Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

Nitqin mənşəyi: təkamül fərziyyəsinin paradoksu

1115

Biz danışarkən fikirlərimizi nitq sayəsində nizamlı qəliblər və qarşı tərəfin anladığı mənalı ifadələrlə çatdırırıq. Bunların hər biri olduqca ixtisaslaşmış əzələ hərəkətləri və söz sıralaması tələb etdiyi halda, biz bunlara diqqət ayırmırıq. Biz sadəcə söhbəti “arzulayırıq”. 100-ə yaxın əzələnin uyğun şəkildə yığılıb-açılaraq səslər, hecalar və sözlər çıxarması və mübtəda, xəbər, zərflik kimi üzvlərin uyğun zamanda işlədilməsi nəticəsində qarşı tərəfin başa düşdüyü cümlələr ortaya çıxır. Bu qədər kompleks mərhələlərə əsaslanan bir istedadı istifadə etmək üçün bizim “arzulamaq”dan başqa, demək olar ki, heç bir şey etməməyimiz, nitqin bioloji formalarla məhdud istedad olmadığını açıq şəkildə göstərir.

İnsanın danışıq bacarığı təkamül prosesinin xəyali zərurətləri və ya xəyali mexanizmləri ilə izah oluna bilməyən olduqca mürəkkəb qabiliyyətdir. Təkamülçülər çox çalışsalar da, kompleks bir istedad olan nitqin sadə heyvani ünsiyyət formalarından  təkamül keçirdiyi iddialarına dəlil göstərməkdə tamamilə uğursuz olublar. Pensilvaniya Universitetindən Devid Premakın “insan dili təkamül nəzəriyyəsi üçün bir ləkədir”1 şəklindəki sözləri bu uğursuzluğu birmənalı şəkildə ortaya qoyur.

Məşhur dilçi Derek Bikerton insan nitqinin təkamülçüləri çətin vəziyyətə salmasının  səbəblərini belə yekunlaşdırmışdır:

“Danışıq insandan öncəki bir nəsildən gəlmiş ola bilərmi? Xeyr. Heyvanlardakı rabitə üsuluna oxşarlığı var? Xeyr. Heç bir meymun intensiv təhsilə baxmayaraq qrammatik qaydaların əsaslarına vaqif olmamışdır. Sözlər necə ortaya çıxdı, sözlərin düzülüşü necə ortaya çıxdı? Bu problemlər nitqin təkamülünün ürəyində yatır”.2

Yer üzündə mövcud olan bütün dillər mürəkkəbdir və təkamülçü alimlər bu mürəkkəbliyin mərhələli olaraq necə əldə edilməsinin xəyalını belə qura bilmirlər. İngiltərənin “ən fanatik təkamülçü bioloqu Riçard Dokinz”ə görə, ən primitiv kimi tanınan qəbilə dilləri də daxil olmaqla, dünyada hər bir dil yüksək dərəcədə mürəkkəbdir:

“Bu məsələdə ən bariz nümunə nitqdir. Heç kəs necə başladığını bilmir. Semantika, yəni sözlər və mənalarının mənşəyi də eyni dərəcədə mücərrəddir… Dünyadakı minlərlə dilin də  hamısı çox mürəkkəbdir. Bunun mərhələli olaraq inkişaf etdiyini düşünməyə meylliyəm, amma belə olmasının labüdlüyü tam aydın deyil. Bəziləri (nitqin) müəyyən bir yer və müəyyən bir zamanda yeganə bir zəka tərəfindən icad edildiyini və birdən başladığını düşünür”.3

V. K. Uilkins və C. Ueykfild adlı iki təkamülçü beyin tədqiqatçısı isə bu barədə belə deyirlər:

“Dil təkamülünün keçid mərhələləri ilə bağlı dəlil yoxdur. Buna baxmayaraq, alternativ fikirləri qəbul etmək çətindir. Əgər növə xas olan bəzi xüsusiyyətlər hissələrə ayrılmış şəkildə təkamül keçirmirsə, bu vəziyyəti izah etmək üçün iki yol görünür. Ya hələ kəşf etmədiyimiz bir güc, bəlkə də, İlahi bir müdaxilə ilə necə lazımdırsa, elə yerləşdirilib. Və ya növlərin inkişafında nisbətən ani bir dəyişikliyin, bəlkə də, bir növ spontan və geniş yayılmış mutasiyanın nəticəsidir. Amma belə təsadüfi bir mutasiyanın təsadüfi təbiəti bu iddianı şübhəli hala gətirir. Daha əvvəl bildirildiyi üzrə (Pinker və Blum, 1990), dil kimi mürəkkəb və görünüşə görə, vəzifələrinə bu qədər ideal şəkildə uyğun bir sistemə yol açan  mutasiyanın ehtimalı “yox” deyiləcək qədər azdır”.4

Əlbəttə, izah edə bilmədiyimiz, amma fərqində belə olmadan riayət etdiyimiz qrammatik qaydaları bizim inkişaf etdirmədiyimiz ortadadır. Qrammatik qaydaları hazır olaraq tapır və istifadə edirik. Çox mürəkkəb hesablama tələb etdiyi nəzərə alındığı zaman nitq  qaydaları insanı heyrətə salır. Elə buna görə də, bəzi insanlar üçün nitq qabiliyyətinin necə qazanıldığı böyük bir sirr olaraq qalır. Dünyanın ən məşhur bir neçə dilçisindən biri olan Noam Çomski bunu bu şəkildə ifadə edir:

“Nitqin formalaşması ilə əlaqədar olaraq bura qədər heç bir şey demədim. Səbəbi isə deyiləcək çox az şey olmağıdır. Kənardan görünən bir neçə məqamı çıxsaq, nitq, əsas etibarilə, sirdən ibarətdir”.5

Nitqin təkamülünün mümkünsüzlüyü barədə elm adamlarının, eləcə də, təkamülçü alimlərin etirafları nə qədər çox olsa da tez-tez bunu məqbul göstərməyə təşviq edən müxtəlif  spekulyativ informasiyalarla rastlaşırıq. Ona görə də, bəzi iddiaları araşdırmaq yerinə düşərdi, hansı ki, bu iddialarin elmi cəhətdən təkzibi bizə bir daha sübut edir ki, nitqin mənşəyi, həqiqətən də, sirli yaradılış möcüzəsidir.

“Gen dəyişdi, insanlar danışmağa başladı”

Bir zamanlar təkamülü təbliğ edən kütləvi informasiya vasitələrinin çoxu bir genin kəşfi ilə əlaqədar məlumatları təhrif etmiş, təkamül fərziyyəsini ayaqüstə tuta bilmək üçün bu kəşfdən sui-istifadə etmişdi.

Bu təbliğata əsasən, alimlər tərəfindən müəyyənləşdirilən FOXP2 adlı genin insanın danışmağını təmin etdiyi, meymunların da bu genə malik olmadıqlarına görə danışa bilmədikləri vurğulanırdı. Halbuki:

1) FOXP2 adlı gen insan nitqini yaradan bir amil deyildir. Alimlər bu gen ilə nitq arasında bilavasitə bir əlaqə olmadığını deyirlər.

2) Meymunların danışa bilməməsinin yeganə səbəbi bu deyildir. Çünki danışa bilmək üçün mühakimə, şüur, zəka, düşüncə, anlayışlar arasında əlaqə yaratmaq kimi ağla xas xüsusiyyətlərin və onlarla anatomik xüsusiyyətin bir yerdə olması lazımdır. Bunların heç biri meymunlarda yoxdur.

Təkamülçülər sadəcə insana məxsus olan şüurlu nitq qabiliyyətinin sanki tək bir gendəki bir mutasiyadan asılı, bəsit xüsusiyyət kimi göstərmək və bu minvalla da, “meymunlarla aramızda sadəcə bir gen fərqi var, onlar da əgər bir dənə bu mutasiyanı keçirsəydilər, insan olacaqdılar” təəssüratı yarada bilmək üçün elmi kəşfləri yanlış şərh edərək oxuculara çatdırırlar. Aşağıda təkamülçülərin cəmiyyəti aldatmağa çalışdığı mövzulara elmi şəkildə izahat verilmişdir.

İNSANLARIN NİTQ BACARIĞI FOXP2 ADLI GENDƏN ASILI DEYİL

FOXP2 geni ilə bağlı araşdırmanı aparan elm adamlarından biri olan Maks Plank İnstitutu Təkamül Antropologiyası şöbəsindən araşdırmaçı Svante Paabo FOXP2 geninin danışmaq qabiliyyətinə səbəb olduğuna inanılmadığını, amma bu genin insanlara danışmağı daha başa düşülən hala gətirən xüsusiyyətləri (üz əzələləri ilə əlaqədar) təmin etdiyinin düşünüldüyünü  bildirir.6

Nyu-York Universitetindən antropologiya professoru Todd Disotell isə sözügedən gen haqqında bu şərhi verir:

“Bu gen və insan nitqinin meydana gəlməyindəki əlaqə sübut edilmədi. Göstərə bildiyim ən yaxşı oxşarlıq belədir: əzələ əriməyinə cavabdeh olan geni tapdıq və bu, necə yeridiyimizə təsir edir. Bəzi insanlarda bu mutasiyanın meydana gəlməyi bəhs olunan geni yeriməyə cavabdeh edərmi? Yox”.7

MEYMUNLAR FOXP2 GENİNƏ SAHİB OLSAYDILAR, YENƏ DƏ DANIŞA BİLMƏZDİLƏR, ÇÜNKİ AĞILLARI YOXDUR

Araşdırmanı aparanlardan Svante Paabo insanların “əgər meymunlarda FOXP2 geni olsaydı, onlar da danışa bilərdilər” səhvini edəcəklərini yəqin edərək bu açıqlamanı vermişdir:

“İnsanlar bunu (FOXP2) bir şimpanzenin içinə yerləşdirsək, şimpanzenin danışacağını deyə bilərlər. Məncə, bu, düzgün deyil, danışıq qabiliyyəti bundan daha çox kompleksdir”.8

Dil ancaq əskiksiz olanda funksional olan kompleks anatomik yaradılışın nəticəsidir. Bir insanın danışmağı üçün uyğun quruluşda dilə, qırtlağa, səs tellərinə, ağciyərə, diafraqmaya, dişlərə, damağa, dodaqlara, üz əzələlərinə, bunları idarə edən beyinə, beyində danışmağa cavabdeh olan xüsusi paylara, bu hissələrin hafizə ilə qurduqları mürəkkəb rabitəyə ehtiyacı var. Amma bu fiziki sistemlərin mövcudluğu da kifayət deyil. Sözlər arasında əlaqəni qurmaq üçün məntiq sisteminə və bunlardan daha vacib, sistemi kontrol edən, məntiqli, axıcı danışan, digər insanlarla münasibət quran, istək və duyğularını sözlərlə ifadə edən, hamısından qabaq, bu hazır sistemi şüurlu istiqamətdə istifadə edən zehinə, ruha ehtiyac var. Bu nöqteyi-nəzərdən nitq mövzusunda təkamülçülərin niyə ümidsiz olduqları daha yaxşı başa düşülür.

Linqvist Elizabet Beyts “mutasiyaların danışmağa səbəb olduğu” kimi bir hadisənin qeyri-mümkünlüyünü Böyük Partlayışın (Big Bang) təsadüfən meydana gəlməyi kimi bir qeyri-mümkünlüyə bənzədir:

“Əgər dilin təməl quruluş prinsipləri öyrənilə və çoxaldıla bilməsə, varlıqlarını açıqlamaq üçün 2 ehtimal var: ya kainatın qrammatikası bizə birbaşa Yaradıcı tərəfindən bəxş edilib, ya da sadəcə bizim növümüz Böyük Partlayışın nəzəri analoqu olan tayı görülməmiş ölçüdə bir mutasiya keçirib”.9

Linqvist Noam Çomski “Nitq və Zehin” adlı kitabında danışığın təkamüllə inkişaf etdiyini və heyvanlarda da bu sistemin mövcud olduğunu düşünənlərə qarşı fikirlərini belə çatdırır:

“Görünən odur ki, insan dili bütövlükdə fərqli qanunauyğunluqlara söykənir. Bu, insan dilinə təbii, bioloji bir görüntü kimi yanaşanların çox vaxt gözardı etdikləri vacib bir məqamdır: xüsusilə, insan dilinin daha sadə sistemlərdən təkamül edərək inkişaf etməsi mövzusunda edilən uydurmalar, buna görə, çox mənasız görünür. Haradasa, atomların ilkin zərrəciklərin əmələ gətirdiyi buludlardan “təkamül keçirərək” inkişaf etdiyi mövzusundakı uydurmalar qədər mənasız olur. Başa düşdüyümüz qədərilə, insan nitqinə sahib olmaq xüsusi bir zehni quruculuq ilə əlaqəlidir… İnsan nitqinin heyvan dünyasının başqa bir yerində rast gəlinəcək bir şeyin sadəcə daha mürəkkəb nümunəsi olduğu fikrinin hansısa bir əsası olduğu görünmür”.10

Təkamülçülərin nitqin pilləli inkişafı fərziyyələri isə hər şeydən əvvəl dilin quruluşuna ziddir. Çünki nitqi əmələ gətirən qaydalar bütövlüyün ayrılmaz hissələridir. Hissə-hissə və ya sadədən mürəkkəbə doğru sıralana bilməzlər, ancaq hamısı eyni zamanda, bir yerdə mövcud olduğu zaman bir quruluş ve funksiya əldə edərlər. Yəni yarımçıq nitq ola bilməz. Linqvist Elizabet Beyts bu həqiqəti dilə gətirir:

“Bir canlı orqanizm üçün yarım simvol və ya dörddə bir qayda nə məna kəsb edir? İşarələr, mütləq qaydalar və modulyar sistemlər bütöv olaraq qazanılmalı idi. Bəli və xeyr kimi dəqiqlik tələb edən bu vəziyyət bir yaradılışı elan edir”.11

Məşhur nevroloq Dikondan bu mövzuda sitat gətirmək yerinə düşərdi:

“Bu, həqiqi bir sirdir. Bu ən yumşaq kriteriyalar altında belə digər növlər arasında başqa bir çox münasibət forması olmağına baxmayaraq, istifadə olunmuş sadə nitqlər niyə yoxdur?”12

Linqvistikanın dahisi Noam Çomskinin dediyi kimi, bu, bir inancdır və təkamülçülər elm tamamilə əksini göstərsə də, inanclarına bağlılıqlarını davam etdirməyə çalışırlar. Çomskinin bu sözləri ibrətamizdir:

“Cavabı olmayan yenə bir sual var. Cavabı olsaydı, təəccüblü olardı. Bunu ən asan yolla təkamül haqqındakı bir sehrli nağılla açıqlaya bilərik. (Bu nağıla görə,) ətrafda bizim kimi hiss və hərəkət təchizatı və eyni qavrayışa malik olan bir primat var. Bizimlə eyni fikirləri düşünür, lakin danışmaq qabiliyyəti yoxdur. Yəni nitqi olmadan bizim fikirlərimizi düşündükcə düşünür. Bizim niyyətimizə və məqsədlərimizə sahibdir. Bizim səs və idrak dizaynımıza sahibdir. Sadəcə nitq bacarığı yoxdur. Sonra bəzi hadisələr baş verir. Kosmik şüalar ola bilər. Bəzi mutasiyalar ola bilər və beyni elə bir istiqamətdə yenidən dizayn edilər ki, planlaşdırma, duyğu və hərəkət forması, qavrayış quruluşu dəyişməz, ancaq bir dil qabiliyyəti  yerləşdirilər…”13

“Walkie-talkie” nəzəriyyəsi və təkamülçülərin çürük məntiq yürütmə metodları

İndi də Merilend Universitetindən Robert Pruvayn adlı araşdırmaçının ortaya atdığı “walkie-talkie” (ingiliscə “gəzmək” və “danışmaq” sözlərindən törədilmişdir) nəzəriyyəsindən bəhs edək. Bu nəzəriyyəyə görə, kompleks nitq sistemi insanın dik yeriməsi ilə başlayıb. Dik yeriş olmadan nitq üçün vacib olan nəfəs alma forması mümkün olmadığını deyən Pruvayn insanın ilk öncə yerişinin, sonra da dilinin təkamül keçirdiyini irəli sürür. Bu, klassik bir təkamülçü üslubundakı “sübutsuz məntiq yürütmə”dir. Pruvayn əlində heç bir dəlil olmadığına baxmayaraq əvvəlcə insan dilinin təkamüllə ortaya çıxdığını qəbul edir, sonra da bu ön-mühakiməyə əsaslanaraq əlindəki məlumatları dəyərləndirir: “Danışan insanın dik durması labüddür. Hər şey təkamüllə meydana gəldiyinə görə, deməli, öncə dik dayanmağın təkamülü həyata keçdi, ardından da dilin təkamülü”. Bu cür doqmatik bir məntiq ilə hər araşdırmaçı əlindəki məlumatları fərqli şərh edə bilər. Ancaq bu şərhlər elmi dəlillərə görə yox, o araşdırmaçının əvvəlcədən müəyyənləşdirdiyi və istədiyi nəticəyə görə dəyişir.

Problem isə bu ssenarilərin hamısının istinad etdiyi təkamül fərziyyəsinin təməldən çürük olmağıdır. İnsanın təkamüllə meydana gəldiyinə dair heç bir dəlil yoxdur. İnsana aid hər xüsusiyyət digəri ilə vəhdət təşkil edir, insanın digər bütün canlılar kimi hər bir hissəsinin  bir-birilə uyğun yaradılışla yaradıldığı aşkardır. Ona görə də, insanın dik duruşu və ya nitq kimi xüsusiyyətlərindəki incəliklər sahib olduğu bənzərsiz yaradılışın sadəcə bir parçasıdır.

“İlk öncə kişi danışdı” iddiasının cavablandıra bilmədiyi sual

Bu iddianı ortaya atan Britaniya Akademiyası professorlarından Tim Krou “The Speciation of Modern Homo Sapiens” (“Müasir Homo Sapiensin Növləşməsi”) adlı kitabında nitq qabiliyyətinin kişinin Y xromosomunda mövcud olan protokadherinXY adlı gendə meydana gələn bir dəyişiklik nəticəsində ortaya çıxdığını irəli sürür.

Halbuki danışmaq kimi olduqca kompleks və şüur tələb edən bir qabiliyyətin sadəcə genlərdəki mutasiyalarla təmin olunmadığı aydındır. 2002-ci ilin avqustunda FOXP2 adlı genin insanın nitqinə səbəb olduğu iddia edilmişdi. Belə başa düşülür ki, hər araşdırmaçı öz kəşf etdiyi geni nitqin və ya başqa bir xüsusiyyətin əsas səbəbi olaraq görməyi xəyal edir.

Təkamülçü elm adamları belə insanın nitq qabiliyyətinin təkcə bir gendəki mutasiya  ilə meydana gəldiyi fikri ilə razılaşmır, ancaq bu xüsusiyyətin insanlara Yaradıcının verdiyini qəbul etmədikləri üçün çıxış yolu tapa bilmədiklərini qeyd edirlər. KİV-lərdə arabir “insanı danışdıran gen tapıldı” kimi başlıqlarla çıxan xəbərlər isə elmi deyil; bunlar oxucuya təkamül nəzəriyyəsini və insanın təsadüflərin əsəri olduğu nağılını aşılamaq üçün ötürülən boş spekulyasiyalardır. FOXP2 və protokadherinXY adlı genlərə bağlı iddialar bunun ən məşhur nümunələrindəndir.

“İnsan əvvəlcə xırıldadı, sonra danışdı” nağılı

Başqa bir iddia isə insanın əvvəlcə heyvanlara bənzər ara formalı nitq nümayiş etdirdiyi, xırıldama kimi səslər çıxardığı və sonra bu səslərin kəlmələrə çevrildiyidir. Bu iddia da yenə elm adamları tərəfindən qəbul edilmir. Fransız biokimyaçı Jak Mono “Təsadüf və Məcburiyyət” adlı kitabında təkamülçü olmağına baxmayaraq bu tezisin yanlışlığını belə izah etmək məcburiyyətində qalmışdır:

“Çağdaş dilçilər simvolik dilin heyvanların istifadə etdiyi müxtəlif əlaqə üsullarına (eşitmə, görmə, toxunma və s.) sadələşdirilə bilmədiyi təəssüratı üzərində qərarlılıq göstərirlər. Şübhəsiz, bu, düzgün davranışdır”.14

Havay Universiteti linqvistika professoru, təkamülçü Derek Bikerton uzun araşdırmalardan sonra nitqin mərhələlərlə əmələ gəlməsinin qeyri-mümkün olduğunu bu cür açıqlamışdır:

“Araşdırılan həqiqətlər nitqin mərhələ-mərhələ ibtidai bir nitqdən inkişaf etmədiyini və bir ara keçid formasının olmadığını göstərir. Əgər belədirsə, sintaksis və qrammatika bir anda və bütöv ortaya çıxmış hesab olunur…”15

Bu isə, insan nitqinin  ilk insanla birlikdə yaradıldığını göstərir. Allahın yaratdığı ilk insan olan Hz. Adəmə kəlmələri Allah öyrətmişdir və o gündən etibarən hər insan nitq qabiliyyəti ilə birlikdə doğulur.

Bonobo Kanzi və təkamülçülərin puç olan ümidləri

Təkamülçülərin ümid yeri, şübhəsiz, danışmaq və anlamaq qabiliyyəti qazandırmağa cəhd etdikləri meymunlar olmuşdur. Amma uzun müddət əvvəl bu fəaliyyətlər uğursuzluqla nəticələndi. Təkamülçülərin ən “bacarıqlı meymunlarından” biri olan bonobo Kanzinin bəzi sözlərin simvollarını tanıdığı bildirilirdi.

Əksər elm adamları isə bonobo Kanzidən gözlədikləri nəticəni almadıqlarını etiraf edirlər. Məsələn, bir qrup elm adamı bu barədə belə deyir:

“Bu təcrübələrin bəzi “ulduzları”, məs., dişi qorilla Koko (Patterson, 1978) və erkək bonobo Kanzi (Sevic-Rambo, Şenker & Teylor, 1998) hər nə qədər nəzərəçarpan bir öyrənmə qabiliyyəti nümayiş etdirsələr də, kompleks ardıcıl quruluşları öyrənməkdə problem yaşayırlar… Meymunlara dil öyrətmək mövzusunda ilk təcrübələrdə insan olmayan primatlara həqiqi insan dili öyrədilməyə çalışıldı (məs., Kelloqq & Kelloqq, 1933). Heyvanlarla insan körpələr və kiçik uşaqlarla danışıldığı kimi danışıldı. Amma bu yanaşma sonradan uğursuzluqlara görə tərk edildi”.16

TƏBİƏTDƏKİ ƏN ZƏKALI CANLILAR ŞİMPANZELƏR DEYİL

Mətbuatda tez-tez rastlaşdığımız “danışan meymun”, “insan kimi alət istifadə edən meymun” xəbərləri, əlbəttə ki, çaşdırıcıdır və ictimaiyyətə “meymunların insanlara çox yaxın qohum olduğu”nu aşılamaq məqsədi daşıyır. Halbuki bir çox heyvan növü müxtəlif bacarıq və xüsusiyyətlərə sahibdir, amma heç kim bu heyvanların insanın yaxın qohumu olduğunu iddia etmir, çünki ideologiyalarına düz gəlmir.

Məsələn, 9 Avqust 2002-ci ildə “Science” jurnalında dərc olunan bir araşdırmada Oksford zooloqları adi qarğaların meymunlardan daha zəkalı və bacarıqlı olduğunu göstərən fəaliyyətin nəticələrini yayımladılar. Oksford Universiteti zooloqları tərəfindən aparılan təcrübə əsnasında sadə və əhliləşdirilməmiş bir qarğa özü bir məftili bükərək qarmaq formasına saldı və bu qarmağı istifadə edərək şaquli şəkildə borunun içərisinə yerləşdirilmiş yeməklə dolu vedrəni götürməyə müvəffəq oldu.

“Science” jurnalı təcrübə barədə bu sözləri yazmışdı:

“Primatlar çoxistiqamətli və kompleks alət istifadə edənlər olaraq tanınır, ancaq Yeni Kaledoniya qarğaları (Corvus moneduloides) üzərində aparılan müşahidələr bu quşların alətlərlə bağlı koqnitiv fərasətdə primatlara rəqib olduğunu göstərdi…”

BBC bu mövzunu təqdim edərkən  qarğaların “ən yaxın qohumlarımızı” pərt etdiklərini, çünki qarğaların alət hazırlamaqda şimpanzelərdən daha qabiliyyətli olduğunu yazırdı.17 Oksford Universitetindən davranış ekologiyası professoru Aleks Kaçelnik isə “təəccübləndirici məqam (qarğanın) heç bir təlim keçməməsi idi”,- dedi.

Prof. Kaçelnik başqa şərhində isə belə deyirdi:

“İnsanların quşlardan daha yaxın qohumları olan primatlarla aparılan təcrübələrdə hər hansı məqsədlə, xüsusi alət hazırlanmasına rast gəlinməmişdi. Haqqında danışılan qarğalar sadəcə bizim təsəvvür etdiyimizdən  daha ağıllı deyil, eyni zamanda alətlər barədə şimpanzelərdən daha yüksək təfəkkürə sahibdirlər”.18

Bəzi canlılar üzərində aparılan təcrübələr nitqin ancaq insana xas olduğunu sübut etmişdir

Gəlin insanlar ilə heyvanlar arasındakı böyük uçuruma toxunaq. Təbiətdə nitq qabiliyyətinə malik yeganə canlı insandır. Əgər təkamül nəzəriyyəsinin iddiası doğru olsaydı, yəni insan inkişaf etmiş bir heyvan olsaydı, onda heyvanların da yetərsiz və primitiv də olsa bir nitq qabiliyyətinə malik olmalarını güman etmək olardı. Lakin araşdırmalar bunun tam əksini göstərir. Meymunlar üzərində illərlə aparılan işlər uğursuzluqla nəticələnmiş və insandan başqa heç bir canlının bu xüsusiyyətə malik olmadığını ortaya qoymuşdur. Noam Çomski bu uğursuzluqların səbəbini “heyvanlara nitq bacarığının öyrədilməsi irrasionaldır və insanlara qollarını açıb-yığaraq uçmağı öyrətməyə bənzəyir” şəklində ifadə etmişdir.19

Heyvanların nitq qabiliyyətinə malik olduğu istiqamətindəki iddia və dırnaqarası dəlillər dilçilik ədəbiyyatında “Ağıllı Hans təsiri” olaraq adlandırılır.20

Bu ifadə uzun müddət əvvəl Hans adlı bir atın saymağı bacardığına dair hadisəni əks etdirir. Sözügedən hadisə I Dünya Müharibəsi ərəfəsində alman ordusunda baş verib. Hans adlı atın tərbiyəçisi olan Vilhelm fon Osten atının, həqiqətən də, saydığına inanırmış. Fon Osten iki rəqəm deyəndə at ayağı ilə həmin iki rəqəmin cəmi olan saya çatana qədər yerə vururdu. Atın, əslində, ədədləri saymadığında razılığa gəlinənə, yəni 1907-ci ilə qədər Hans Berlinin iftixar mənbəyi olmuşdu. At, əslində, fon Ostenin üzündə yaranan ifadədəki anlıq dəyişikliklərlə, ayağını vurmaqla yerkökü qazanma arasında bir əlaqə qurmuşdur. Fon Osten isə fərqində olmadan üz əzələlərini Hans düzgün ədədə çatanda büzürmüş.

Tomas Sebeok adlı dilçi 1986-cı ildə keçirdiyi konfransla meymunları danışdırmaq təcrübələrinin hamısının  “ağıllı Hans” hadisəsi kimi olduğunu göstərmişdir.

Digər bir çox heyvan sahiblərinin də bəslədikləri heyvanları “fövqəladə ağıllı”, “zəkalı” kimi qiymətləndirdiklərinin şahidi oluruq. Məşhur dilçi Stiv Pinker bu məsələdə heyvanlarla uzun müddət birlikdə olan şəxslərin onlarla ünsiyyət qurmaq məsələsində həddindən artıq nikbin düşündüklərini bildirir.21

Bu həqiqətlər nitqin yalnız insana xas olduğunu göstərir. Bəs insanlar nitq qabiliyyətinə necə sahib olublar? Təkamül nəzəriyyəsi hər şeyi mutasiyalarla izah etməyə çalışdığı üçün bu məsələdə də eyni iddiaya əl atır: təkamülçü alimlərə görə, danışmaq insan beyninə təsir edən mutasiyaların (genetik dəyişikliklərin) nəticəsində ortaya çıxmalıdır. Bu, bir radioya təsir edən elektrik cərəyanının onu televizora çevirdiyini iddia etmək kimidir.

Belə ki, Havay Universitetindən təkamülçü, dilçilik professoru olan Derek Bikerton nitqin təsadüfdən asılı olan mutasiyalarla inkişaf etdiyi tezisinin “inanılmaz” olduğunu belə qəbul edir:

“Yuxarıda araşdırılan həqiqətlər nitqin addım-addım ilk nitqdən inkişaf etmədiyini və bir ara mövqenin olmadığını göstərir. Əgər belədirsə, sintaktis bir anda, bütöv ortaya çıxmalıdır. Ən mümkün səbəb beynin funksional strukturuna təsir göstərmiş ehtimalı olan bir növ mutasiyadır. Mutasiyalar təsadüflərdən asılıdır və faydalı olanları çox seyrək olduğu üçün bir çox mutasiya baş verdiyi arqumentinə inanmaq çətindir”.22

Bikertonun sözlərindəki “sintaktis bir anda və bütöv ortaya çıxmalıdır” ifadəsi də olduqca əhəmiyyətlidir. Bu, insana danışıq qabiliyyətini Allahın verdiyi yönündəki bir etirafıdır, əslində.

Təkamülçülər insan nitqinin təkamülünə dair bircə fakt belə olmadığını bilir, ona görə də, bu barədə xəyallar qururlar. Elmin sübutlara ehtiyacı var, lakin xəyalların isə yoxdur. Belə ki, hər istəyən təkamülçü istədiyi bir “təkamül tarixi” xəyal edib yazır.

Neandertallar danışmağı bacarırdı, yoxsa qırıq-qırıq səslər çıxarırdılar?

İnsanın danışmaq qabiliyyətinin təkamül keçirdiyini iddia edən bəzi təkamülçülər dildəki inkişafın kəllə sümüyünün aşağı hissəsinin quruluşu  ilə əlaqədar olduğunu müdafiə edir. Bu tezisə görə, kəllənin alt hissəsi məməlilərin əksəriyyətində düz olduğu halda, insanlarda  nəzərə çarpan qədər qövsvaridir və bu xüsusiyyət insanın danışıq tutumunu göstərir. Halbuki bu iddia sonrakı illərdə aparılan araşdırmalarla tamamilə qüvvədən düşdü.

Kəllənin alt hissəsi haqqındakı bu təkamülçü iddia keçmişdə bir sıra yanlış fikirlərin yayılmasına səbəb olmuşdu. Məsələn, Libermanın 1971-də  dərc olunan bir tədqiqatında Avropa neandertallarının bugünkü insan  kimi bir dilə sahib olduqları rədd edilmişdi. Buna dəlil olaraq da bir mağarada (La Şapel-o-Sen) tapılan Neandertal kəllə sümüklərinin rekonstruksiyaları göstərilmiş və rekonstruksiya kəllə sümüklərinin alt hissələrinin düz olması səbəbindən neandertalların danışa  bilmədikləri müdafiə edilmişdi. Hətta bu səbəbdən, neandertalların bir insan qrupu olmadıqlarına inanılmışdı.

Təkamülçülərin kəllənin alt bölgəsinin şəklinə baxaraq dilin təkamülü ilə  bağlı bir nəticə çıxarmağa çalışması öz aralarında da fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Məşhur təkamülçü Riçard Liki “İnsanın Mənşəyi” adlı kitabında bu iddianın özündəki bəzi ziddiyyətləri belə açıqlamışdır:

“Bu təkamül sırası içində açıq bir paradoks görürük. Kəllə əsaslarına (basicranium) qalsa, neandertalların söz bacarıqları özlərindən yüz minlərlə il əvvəl yaşamış olan digər arxaiksapienslərə görə daha geridədir. Neandertallarda kəllə əsası əyriliyi, Homo erectusdan belə daha aşağı səviyyədə idi. Neandertallar geriləyərək əcdadlarına görə nitq qabiliyyətlərini itirimişdirlərmi? Bu cür təkamül  geriləməsi o qədər də mümkün görünmür; bu cür başqa heç bir nümunə görə bilmirik”.23

Likinin sözlərindən də göründüyü kimi, belə bir iddia təkamül nəzəriyyəsinin xəyali ssenarisi olan, getdikcə primitivdən mürəkkəbə doğru təkamül yaşayan bir insan modelinə uyğun gəlmir. Bundan başqa, düzyerişli insanlarla (Homo erectus) neandertalların bir yerdə yaşadıqları, bir-birinə bənzər alətlər istehsal etdikləri, sənət əsərləri hazırladıqları  nəzərə alınarsa, bir irqin malik olduğu informasiya tutumuna digərinin sahib olmaması məntiqli bir nəticə deyil. Üstəlik, sonrakı sətirlərdə də görəcəyimiz kimi, tədqiqatlar həm neandertal, həm də Homo erectusların danışa bildiyini ortaya qoyur.

Skelet qalıqları neandertal səs tellərinin hal-hazırkı insanlardakı kimi  səsləri çıxarmağa uyğun olduğunu göstərmişdir. Xüsusilə, kəllə sümükləri üzərində aparılan anatomik tədqiqatlar nitq qabiliyyətinin Homo erectusda da, neandertalda da mövcud  olduğunu nümayiş etdirir.

Alim R. L. Hollouvey də bir vaxtlar indiki insana görə “ibtidai” və “natamam” kimi səciyyələndirilən neandertal skeletini yenidən araşdırmış və “Yazıq neandertal beyni: istədiyin kimi istifadə et” başlıqlı hesabatında neandertalların “bədən strukturu baxımından bizdən heç bir əsas əskikliyi olmayan, tamamilə Homo (insan) xarakterli” bir insan irqi olduğunu bildirmiş və “neandertalların dili var idi” şəklindəki qəti qərarını açıqlamışdır.24

Bir başqa təkamülçü tədqiqatçı Filipp Liberman da tapıntılar qarşısında Neandertalların dildən məhrum olmadığını qəbul edir. Bir araşdırmasında neandertalın  nitq qabiliyyəti ilə bağlı belə deyir:

“Bu məsələdə hər cür yayımda da işarə etdiyim kimi, klassik neandertal üst qırtlaq səs bölgəsi danışmağa əlverişli olmalı idi. Bundan başqa, neandertal mədəniyyətinin arxeoloji sübutları bəzi dil formalarına malik olduğu fikrinə uyğundur. Bar-Yosef və dostları tərəfindən açıqlanan yeni göstəricilər də bu nəticələri dəstəkləyir”.25

Tədqiqatçılara görə, fərqli səslər müxtəlif dil hərəkətləri tələb etdiyindən, daha geniş dil sinirlərini daşımaq üçün insan kəllə sümüyünün daha geniş dilaltı kanallara malik olmağı labüddür. Bu fikirdən yola çıxaraq bir qrup elm adamı insan, quyruqsuz meymun və “hominid” skelet sümükləri ilə dilin hərəki sinirlərini idarə edən qələm ölçüsündəki dilaltı kanalını araşdırıblar. Nəticə olduqca heyranedicidir: neandertallardakı kanallar müasir insandakı ilə eynidir.

Riçard Key, Matt Kartmill və Mişel Balou adlı tədqiqatçılar avstralopiteklərin üç növünün, iki neandertalın və bir erkən Homo sapiens növünün, həmçinin şimpanze, qorillaların və insanların dilaltı kanallarının plastik qəliblərini hazırlayıblar.26 Bu qəlibləri araşdıranda, insanlarda olan kanalların şimpanzedə olan kanallardan iki qat daha geniş olduğunu müşahidə etmişlər. Avstralopiteklərin  kanalları quyruqsuz meymunlardakı ölçülərlə eyni, neandertalın kanalları isə insanların sahib olduğu ölçülərdədir.

Bu nəticə avstralopitekin bir meymun növü olduğunu, insanın anatomik quruluşu ilə heç bir əlaqəsinin olmadığını bir daha ortaya çıxarmaqla yanaşı, neandertalların  quruluşunun müasir insana nə qədər bənzədiyini də göstərmişdir. İki irqin kanallarındakı oxşarlıq, həmçinin neandertalın danışmağı bacardığını da sübut etmişdir.

Başqa bir  vacib  məqam da Dyuk Universitetində araşdırmaları davam etdirən elm adamlarının nəticələri ilə daha əvvəl neandertal kəllə sümüyündəki səs (vokal) bölgəsini ölçən elm adamlarının gəldiyi nəticələrin bir-birilə uzlaşmamasıdır.27 Bu araşdırma ilə yanaşı, daha əvvəl etdikləri ölçmələrə əsasən, neandertal və Homo erectusların insanların çıxardığı səslərin hamısını bacarmadığını iddia edən təkamülçü tədqiqatçıların bir daha yanıldığı başa düşülmüşdür. Homo erectusların danışdığına dair başqa dəlillər də var. L. A. Şeparts Homo erectusların danışığı ilə bağlı bunları yazıb:

“Leytman və digərlərinin kəllə sümüyündəki cizgi araşdırmaları üst qırtlaq səs bölgəsinə aid araşdırmalarla eyni nəticəni göstərib. Kəllə cizgisi araşdırmaları və eyni zamanda arxaiksapienslərin (ya da erectusların) fosil nümunələri onların müasir insanlarınkı kimi nitq qabiliyyətinə malik olduqlarını göstərir”.28

Bütün bu tədqiqatlar və əldə edilən nəticələr dilin təkamülünü müdafiə edən elm adamlarının bu sualı cavablandırmalı olduğunu göstərir: neandertallardakı kimi qırtlağa və kanallara malik olan müasir insanlar nitq qabiliyyətinə sahib olduğu halda, neandertallar danışa bilməyib iddiası nəyə əsaslanır? Yeganə cavab təkamül nəzəriyyəsinə olan kor-koranə bir bağlılıqdır.

Təkamülçülər nağıl danışmaqdan bezmirlər

Nitq qabiliyyətinə “mənim kürəyimi qaşısan, mən də sənin kürəyini qaşıyaram” prinsipinin təkan verdiyini qeyd edən alim Derek Bikerton bu köməkləşmənin ovda da uğur gətirdiyini vurğulayır. Sürü ilə ovlanma prosesində vurulan ov sürü dalınca qaçan köməkçilər ilə bölüşdürülməsə, bu insanların sonrakı ova dəstək verməyəcəyini irəli sürən Bikerton “kim nə qədər kömək etdi, kim nə qədər pay aldı”,- deyə ilk insanların yaddaşlarını gücə saldıqlarını və bu sayədə beyin həcmlərini inkişaf etdirib, nəticədə, nitq qabiliyyətini qazandığını irəli sürür.

Bəlkə bu sətirləri diqqətsiz oxuyan bəzi insanlar “elmi” bir tezislə qarşılaşdıqlarını zənn etmiş olarlar. Halbuki diqqət edirsinizsə, bütün bu ssenari, sadəcə, xəyal məhsuludur və elm ilə heç bir əlaqəsi yoxdur. Bu ssenarini yazan “elm adamı”nın təsvir etdiyi “ov edən, amma danışmayan, yaddaşı gücə salaraq yavaş-yavaş danışan” insanlara dair dəlili varmı? Qalıqlarda belə bir iz tapıbmı? Və ya belə bir proses baş verdiyinə dair bir mağara rəsmi, heroqlif, ya da qədim bir yazıya rast gəlibmi? Belə bir prosesin indi də təbiətdə baş verdiyini müşahidə edibmi? Əlbəttə, bunların heç biri olmayıb. Ssenarinin sahibi yalnız xəyal qurub.

Nəticə

Əslində, bütün təkamülçü və materialist ədəbiyyat məqalədə gözdən keçirdiyimiz nağıllarla doludur. Bu nağılların ən incə məqamlarını yazanların başında isə Karl Marksla birlikdə kommunizmin banisi olan Fridrix Engels gəlir. Engels 1884-cü ildə nəşr olunan “Ailənin, Xüsusi Mülkiyyətin və Dövlətin Mənşəyi” adlı kitabında “Tarix Öncəsi Sivilizasiyalar” başlığı altında belə yazır:

“1-ci: Aşağı mərhələ. İsti və mülayim meşələrdə, hələ ibtidai sığınacaqlarda, heç olmasa, qismən ağaclar üzərində (böyük yırtıcı heyvanlara qarşı qoruna bildiyini yalnız belə açıqlamaq olar) yaşayan insan növünün uşaqlığı. Qabıqlı və ya qabıqsız bəhrələrlə və köklərlə qidalanırdılar. Bu dövrün əsas nəticəsi hecalı dilin ortaya çıxışıdır. Tarixi dövr boyunca məlum olan bütün xalqlardan heç biri bu primitiv vəziyyət içində yaşamırdılar. Minlərlə il davam etdiyinə baxmayaraq, bu vəziyyəti bilavasitə şahidlərlə göstərə bilmirik. AMMA BİR DƏFƏ İNSANIN HEYVANDAN ƏMƏLƏ GƏLDİYİ QƏBUL EDİLƏNDƏ, BU KEÇİD DÖVRÜNÜN QƏBUL EDİLMƏSİ DƏ LABÜD olur”.29

Qısası, Engels “ibtidai insan” nağıllarının heç bir elmi əsası olmadığını, ancaq “bir dəfə insanın heyvandan gəldiyi qəbul ediləndə” bu nağılları da yazmaq və bunlara inanmağın zərurətdən olduğunu ifadə edir. Bu məqalədə yazılanlara dünyanın hər yerindəki darvinist mənbələrdə rast gələ bilərsiniz. Yazılan elmi dəlillərdən də məlum olduğu kimi, bütün “ibtidai insan” nağıllarının və saxta rəsmlərin heç bir elmi əsası yoxdur.

 

MƏNBƏLƏR:

  1. Swisher III, Roger Lewin, Java Man, Abacus, London, 2002, p. 205
  2. Derek Bickerton, “Babel”s Cornerstone,” New Scientist (vol. 156, October 4, 1997), p. 42
  3. Richard Dawkins, Unweaving the Rainbow (Boston, Houghton-Miflin Co., 1998), p. 294
  4. Wilkins, W.K. & Wakefield, J. (1995). Brain evolution and neurolinguistic preconditions. Behavioral and Brain Sciences 18 (1): 161-226
  5. Noam Chomsky, Powers and Prospects, p.16.
  6. CBS, “Language Gene Identified”, 15 Ağustos 2002;
  7. CBS, “Language Gene Identified”, 15 Ağustos 2002;
  8. CBS, “Language Gene Identified”, 15 Ağustos 2002;
  9. Bates, D. Thal., V. Marchman, Symbols and Syntax: A Darwinian approach to language developement, In Krasnoger et al, 1991. 
  10. Noam Chomsky, “Dil ve Zihin”, səh. 112.
  11. Bates, D. Thal., V. Marchman, Symbols and Syntax: A Darwinian approach to language developement, In Krasnoger et al, 1991.
  12. Terrence W. Deacon, The Symbolic Species, W. W. Norton&Company, 1997, p. 41. 
  13. Maher, J. Groves, Introducing Chomsky, Totem Books, 1998, pp. 112-113.
  14. Jacques Monod, “Rastlantı ve Zorunluluk”, Dost Kitabevi, Ankara, Oktyabr 1997, səh. 118. 
  15. Derek Bickerton, Language and Species, The University of Chicago Press, 1992, p. 190.
  16. Morten H. Christiansen, Rick A. C. Dale, Michelle R. Ellefson and Christopher M. Conway, The Role of Sequential Learning in Language Evolution: Computational and Experimental Studies, p. 150.
  17. BBC Online, Crows prove they are no birdbrains, 8 Avqust 2002
  18. BBC Online, Crows prove they are no birdbrains, 8 Avqust 2002
  19. Pinker, The Language Instinct, Allen Lane, The Penguin Press, 1994, p. 337
  20. Derek Bickerton, Language and Species, The University of Chicago Press, 1992, p.190
  21. “The Evolution Of Syntactic Communication”, Martin A. Novak, Joshua B.Plotkin, Vincent A.A. Jansen, Nature, 30 March 2000 pp. 495-498
  22. Premack, “Gavagai! Or The Future History Of The Animal Language Controversy”, Cognition, 19, pp. 281-282
  23. Richard Leakey, “İnsanın Kökeni”, Varlık Yayınları: İstanbul, 1996, səh.142  
  24. Roger Lewin, “Modern İnsanın Kökeni”, Tübitak Popüler Bilim Kitapları: Ankara, 1997, səh. 221
  25. Philip Lieberman, On the Kebara KMH 2 Hyoid and Neanderthal Speech, Current Anthropology, 34:2 (April 1993):172-175, p. 174
  26. Earlier Human Speech, eurekalert.org/releases/DU-HuSp.html
  27. Earlier Human Speech, eurekalert.org/releases/DU-HuSp.html
  28. A. Schepartz, Language and Modern Human Origins, Yearbook of Physical Anthropology, 36:91-126(1993), p. 106 
  29. Friedrich Engels, “Ailenin, Özel Mülkiyetin ve Devletin Kökeni”, Sol Yayınları, tərcüməçi Kənan Somer, onuncu nəşr, Noyabr 1992, səh. 28

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə