Orqanizmin gizli dəstəyi: mədəaltı  vəzi (pankreas)

Orqanizmin gizli dəstəyi: mədəaltı vəzi (pankreas)

23149

Gözəl bir şam yeməyi yediyinizi təsəvvür edək. Ola bilsin ki, müxtəlif qidalardan təşkil olunmuş bu yeməyi necə həzm edəcəyinizi indiyə qədər heç ağlınıza gətirməmisiniz. Hətta ola bilsin ki, bu qidaların hər birinin müxtəlif enzimlərlə prosesləri yerinə yetirdiklərini də bilmirsiniz. Əlbəttə, bu sahədə təhsil almamış bir insanın belə məlumatlara malik olmaması təbiidir. Lakin orqanizmimizdə olan bir orqan bütün bu məlumatlara malikdir. Bu orqan hansı qidanın hansı şəkildə həzm ediləcəyini bilir. Heç bir qarışıqlıq və qüsur olmadan, ən uyğun zamanda, ən doğru kimyəvi şirələri qidalara göndərir. Bu orqan mədəaltı vəzidir.
Mədəaltı vəzi orqanizmdəki ən mühüm orqanlardan biridir. Mədəaltı vəzi damarlarda axan qanın tərkibindəki şəkər molekulunun miqdarını tənzimləyir. Əgər qanın tərkibindəki şəkər molekulunun miqdarı azalarsa, mədəaltı vəzi dərhal bu miqdarı artıraraq bunun qarşısını alır və bu tədbirlər insanın həyatını qoruyur. Əgər şəkər molekulunun miqdarı artarsa, bu dəfə də qanın tərkibindəki şəkərin miqdarını azaltmaq üçün tədbirlər görür.
Mədəaltı vəzi həzm sisteminə göndərdiyi enzimlərlə də insan həyatında mühüm rol oynayır. Bağırsaqların mədə turşuları tərəfindən parçalanmasının qarşısını alan enzimlər də mədəaltı vəzi tərəfindən hasil edilir.
Bütün bu funksiyaları ayrı-ayrılıqda tədqiq etsək, bəlkə də heç diqqətimizi cəlb etməyən bir orqanın bizim üçün nə qədər şüurlu və planlı şəkildə hərəkət etdiyini, bizi mütləq ölümdən xilas edən qüsursuz bir sistemə sahib olaraq yaradıldığını görərik.
Həzm sistemində mədəaltı vəzinin fəaliyyətə başlaması xüsusi bir xəbər vasitəsilə baş verir. Mədədə həzm prosesləri davam etdiyi halda xüsusi bir maddə olan “xolesistokinin” qanın tərkibinə keçməyə başlayır. Bu enzimin qanda müəyyən bir səviyyəyə gəlməsi mədəaltı vəziyə xəbərdarlıq edir. Bu xəbərdarlıq mədəaltı vəziyə funksiyasının vaxtını çatdığını bildirir və mədəaltı vəzi parçalayıcı maddələri onikibarmaq bağırsağa ifraz etməyə başlayır.38

Gizli kimyagər

Mədəaltı vəzi yalnız həzm prosesini dərk etməklə kifayətlənmir, həm də yediyiniz yeməklərin növlərini bilir. Yediyiniz müxtəlif yeməklərə görə fərqli həzm maddələri hasil edir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi enzim karbohidratları parçalamaq xüsusiyyətinə malikdir. Bu qidalar onikibarmaq bağırsağa çatanda mədəaltı vəzi karbohidratları parçalamaq xüsusiyyətində olan “amilaza” adlı enzim hasil edir.
Əgər siz ət, balıq və ya toyuq kimi qidalar yesəniz, mədəaltı vəzi proteinli qida qəbul etdiyinizi dərhal bilir. Həmçinin bu qidalar onikibarmaq bağırsağa çatdığı zaman bu dəfə proteinləri parçalamaq üçün “tripsin, kimotripsin, karboksipeptidaza, ribonukleaza və dezoksiribonukleaza” kimi müxtəlif enzimlər hasil edir və bu enzimlər protein molekullarına hücum edir. Əgər yeməyinizdəki yağın nisbəti yuxarıdırsa, bu enzimlərlə yanaşı yağları həzm edən “lipaza” adlı bir enzim də hərəkətə gəlir.
Göründüyü kimi, bir orqan yediyiniz yeməklərin nələrdən təşkil olunduğunu bilib daha sonra bu qidaların həzm edilməsi üçün lazım olan kimyəvi mayeləri ayrı-ayrılıqda hasil edir və bunları yalnız lazımi anlarda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün protein parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı şirə ifraz etmir. Hasil etdiyi qarışıq mayelərin kimyəvi formullarını unutmur. Bu qarışığı təşkil edən hər hansı bir maddəni təsadüfən əskik etməz. Mədəaltı vəzi sağlam insanlarda ömür boyu düzgün şəkildə fəaliyyət göstərir.
İndi isə həyata keçən bu hadisəni mikromüstəvidə və ən incə şəkildə tədqiq edərək qarşımızdakı möcüzənin ölçülərini daha yaxından görək. Mədədə həzm prosesi davam etdiyi halda mədə hüceyrələri boş dayanmır. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidaların bir müddət sonra onikibarmaq bağırsağa çatdığını bilir. Bu hüceyrələrin bütün düşüncə və istəkləri qidaların insan üçün ən gözəl şəkildə həzm edilməsidir. Öz içlərindəki məsuliyyət hissi ilə hərəkət edən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağı (hormon ifraz etməyi) və bu hüceyrələri köməyə çağırmağı qərara alırlar. Bundan sonra yazdıqları məktubları qan vasitəsilə mədəaltı vəziyə göndərirlər.
Qanın tərkibinə buraxılan məktub orqanizmdə səfər edir. Bu səfər əsnasında mədəaltı vəziyə gəldiyimiz zaman mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Buradakı maraqlı məqam məktubun qan vasitəsilə demək olar ki, bütün orqanizmi dolaşdığı halda onun digər orqanların hüceyrələri tərəfindən açılmaması və oxunmamasıdır. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, onları nəzərdə tutmadığını bilir. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı var. Məktubun molekulyar quruluşu yalnız mədəaltı vəzi hüceyrələrinin üst təbəqəsində olan qəbuledici molekullarla qarşılıqlı təsir halında xüsusi olaraq yaradılıb. Yəni mədə hüceyrəsi şüurlu və ağıllı bir şəkildə hasil etdiyi hormonun üzərinə həqiqətən də bir ünvan yazıb. Həmçinin orqanizmdə milyardlarla müxtəlif ünvanlar arasından mədəaltı vəzi hüceyrəsinin ünvanını düzgün şəkildə yazıb. Bu ünvanın düzgün yazılması üçün mədə hüceyrəsinin mədəaltı vəzi hüceyrəsinin bütün xüsusiyyətlərini bilməsi lazım gəlir.
Möcüzə yalnız ünvanın düzgün yazılması ilə bitmir. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində həm də xəbər var. İnsan orqanizminin dərinliklərində, bir-birindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşıb əlaqə saxlayır. Onlar bir-birlərini heç görmür, lakin bir-birini hansı dildə anladıqlarını bilirlər. Həmçinin bu əlaqə müəyyən bir məqsədə xidmət edir. İki hüceyrə birləşib yediyiniz qidaların həzm edilməsi üçün plan qururlar. Şübhəsiz ki, bu, həqiqi bir möcüzədir.
Ona gələn məktubu (xolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç bir şeyi gözləmədən bu məktubdakı əmrə tabe olur. Dərhal qidaların həzm edilməsi üçün lazımi enzimləri ifraz etməyə başlayır. Əgər onikibarmaq bağırsağa çatan qida proteindirsə, protein ifraz edən enzim hasil edir. Əgər bu qida karbohidrat tərkiblidirsə, bu dəfə karbohidratları parçalayan bir enzim hasil edir və bu enzimi onikibarmaq bağırsağa göndərir.
İndi isə qarşınıza qara bir lövhənin qoyulduğunu və bu lövhənin üzərinə sıra ilə bir protein molekulunun, bir yağ molekulunun və bir karbohidrat molekulunun formullarının yazıldığını, bu molekulların atomik sıralarını göstərən şəkillərin çəkildiyini düşünək. Bundan sonra sizdən bu üç müxtəlif molekulyar quruluşun hər birini parçalayacaq ən uyğun molekulyar quruluşa malik olan enzimlərin formullarını yaratmağınızı və həmin formulları lövhəyə yazmağınızı istəsinlər.
Əgər kimya sahəsində bir təhsiliniz yoxdursa, sizə milyon il vaxt verilsə də buna uyğun formulu ehtimal edib tapa bilməzsiniz. Bu molekulları parçalayan enzimlərin formullarını yalnız kimyaçı mütəxəssis yaza bilər. Bu insan da uyğun formulu öz xəyalına əsaslanaraq yazmaz. Yalnız aldığı təhsilə və əvvəl də ona verilən bilgilərə əsasən bu formulu yaza bilər.
Vəziyyət belə olduğu halda mədəaltı vəzi hüceyrələrinin hasil etdiyi enzimlərin kimyəvi quruluşlarını necə bilməsi sualı olduqca böyük əhəmiyyət daşıyır. Hər bir mədəaltı vəzi hüceyrəsi yaranandan bəri həmin məlumatlara malik olur. Onlar yalnız bu məlumata malik olmaqla da kifayətlənmir, bildiklərindən ən düzgün şəkildə istifadə edir və yorulmadan insana xidmət edirlər. Mədəaltı vəzi hüceyrələri kimya sahəsində insanlardan da ağıllı və bacarıqlıdır. Çünki insanın bütün bu formulları yarada bilməsi üçün təhsilə ehtiyacı olduğu halda kiçik bir hüceyrə haqqında bəhs edilən formulları yaranandan bəri əzbər bilir.
Hüceyrələrin belə yüksək ağıla, xüsusi məlumata və üstün məsuliyyətə malik olmasını heç bir təsadüflə izah etmək olmaz. Heç bir təsadüf hüceyrələrin bir-biri ilə əlaqə saxlayacaqları, bir-birindən kömək istəyəcəkləri bir sistemi yarada bilməz. Heç bir təsadüf bircə mədəaltı vəzi hüceyrəsinə də bir kimyəvi formulu öyrədə bilməz. Həmçinin heç bir təsadüf hüceyrəyə əlindəki məlumatdan düzgün və vaxtında istifadə etmək qabiliyyəti verə bilməz.
Bu sistemləri yoxdan yaradan və onların hər an fasiləsiz fəaliyyət göstərməsini təmin edərək insana xidmət etdirən qüvvə aləmlərin Rəbbi olan Uca Allahdır.
Mədəaltı vəzinin orqanizmdə başqa mühüm funksiyalarından biri də onun qanın tərkibindəki şəkəri tənzimləməsidir. Bu tənzimləməni aparan şirələr mədəaltı vəzinin içində olan və “Langerhans badamcıqları” adlanan kiçik bağlı vəzilər tərəfindən hasil edilir. İnsulin və qlükaqon adlı bu hormonlar şəkərin tənzimlənməsi funksiyasını daşıyır.39
Bir tərəfdən şirin çayınızı içdiyiniz, digər bir tərəfdən də tortunuzu yediyiniz zaman qanınızın tərkibində olan şəkərin miqdarını tənzimləməyinizin vacibliyi haqqında heç vaxt fikirləşmirsiniz. Bəlkə də ardıcıl şəkildə gerçəkləşən tənzimləmənin nə qədər həyati əhəmiyyət daşıdığını da düşünmürsünüz. Lakin sizin səhhətinizlə bağlı bu sahədə konkret vəzifə daşıyan mədəaltı vəziniz lazım gələn bütün məlumatlara malikdir və qanınızın tərkibində olan şəkərlə bağlı ölçmələri çox həssas şəkildə yerinə yetirir. Lazım olduğu zaman da kifayət qədər hormon ifraz edərək orqanizminizdəki şəkəri tənzimləyir.
Qanın tərkibindəki şəkərin miqdarının müəyyən həddə olması insan həyatı üçün zəruridir. Lakin insan gündəlik həyatında şəkərli qidalar yeyərkən bu həssas tarazlığı hesablaya bilməz. Çünki bu hesabat hər bir insan üçün müntəzəm şəkildə aparılır.
Qanın tərkibində olan şəkərin miqdarı yüksələndə mədəaltı vəzi bundan dərhal xəbər tutur və insulin adlı xüsusi bir maddə ifraz edir. Bu maddə qaraciyərə və orqanizmdə olan başqa hüceyrələrə qanın tərkibindəki artıq şəkəri saxlamağı əmr edir. Əgər qandakı şəkərin miqdarı aşağı düşərsə, mədəaltı vəzi bunu da dərhal öyrənir və “qlükaqon” adlı başqa bir hormon ifraz edir. Bununla əlaqədar olaraq qaraciyər əvvəlcədən ehtiyatda saxladığı şəkər ehtiyatlarını xüsusi proseslərdən keçirib yenidən qana verir.40 Qanın tərkibindəki şəkərin nisbəti bu proseslər sayəsində heç bir zaman,- xəstəlik hallarını çıxmaq şərtilə,- təhlükəli həddə çatmır.
Gündəlik həyatda sizin nə mədəaltı vəzidən, nə insulindən, nə də qaraciyərdən xəbəriniz olmur. Qanınızda şəkərin miqdarının yüksəldiyini hiss etməzsiniz, hətta qarşınıza müxtəlif şəkər nisbətləri olan iki şüşə qan qoyulsa, arada olan fərqi də bilməzsiniz. Lakin heç bir zaman görmədiyiniz və bilmədiyiniz bəzi hüceyrələriniz qanınızdakı şəkərin miqdarını laboratoriyada olan cihazlardan da dəqiq şəkildə ölçür və nə etmək lazım olduğunu dərhal müəyyən edərək müvafiq tədbirlər görürlər.
Bəs hüceyrələriniz bu misilsiz ağıl və qabiliyyətə necə nail olublar?
Əlbəttə ki, hüceyrələrinizə ölçmə apartdıran, qərar qəbul etdirən, bunları tətbiq edəcək ağıl və qabiliyyət qazandıran hüceyrələrinizin özləri deyil. Orqanizminizdəki hüceyrələrə lazımi əmrləri verən, onları necə davranmaq lazım gəlməsi barədə xəbərdar edən, qüsursuz sistemlə onları yaradan üstün qüvvə sahibi Uca Allahdır.
Bura qədərki hissələrdə mədəaltı vəzidən bəhs edərkən “bilir, edir, unutmur, qüsura yol vermir, qarışdırmır, yanılmır” kimi ifadələrdən istifadə etdik. Mədəaltı vəzinin də hüceyrələrdən təşkil olunduğunu qəbul etsək, ağıl tələb edən bu vəsflərin mədəaltı vəzinin özünə məxsus olmadığı dərhal aydın olacaq. Bəs bu hüceyrələrə bütün ömür boyu yaratmaq, xidmət göstərmək məsuliyyətini verən kimdir? Mədəaltı vəzi hüceyrələrinə bir-birindən fərqli və mürəkkəb molekulları parçalayan enzimlərin kimyəvi formullarını kim öyrədib? Hasil edilən mayelərin ünvana düzgün çatdırılmasını təmin edən boru sistemini kim döşəyib? Düzgün mayenin düz və vaxtında çatdırılmasını təmin edən siqnal və əlaqə sistemini kim qurub?
Bu suallar və bunun kimi verilə biləcək yüzlərlə sual bizi açıq bir həqiqətə doğru aparır. Bütün bunları yaradan qüvvə Allahdır. Allah kiçik sahələrə yerləşdirdiyi belə əzəmətli və möhtəşəm xüsusiyyətlərlə Özünü bizlərə tanıdır. Allah böyük qüvvə sahibidir. Allahın yaratmaqda heç bir şəriki yoxdur.

Şəkər yeyərkən orqanizminizdə işləyən nəhəng fabrikin fərqində olursunuzmu?

Əgər ehtiyacınız olduğuna görə bir az artıq şəkər yesəniz, qanın tərkibindəki şəkər nisbətinin yüksəlməsinin qarşısını almaq üçün orqanizminizdə olan bir sistem fəaliyyətə başlayacaq:
1. Əsasən mədəaltı vəzi hüceyrələri qan mayesinin içində olan yüzlərlə molekul arasından şəkər molekullarını tapır və onları digərlərindən ayırır. Həmçinin bu molekul saylarının az və yaxud çox olmasını müəyyən edərək sanki şəkər molekullarını sayırlar. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz kiçiklikdə olan hüceyrələrin maye içindəki şəkər molekullarının vəziyyəti haqqında müəyyən bir fikrə malik olması insanı düşündürməli olan bir məsələdir.
2. Əgər mədəaltı vəzi hüceyrələri qanda lazım olandan artıq şəkər olduğunu müəyyən etsələr, onda onlar həmin bu artıq şəkərin ehtiyatda saxlanması qərarına gəlirlər. Lakin onlar bu ehtiyatda saxlamaq prosesini özləri həyata keçirmir, onu özlərindən çox uzaqda yerləşən hüceyrələrə icra etdirirlər.
3. Uzaqda olan bu hüceyrələrə hər hansı bir əmr gəlməyənə qədər onlar şəkəri ehtiyatda saxlamazlar. Lakin mədəaltı vəzi hüceyrələri həmin hüceyrələrə “şəkəri ehtiyatda saxlayın” əmrini aparacaq bir hormon hazırlayırlar. “İnsulin” adlandırılan bu hormonun formulu mədəaltı vəzi hüceyrələri ilk yarandıqları andan etibarən onların DNT-lərində qeyd olunur.
4. Mədəaltı vəzi hüceyrələrindəki xüsusi “enzimlər” (işçi proteinlər) bu formulu oxuyurlar. Oxunan formula uyğun olaraq da insulin hasil edirlər. Bu proses zamanı hər biri müxtəlif funksiyalar daşıyan yüzlərlə enzim fəaliyyət göstərir.
5. Yaradılan insulin hormonu ən etibarlı və ən sürətli əlaqə şəbəkəsi olan qan vasitəsilə lazımi hüceyrələrə çatdırılır.
6. İnsulin hormonunda yazılmış “şəkəri ehtiyatda saxlayın” əmrini oxuyan başqa hüceyrələr isə bu əmrə qeyd-şərtsiz tabe olurlar. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edən qapılar açılır.
7. Lakin bu qapılar təsadüfən açıla bilməz. Ehtiyat hüceyrələri qanın tərkibində olan yüzlərlə müxtəlif molekul arasından yalnız şəkər molekullarını ayırır, tutur və öz tərkiblərinə çəkirlər.
8. Hüceyrələr onlara gələn əmrlərə heç vaxt itaətsizlik göstərmirlər. Bu əmri yanlış anlamır, zərərli maddələri tutmur, lazım olandan artıq miqdarda şəkəri ehtiyatda saxlamırlar. Onlar böyük bir nizam və fədakarlıqla fəaliyyət göstərirlər.
Beləliklə, siz artıq şirin çay içdiyiniz zaman həmin fövqəladə sistem hərəkətə gəlir və artıq şəkəri orqanizminizdə ehtiyatda saxlayır. Əgər bu sistem fəaliyyət göstərməsəydi, o zaman qanınızda olan şəkərin miqdarı sürətlə yüksələr və koma vəziyyətinə düşərək ölərdiniz.
Bu o qədər ideal bir sistemdir ki, lazım olduğu zaman əksinə də fəaliyyət göstərə bilər. Əgər qanda olan şəkər normadan aşağı düşərsə, bu dəfə mədəaltı vəzi hüceyrələri tamamilə başqa bir hormon olan “qlükaqon”u hasil edirlər. Qlükaqon bir az əvvəl şəkəri ehtiyatda saxlayan hüceyrələrə bu dəfə “qana şəkər qatın” əmrini daşıyır. Bu əmrə də itaət edən hüceyrələr ehtiyatda saxladıqları şəkəri geri qaytarırlar.
Hər hansı bir beyinə, sinir sisteminə, gözə, qulağa malik olmayan hüceyrələr bu qədər böyük hesablamaları və prosesləri qüsursuz olaraq necə yerinə yetirirlər? Proteinlərin və yağ molekullarının yan-yana düzülməsi ilə əmələ gələn bu şüursuz varlıqlar hətta insanların da bacarmayacağı böyük işləri necə həyata keçirə bilirlər? Şüursuz molekulların nümayiş etdirdiyi bu böyük ağılın mənbəyi nədir?
Əlbəttə ki, bu hadisələr bizlərə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini bir daha göstərir.

Mədəaltı vəzinin şirəsi özünə niyə zərər vermir?

Bir çox parçalayıcı enzim ifraz edən mədəaltı vəzinin özünü həzm etməməsi çox heyrətamiz olaydır. Əsasən protein quruluşunda olan mədəaltı vəzi elə özünün ifraz etdiyi protein parçalayan enzimlərin heç birindən mənfi təsir görmür. Belə bir müdafiə sistemi çox heyrətamiz və möcüzəvi bir şəkildə həyata keçir.
Mədəaltı vəzinin ifraz etdiyi protein parçalayan enzimlər ifraz olunduqları ilk vaxtlar aktiv olmurlar. Bu enzimlər belə halda proteinləri və həmçinin mədəaltı vəzini parçalamırlar.
Lakin onikibarmaq bağırsağa boşalan enzimlər orqanizmin yalnız bu yerində olan xüsusi bir maddə ilə birləşir və həmin anda dəyişirlər. Nazik bağırsaqda ifraz olunan “enterokinaza” adlı maddə ilə birləşən enzimlər dərhal aktivləşirlər. Yəni proteinləri parçalayıcı xüsusiyyət əldə edirlər.41 Yalnız mədəaltı vəzidən ifraz olunan bir maddənin bağırsaqdan ifraz olunan bir maddə ilə qüsursuz şəkildə birləşməsi insanın üzərində dərindən düşünməsi lazım gələn bir məsələdir.
Bu iki molekul bundan əvvəl heç zaman qarşılaşmayıblar. Onlar ayrı-ayrı yerlərdə ifraz olunurlar. Buna baxmayaraq bu iki sərbəst molekul bir-birini qüsursuz şəkildə tamamlayır və nəticədə xüsusi bir məqsədə qulluq edirlər. Əlbəttə ki, bu olay təsadüflərlə izah edilə bilməyəcək möcüzəvi bir hadisədir.
Bundan əlavə, mədəaltı vəzinin özünü həzm etməsinin qarşısını alan sistemlər bununla da məhdudlaşmır. Mədəaltı vəzidən proteini üyütmək qabiliyyətinə malik olan “tripsin” adlı başqa bir enzim də ifraz olunur. Lakin eyni zamanda tripsinin mədəaltı vəzini əritməməsi üçün bu maddəni təsirsiz hala gətirən “tripsin ingibitor” adlı digər bir maddə də ifraz edilir. Birlikdə ifraz olunduqları zaman heç bir təsirləri olmayan bu iki enzim onikibarmaq bağırsağa gəldikləri zaman bir-birindən ayrılır. Bu ayrılma tripsini müəyyən mənada sərbəst buraxır və tripsin bağırsaqlara çatan qidalardakı proteinləri parçalamağa başlayır.42 Əgər bu iki maddə daha tez ayrılsaydılar, tripsin mədəaltı vəzinin özünü parçalayardı. Əgər heç ayrılmasaydılar, bu dəfə də qidalarda olan proteinlər parçalanmazdı. Lakin bu nümunədən də məlum olduğu kimi, orqanizmimizdə olan hər şey düzgün zamanda və düzgün yerdə baş verir. Mədəaltı vəzi tam vaxtında və məhz lazım olan maddələri ifraz etməyi bilir, enzimlər isə bir-birlərindən ayrıldıqları zaman hərəkətə gəlib işə başlayırlar. Mədəaltı vəzini təşkil edən hüceyrələrin və enzimləri təşkil edən molekulların belə qusursuz bir sistemi öz-özlərinə yaratmayacaqları, belə qüsursuz bir quruluşu insan orqanizmində qura bilməyəcəkləri tam aydın olan bir həqiqətdir.
Hər hansı bir qüsur olmadan, nizamla sıralanıb düzülmədə heç bir qarışıqlıq yaratmayaraq fəaliyyət göstərən, həmçinin bütün insanlarda qüsursuz şəkildə mövcud olan və eyni qüsursuzluqla işləyən belə bir sistemin yüksək ağlın və qüsursuz layihənin nəticəsi olması faktı hər bir şüurlu insanın asanlıqla dərk edə biləcəyi bir həqiqətdir. Bu sistemin təkamülçülərin iddia etdikləri kimi, kor-koranə təsadüflərlə izah edilməsi əsla mümkün deyil. Bu sistem Allahın açıq yaratma dəlillərindən biridir.

38-Solomon, Berg, Martin, Villee, Biology, səh.967
39-Prof. Dr. Ahmet Noyan, Yaşamda ve Hekimlikte FizyoloYi, səh.881-882
40-Arthur Guyton-Yohn Hall, Text Book of Medical Physiology Guyton & Hall, səh.978
41-Prof. Dr. Ahmet Noyan, Yaşamda ve Hekimlikte FizyoloYi, səh.879
42-Biological Science A Molecular Approach, Sixth Edition, D.C. Heath and Company, Toronto, səh.412

DİGƏR məqalələr

  • Yeni canlı növləri tapıldı!
    Yeni canlı növləri tapıldı!
    in: 2

    Hind Okeanının təxminən 3 km dərinliyində isti su qaynaqları ətrafında 6 yeni canlı növü kəşf edilmişdir.

  • Yarpaqların informasiya emalı
    Yarpaqların informasiya emalı
    in: 1

    Aparılan son araşdırmalara qədər bu bölünməyə görə CO2 qəbulunda durğunluq yarandığı düşünülürdü.

  • Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    Hüceyrə qılafının bəzi xüsusiyyətləri
    in: 7

    Bəzən hüceyrəyə daxil olan molekullar böyük olur, bu zaman qılaf ətrafdakı fermentləri köməyə çağırır. Fermentlərin köməyi ilə qılafın üzərindəki məsamələr genişləndirilərək lazımi molekul hüceyrəyə daxil edilir.

  • Rudiment orqan yoxdur!
    Rudiment orqan yoxdur!
    in: 3

    İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə