyən bir şüur və anlayışa malik olmalıdır. Belə ki, bu yazını oxuyan insanlar bu anlayışa sahibdir. Lakin diqqət yetirilsə, ürəyi təşkil edən hissələrin öz funksiyalarını yerinə yetirə bilmələri üçün də şüur nümayiş etdirmələri lazım gəlir. Məsələn, ehtiyat generator funksiyası daşıyan hissənin dövriyyəyə girməsi üçün onun insan orqanizmində baş verənləri dərk etməsi, təcili vəziyyətləri dərhal bilərək zəruri sistemləri dövriyyəyə daxil etməsi lazım gəlir.
Bəs bizim dərk etməyimiz üçün şüur tələb edən bu prosesləri ürəyin müxtəlif yerlərində yerləşən bu hissələr necə yerinə yetirir? Ürəkdəki sinir düyünlərinin şüur sahibi olduğunu düşünmək olarmı? Bu düyünlərin müəyyən saniyələri hesablaya bildiklərini, bu hesablamaları fasiləsiz və qüsursuz şəkildə yerinə yetirdiklərini iddia etmək olarmı? Ürəkdəki quruluşların ürəyin fəaliyyət göstərməsi üçün zəruri olan mürəkkəb prosesləri öz istəkləri ilə yerinə yetirə bilməyəcəyi əlbəttə ki, aydın məsələdir. Çünki bu düyünlər yalnız bir hüceyrə yığınıdır və bu toplunun özünə uyğun bir qərar vermək mexanizminin, iradəsinin və hesablama qabiliyyətinin olduğunu düşünmək olmaz.
Hətta hüceyrənin elektrik hasil edə bilməsi də öz-özlüyündə böyük bir möcüzədir. Çünki həmin hasilat minlərlə kimyəvi proses nəticəsində baş verir. Bu məqamda düşünməyimiz lazım olan mühüm suallar var.
Bir hüceyrə elektrik hasil etmək kimi bir funksiyanı nə üçün yerinə yetirmək istəyir? Onu buna məcbur edən qüvvə nədir? Ürəyin yığılması üçün elektrik siqnalına ehtiyacının olduğunu, yığılmağa səbəb olan hüceyrələrin elektrik olmadan işləməyəcəklərini bu hüceyrə haradan bilir?
Hətta hüceyrənin elektrik hasil etməsi də təkbaşına kifayət etmir. Xüsusilə elektrik hasil edən başqa hüceyrələrə də ehtiyac var. Bu hüceyrələr düzgün ardıcıllıqla toplaşmalıdır. Onların yalnız toplaşmaları da kifayət deyil. Bu hüceyrələr bir-biri ilə sözləşiblərmiş kimi birlikdə elektrik hasil etməlidir. Bundan əlavə, bu hasilat müəyyən bir ritmdə olmalıdır. Hər bir hüceyrənin əlində bir xronometr olmalı, bu hüceyrələr heç bir səhvə yol vermədən hər 0,83 saniyədə bir hərəkət etməlidirlər. Həmçinin hüceyrələr bunu bütün bir ömür boyunca yorulmadan yerinə yetirməlidir. Bundan əlavə, onlar ürəyi fəaliyyətə gətirəcək elektrik cərəyanının miqdarını tam bilməli, az və ya çox deyil, tam ehtiyac duyulan ölçüdə elektrik cərəyanı hasil etməlidirlər.
Elektrik cərəyanı gələndə ürəkdə yorulmadan fəaliyyət göstərən əzələ hüceyrələri də işləyə biləcək quruluşa malik olmalıdır. Onlara gələn bir siqnala da laqeyd olmamalı, dəqiqədə 72 dəfə göndərilən siqnalın hər birinə cavab verməlidirlər.
Hətta bu möcüzəvi sistemin fəaliyyət göstərməsini dərk etmək üçün də müəyyən bir anlayış lazım olduğu halda bu sistemin kor-koranə şəkildə və təsadüfən əmələ gəldiyini iddia etmək əlbəttə ki, məsələyə ağıldan və elmdən kənar bir yanaşma olardı. Belə bir qüsursuz sistem şüursuz təsadüflərlə yarana bilməz. İnsanın daxilində belə bir elektronik dövriyyənin qurulması onun Allah tərəfindən yaradılmasının başqa bir aşkar dəlilidir.

Ürəyin fəaliyyətindəki avtomatizm sistemi

Bu bölmədə ürəyin fəaliyyətinə nəzarət edən xüsusi bir sistemi nəzərdən keçirəcəyik. Döş qəfəsinizin altında bir ət parçasının informasiya təminatının, bu bilginin qiymətləndirilməsinin və zəruri nizamlamaların aparılmasının necə baş verdiyini görəcəyik.
Burada bir xatırlamatma faydalı olardı. İnsan orqanizmində və ya başqa canlılarda olan sistemləri tədqiq edərkən mühüm olan məsələ bu sistemlərin təsadüfən əmələ gəlib-gəlməyəcəyi haqqında öz-özümüzə sual verməkdir. Əlbəttə ki, bəhs edilən hər bir mövzuda bu sualların sətirlərə yerləşdirilməsi mümkün deyil. Lakin istər bu saytdakı məlumatlar, istərsə də insan orqanizmi haqqında başqa mənbələrdəki məlumatlar olsun, bütün bu sualları insan öz-özünə daim verməlidir. Çünki bu sualın cavabı insanın öz Yaradanının sonsuz qüdrətini daha yaxşı dərk etməsini təmin edəcək.
İndi isə bu sualı tez-tez verərək ürəyin ritminə nəzarət edən sistemi tədqiq edək.
Ürək müəyyən bir ritmlə fasiləsiz olaraq döyünür. Bu prosesi sabit sürətlə hərəkət edən bir avtomobilin fəaliyyətinə də bənzədə bilərik. Lakin müəyyən hallarda ürəyin tempi sürətləndirilməli və ya aşağı salınmalıdır. Bu da ayağı sabit bir sürətlə hərəkət edən bir avtomobilin qaz pedalına basaraq sürətləndirilməsinə və yaxud da əyləc pedalına basaraq sürətin aşağı salınmasına bənzəyir. Ürəyin ritmini azaldan əyləc pedalı “azan sinirləri”, ürəyin ritmini sürətləndirən qaz pedalı isə “simpatik sinirlərdir”.22 Əyləc pedalının (azan sinirləri) hərəkətə gəlməsini təmin edən amil asetilxolin hormonudur.
Simpatik sinirlər (orqanizmimizdə bizdən asılı olmadan işləyən və daxili orqanların fəaliyyətini nizamlayan avtonom sinir sisteminin zərrələridir) damarları daraldaraq qan təzyiqini artırır, bundan əlavə, böyrəküstü vəzinin öz (medulla) sahəsinə siqnal göndərərək bu yerdən epinefrin və norepinefrin hormonlarının ifraz edilməsini təmin edir. Həmin hormonlar ürəyin fəaliyyətinin tempini artırır. Tiroid vəzisindən ifraz olunan tiroksin hormonu isə metabolizmi artıraraq ürəyin fəaliyyətinə təsir edir.23
Bəs bu pedallara necə basırlar? Sürəti artırma və ya azaltma qərarı necə verilir? İnsan orqanizmində elə bir ideal nəzarət və informasiya mübadiləsi şəbəkəsi qurulub ki, insanların yaratdığı heç bir məlumat şəbəkəsi bu sistem qədər ideal deyil. Həmin sistemin orqanizminizdə hətta hal-hazırda da istəyinizdən asılı olmadan fəaliyyət göstərməsi sizin Allah tərəfindən yaradılmış olmağınızın bir dəlilidir. İndi isə bəhs edilən pedallara necə basıldığını, sürəti artırma və ya azaltma qərarlarının necə verildiyini, bir sözlə, lazımi sualları öz-özümüzə verərək araşdıraq.
Qüvvə tələb edən bir hərəkəti yerinə yetirdiyimiz zaman venaların ətrafında olan əzələlər çirklənmiş qanın axmasını sürətləndirir. Beləliklə, ürəyə və qulaqcığa daha çox qan gedir. Bundan sonra qulaqcıq əzələləri yığılır. Bu yığılma nəticəsində əmələ gələn sinir siqnalları mərkəzi sinir sistemi tərəfindən onurğa beyinə göndərilir. Soğancıq bu məlumatları qiymətləndirir və dərhal ürəyə bir əmr göndərir. Ürəyin qaz pedalına basılır və onun ritmi sürətləndirilir. Beləliklə, əzələlərə daha çox təmiz qanın getməsi təmin edilir.
İndi isə əsas sualı verək. Bu sistemin təsadüfən mövcud olduğunu iddia etmək ağıl və məntiqə uyğundurmu? Belə bir iddianı irəli sürən insan aşağıdakı suallara əsla cavab verə bilməz:
- Çirklənmiş qanın çoxaldığını və yaratdığı dartılmanı bilən qavrayıcılar (reseptorlar) ürəyin doğru yerinə - çirkli qanın olduğu sağ qulaqcığa - necə yerləşdiriliblər?
- Bu qavrayıcıların verəcəyi məlumatı onurğa beyinə daşıyan telefon xətti necə əmələ gəlib?
- Bu məlumatı dəyərləndirən və düzgün qərar qəbul edə bilən məlumat qiymətləndirmə mərkəzi - onurğa beyin soğancığı necə yaranıb?
- Onurğa beyni ona gələn xəbərin çirkli qanın çoxalması demək olduğunu necə bilir? Onurğa beyni problemin aradan qaldırılması üçün ürəyin daha sürətlə döyünməsinin lazım olmasına hansı şüurla qərar verir?
- Beynin əmrinə itaət edən və ürəyin ritmini sürətləndirən xüsusi mexanizm necə əmələ gəlib?
- Bu sistemin “xidmətçiləri” eyni vaxtda birdəfəyə necə birləşiblər?
Əlbəttə ki, heç bir təsadüf belə bir nizamı yarada bilməz. Nəinki belə bir nizamı, hətta bu nizamı əmələ gətirən hissələrdən birini də yarada bilməz. Yuxarıdakı sualların cavabları təkamül nəzəriyyəsinin yararsızlığını isbat etməklə yanaşı Allahın bizi yaratması həqiqətini də açıq şəkildə ortaya qoymuş olur.
İndi isə Allahın yaratdığı başqa bir təhlükəsizlik mexanizminə nəzər yetirək və Allahın yaradıcılığının bir daha şahidi olaq.
Ürəyin ona zərər verəcək şəkildə sürətlə döyünməsinin qarşısını almaq üçün xüsusi təhlükəsizlik mexanizminə ehtiyacı var. Ürəyin solundan çıxan aorta damarının içində qan təzyiqini ölçməyə yarayan qavrayıcılar var. Ürəyin döyüntüləri sürətləndikcə aorta divarına vuran qanın təzyiqi də yüksəlir. Təzyiqin bu şəkildə yüksəlməsi müəyyən bir həddi aşdıqda təhlükəsizlik mexanizmi hərəkətə gəlir. Yüksələn təzyiqi fərq edən qavrayıcılar onurğa beyninə siqnallar göndərir. Onurğa beyni vəziyyəti qiymətləndirir və ürəyə yeni bir əmr göndərir. Bundan sonra ürəyin ritmini aşağı salan əyləc pedalına basılır və qan təzyiqi aşağı salınır.
İndi aorta içinə yerləşdirilən təzyiq ölçənlər və ürəyin əyləc mexanizmi üzərində yenidən düşünək.
Ürəyin sürətlə döyünməsinin insan orqanizminə zərər verəcəyini bilən və buna görə bir tədbir görən qüvvə şüursuz təsadüflərdirmi?
Artıq qan təzyiqini ölçməyə yarayan qavrayıcılar təsadüfən mövcud olmuşlarmı? Daha sonra isə bu qavrayıcılar ən doğru yerə (aorta damarının ətrafına) təsadüfən yerləşiblərmi?
Qavrayıcılar və onurğa beyni arasında telefon bağlantısı təsadüfən mövcud olubmu?
Qavrayıcı hüceyrələr təzyiqin artdığını necə bilir və bu artımı onurğa beyninə xəbər verməyi hansı şüurla dərk edir?
Onurğa beyni ona gələn məlumatları hansı iradə ilə qiymətləndirir? Bu vəziyyətin əhəmiyyətini hansı şüurla dərk edir?
Nə üçün onurğa beyninin bəzi hüceyrələri özlərini ürək döyüntülərini nizamlamağa həsr ediblər? Nə üçün üzərlərinə belə bir məsuliyyət götürüblər?
Bir onurğa hüceyrəsi ürəyə əmr göndərməyi necə qərarlaşdırır? Həmin əmri hansı dildə göndərəcəyini, ürək hüceyrələrinin hansı dili anladıqlarını necə bilir?
Ürək hüceyrələri onurğa beyni adlanan başqa bir ət parçasına nə üçün tabe olurlar?
Bu suallar vaxt keçdikcə insan ağlında yaranan vərdiş (ülfət) pərdəsini aradan qaldırmaq üçün olduqca mühüm suallardır. Çünki insanlar gözlərinin qarşısında olan möcüzələri bu ülfət pərdəsinə görə görmürlər.
İnsanların əksəriyyəti bəzi hallarda ürəyinin daha sürətli döyündüyünü hiss edir. Hər bir insan çoxpilləli nərdivanı sürətlə çıxanda, qaçanda və ya həyəcanlananda ürək döyüntülərinin sürətləndiyini, daha sonra isə ürəyin əvvəlki ritmə gəldiyini hiss edə bilər. Lakin demək olar ki, heç bir insan bunun nə qədər böyük bir möcüzə olduğunu düşünməz. Ürək döyüntülərinin sürətinin orqanizmə yerləşdirilmiş bir kompüter sistemi tərəfindən nizamlandığını bilməz. Hətta belə bir sistemin varlığından xəbəri olsa da beynini bu mövzu ilə yormaq istəməz. Özünün və orqanizmində olan möcüzəvi sistemlərin necə yarandığı haqqında düşünməz, hətta düşünməkdən də inadla çəkinər. Belə mövzular üzərində çox düşünməyin insan həyatı üçün təhlükəli olduğuna inananlar da var.
Halbuki Allah insanların düşünməsini istəyir. Allah insanlara yaratdığı varlıqlar üzərində dərindən düşünməyi, beləliklə, Onun gücünü və qüdrətini daha yaxşı dərk etməyi, Ondan daha çox qorxub-çəkinməyi əmr edir.

Mübarizəyə hazırlaq

Bəzən insan orqanizminin daha güclü və daha möhkəm olması, adi şəraitdə olduğundan daha yüksək fəallıq göstərməsi lazım gəlir. Məsələn, bir təhlükə ilə qarşılaşdığı zaman insanın özünü qoruması və ya qaçması lazım gələn hallarda.
Bu qeyri-adi vəziyyətlərdə orqanizmdə zəruri tənzimlənmənin aparılması üçün əlbəttə ki, hər şeydən əvvəl ürəyin daha sürətlə döyünməsi və daha çox qan vurması lazım gəlir.
Bu cür hallar üçün də lazımi tədbir görülüb və insan orqanizminə başqa bir sistem yerləşdirilib. Adrenalin adlı bir hormon hər hansı bir fövqəladə vəziyyətdə böyrəküstü vəzilərdən ifraz olunur. Bu hormon molekulu - onun ölçüləri nəzərə alınanda - çox uzun bir səfər edir və ürək hüceyrələrinə çatır. Hormon ürək hüceyrələrinə “daha sürətli yığılmaq” əmrini verir (bax: Hormonal sistem bölümü). Böyrək üstündə yerləşən və bu hormonu hazırlayan hüceyrələr ürək hüceyrələrini tanıyır, ürək hüceyrələrinin hansı dili anladıqlarını bilirlər. Eyni zamanda orqanizmin daha möhkəm olması zərurəti, bunun üçün də ürəyin daha sürətlə döyünməsinin lazım olduğu şüuruna malikdirlər. Ürək hüceyrələri də bu əmrə itaət edir və daha sürətlə döyünməyə başlayırlar. Beləliklə, təcili hallarda insan orqanizminin ehtiyac duyduğu ekstra qan təmin edilir.

Ürəyin fəaliyyətindəki mühüm maddələr

Bu ana qədər ürəkdə mövcud olan elektronik sistemin quruluşundan bəhs etdik. Lakin bu sistemin qüsursuz quruluşunun fəaliyyət göstərə bilməsi üçün onun elektrik siqnallarına ehtiyacı var. Elektrik siqnallarının hazırlana bilməsi üçün isə qanın tərkibində olan natrium, kalium və kalsium ionları müəyyən bir nizamda olmalıdır. Bu maddələrin qandakı səviyyəsinin böyrək, bağırsaq, mədə, ağciyər kimi orqanlar tərəfindən nizamlandığını nəzərə alsaq, həmin sistemin təkamül kimi xəyali bir mexanizm nəticəsində meydana gəlməsinin qeyri-mümkün olması daha aydın şəkildə ortaya çıxır.
Ürəyin bura qədər gözdən keçirdiyimiz xüsusiyyətlərini nəzərə alaraq bir obrazı təsəvvür edək. Bəşər övladının ürəyə bənzəyən bir cihaz yarada biləcəyini qəbul edək. 70 il ərzində fasiləsiz olaraq fəaliyyət göstərən, öz enerjisini özü yaradan, qayğıya və hansısa hissəsinin dəyişilməsinə ehtiyacı olmayan, elektron bir sistem sayəsində iş sürətini və gücünü avtomatik olaraq nizamlayan qüsursuz nasos hazırlandığını təsəvvür edək. Əlbəttə ki, bu müvəffəqiyyət texnologiya, elmi inkişaf, planlaşdırma və uzun müddət davam edən proseslər nəticəsində əldə edilə bilər. Heç bir insan belə bir cihazın təsadüflər nəticəsində yarana biləcəyini düşünməz. Çünki bu, məntiqdənkənar bir fikir olardı.
Bunun əksinə olaraq burada qəribə bir həqiqət də var. Ürəyin təsadüfən yarandığını düşünmək belə bir nasosun və ya buna bənzər hər hansı bir texnologiya məhsulunun (məsələn, televizorun) təsadüfən mövcud ola biləcəyini düşünməkdən də böyük məntiqsizlik və şüursuzluqdur.
Hər şeydən əvvəl ürəkdə insan əməyinin məhsulu olan bir cihazdan da üstün bir texnologiya var. Lakin - bu, nə qədər qeyri-mümkün olsa da - ən əsası odur ki, ürəyin təsadüfən yaranmasının təkbaşına heç bir mənası yoxdur. Çünki bu halda ürəklə birlikdə minlərlə kilometr uzunluğundakı qan damarları, damarlarda olan qan mayesi, bu qanı süzən böyrəklər, qana oksigen verib karbondioksidi alan ağciyərlər, qanı qida ilə təmin edən həzm sistemi, bu qidaları təmizləyən qaraciyər, ürəyin fəaliyyətini nizamlayan sinir sistemi, orqanizmi vahid şəkildə idarə edəcək beyin, orqanizmi saxlayan sümük sistemi, ürəyin fəaliyyətinə kömək edən hormonal sistem və buna bənzər minlərlə amil də eyni zamanda yalnız bir təsadüf ucbatından yaranmalıdır. Lakin bu sayılanların hər biri heç bir təsadüflə izah edilə bilməyəcək şəkildə xüsusi bir quruluşa malikdir. Elə buna görə də təkamül müddəti nəticəsində ürəyin təsadüfən əmələ gəlməsi təsadüfən bir televizorun və ya başqa hər hansı bir texnologiya məhsulunun yaranması ilə müqayisə edilməyəcək qədər qeyri-mümkündür.
Burada çox aşkar bir həqiqət var. Ürək fəaliyyət göstərdiyi bütün sistemlərlə və başqa funksional hissələrlə birlikdə Allah tərəfindən yaradılıb.

16-Regina Avraham, The Circulatory System, The Encylopedia of Health, səh.13
17-Solomon, Berg, Martin, Villee, Biology, Saunders College Publishing, ABD, 1993, səh.890
18-Marshall Cavendish, The Illustrated Encyclopedia of The Human Body, Michael Cavendish Books Limited, Londra, səh. 70
19-Marshall Cavendish, The Illustrated Encyclopedia of The Human Body, səh.74
20-Marshall Cavendish, The Illustrated Encyclopedia of The Human Body, səh. 74-75
21-Marshall Cavendish, The Illustrated Encyclopedia of The Human Body, səh. 74-75
22-Curtis&Barnes, Invitation to Biology, Worth Publishers, Inc., New York, 1985, səh.415
23-Vander, Sherman, Luciano, İnsan FizyoloYisi, Bilimsel ve Teknik Yayınları Çeviri Vakfı, 1997, səh.222-228

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə