Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Orqanizmimizdəki müstəqil fabrik: Qaraciyər

13 Mart 2014 01:22

Kompüter mühəndisləri son illərdə enerjini dəyərləndirmə baxımından ən uğurlu orqan olaraq qaraciyəri model kimi qəbul etməyə başladılar. Bunun ən mühüm səbəbi isə qaraciyərin eyni anda müxtəlif prosesləri qüsursuz şəkildə yerinə yetirə bilməsidir. Qaraciyər insan orqanizminin ümumi quruluşu ilə bağlı təxminən 500 funksiyaya malikdir.36
Qaraciyər yediyimiz qidaların orqanizm tərəfindən istifadə oluna biləcək vəziyyətə gətirilməsini təmin edir. Bunu edərkən həzm sistemindən gələn qanın tərkibindəki mürəkkəb molekulları parçalayaraq onları istifadə edilə və ya ehtiyatda saxlanıla bilən molekullar halına gətirir. Daha sonra ən faydalı olanları yenidən qan vasitəsilə digər hüceyrələrə göndərir. Zərərli olanları isə bir neçə prosesdən keçirərək böyrəklərə göndərir və oradan da süzülərək sidik cövhəri halında orqanizmdən kənar olunmasını təmin edir. 1,5-2 kq ağırlığındakı bir "ət kütləsi"nin bütün qida maddələrini işlənməmiş (emal olunmamış) halda qan vasitəsilə alıb müxtəlif kimyəvi reaksiyalardan keçirməsi və orqanizmin digər hissələrinə faydalı olacağına əmin olduğu təməl daşlarına çevirməsi öz-özlüyündə bir möcüzədir.
Qaraciyərin əsas funksiyası qan vasitəsilə aldığı qida maddələrini nəzarətdən keçirmək olduğu üçün onun quruluşu qanı qorumağa uyğun olmalıdır. Belə ki, qaraciyər də süngərəbənzər quruluşa malikdir. Hətta insan orqanizmindəki bütün qanın 800-900 qramı həmişə qaraciyər tərəfindən sorulur. Buna görə də ağırlaşan orqanın orqanizmdəki xüsusi yeri də başqa orqanlara zərər verməyəcəyi və funksiyalarını yerinə yetirə biləcəyi şəkildə müəyyən edilib.

Qaraciyərin nəhəng bir laboratoriya olduğunu bilirsinizmi?

Mükəmməl şəkildə qurulmuş, ən son texnologiya ilə təchiz edilmiş bir laboratoriyanın öz-özünə təşkil oluna biləcəyini heç kim iddia edə bilməz. Lakin təkamülçülər qaraciyərdə olan misilsiz laboratoriya kompleksinin öz-özünə yarandığına inanır və bunu heç bir dəlil olmadan iddia edirlər. Çünki darvinizm insanların ağıllarını gizləyən bir cadu, batil bir dindir.
Qaraciyərinizin yalnız bir hüceyrəsində 500 müxtəlif kimyəvi proses həyata keçirilir. Millisaniyələr (saniyənin mində biri) ərzində qüsursuz mərhələlərlə baş verən bu kimyəvi reaksiyaların əksəriyyəti laboratoriya şəraitində təqlid (təkrar) edilə bilmir. Qaraciyər hüceyrəsi yediyimiz bütün qidaları hüceyrələrimizin istifadə edə biləcəyi enerji olan şəkərə, yəni qlükozaya çevirir. İstifadə edilməyən şəkəri yağa çevirib ehtiyatda saxlayır. Şəkər olmadığı zaman isə protein və yağları şəkərə çevirib hüceyrələrə təqdim edir.
Qısası, biz ürəyimiz istəyən hər bir yeməyi yeyərkən qaraciyər bütün bu qidaları orqanizmimizin ehtiyacına görə sərf edir, başqa şəkilə çevirir və ya ehtiyatda saxlayır. Üstəlik ilk insandan bu yana trilyonlarla qaraciyər hüceyrəsi həmin şüur və biliklə qüsursuz olaraq hərəkət edir.

Qaraciyərdəki nəzarətolunan sistem

Qaraciyərdə olan sistemi bir limanın fəaliyyətinə bənzətmək olar. Müxtəlif bölgələrdən gələn yük gəmiləri bir limanda toplanıb buradan başqa bölgələrə yük payladıqları kimi qaraciyərdə də orqanizm üçün zəruri olan bütün maddələr toplanır və buradan orqanizmin ehtiyac duyulan yerlərinə paylanır.
Qaraciyərə daxil olacaq xammalla yüklənmiş qanın bu orqana çatması həzm yollarından və ürəkdən gələn damarlarla bağlıdır. Damarlar orqanları bir-birinə müəyyən məqsədlərlə bağlayır. Yəni orqanizmdə hansı funksiya daşıdığı məlum olmayan və ya istifadə edilməyən damar tapmaq mümkün deyil. Qaraciyərə çatan damarlar da ən qısa müddət ərzində bu orqana düzgün miqdarda qan çatdırmaq funksiyası daşıyır. Ürəyin sol mədəciyindən gələn oksigenlə zəngin qan qaraciyər arteriyası ilə qaraciyərə çatır. Orqanizmdəki hər bir damar sanki qanın qaraciyərə çatmasının vacib olduğunu bilirmiş kimi bu orqana yönəlib.
Orqanizmimizi gəzərək bütün hüceyrələrin ehtiyaclarını ödəyəcək qan səfərə çıxmazdan əvvəl yaxşıca nəzarətdən keçməli və onun çatışmazlıqları müəyyən edilib aradan qaldırılmalıdır. Bu vaxt qaraciyər hüceyrələri hərəkətə gəlir. Mədə, bağırsaq və dalaqdan gələn qan başqa bir yerə yönəlmədən birbaşa çeşidləmə yerinə, yəni qaraciyərə çatdırılır. Bu orqanlar sanki onlar ortaq qərara gəlibmiş kimi öz üzərlərinə düşən funksiyanı yerinə yetirir, qaraciyərin əhəmiyyətini bilir və öz funksiyalarını ona təhvil verirlər.
Mədə, bağırsaq və dalaqdan çıxan qanın qaraciyərə deyil, birbaşa ürəyə gedərək orqanizmin hüceyrələrinə çatması istifadəyə müvafiq hala gəlməmiş maddələrin, hətta zərərli və zəhərli olanların da bütün hüceyrələrə göndərilməsi demək olardı. Bu da insan üçün həyati baxımdan təhlükəli bir haldır.
Qaraciyər hüceyrələri qan yaratmır. Qan qaraciyər hüceyrələrinə kənardan gəlir. Özlərinə yad bir maye olmasına baxmayaraq qaraciyər hüceyrələri qanın quruluşunu olduqca yaxşı tanıyırlar. Hətta onun tərkibində nə olduğunu da bilirlər. Əgər qanın tərkibində çatışmayan maddələr varsa, bu maddələri təmin edir. Əgər qanın tərkibində həddindən artıq bir maddə varsa, bu maddəni də ehtiyatda saxlayırlar. Qısası, qaraciyər hüceyrələri öz funksiyalarını qüsursuz şəkildə yerinə yetirmək məharətinə malikdir.
Başqa orqanlardan fərqli olaraq qaraciyər iki ayrı mənbədən qan alır. Birincisi ürəyin baş arteriyasından oksigenlə zəngin yük gətirən damar bağlantısıdır. İkincisi isə mədə və bağırsaqlardan qida maddələri daşıyaraq gələn venadır. Bu iki əsas mənbə qaraciyərin dənəvər toxumalarına çatır və qaraciyərin içində sinuslara ayrılır. Qaraciyər hüceyrələri tərəfindən nəzarətdən keçirilən qan yalnız bir venada birləşir və xaric edilir.
Qaraciyərdən çıxan qan yenidən ürəyin sağ tərəfinə çatır və bütün proseslər tamamlanmaqla orqanizmə yayılaraq ağciyərlərə vurulur. Göründüyü kimi, orqanlar arasındakı damar bağları və hətta qanın sıra ilə hansı orqana gedəcəyi də xüsusi bir planla müəyyən edilib və sistem həmin plana əsasən qurulub.

Kiçik qaraciyərlər: paylar

Qaraciyərin fəaliyyətinin arxasında hansı quruluş dayanır? Daim qanla sıx əlaqədə olan bir orqanın süngərəbənzər quruluşu ilə yanaşı onun hazırladıqlarını və tullantıları orqandan kənarlaşdıracaq bir sistemi də olmalıdır. Orqanizmə fayda verəcək proteinlərin və digər maddələrin hazırlandıqdan sonra qaraciyərin içində ehtiyatda saxlanması lazım gəlir. Bu maddələrin dərhal ehtiyac duyulan mərkəzlərə göndərilməsi və ya zərərli olanların orqanizmdən kənar edilməsi həyati əhəmiyyət daşıyır.
Qaraciyərin bütün həyati əhəmiyyətli funksiyaları pay adlandırılan hüceyrə kütləsində həyata keçir. Qaraciyər dörd böyük paydan ibarətdir. Hər bir hissəcik bir qaraciyər kimi fəaliyyət göstərir. Bir tərəfi qan, digər tərəfi isə öd yolları ilə təmasda olan paylar incə mikroskopik liflərdən ibarətdir. O, bir tərəfdən, karbonla çirklənmiş qanı daşıyan vena, digər tərəfdən isə oksigenlə zəngin olan qanı gətirən arteriyalarla təmas vəziyyətindədir. Qaraciyərin quruluşunda hər bir damarın axma istiqaməti, hansı qanı daşıyacağı və bu qanı haralara daşıyacağı müfəssəl şəkildə hesablanıb, planlanlaşdırılıb və ən qüsursuz şəkildə yaradılıb.

Qaraciyərin xüsusi quruluşu

Həyatımız üçün olduqca böyük əhəmiyyətə malik olan qanı yorulmadan orqanizmin ən incə yerlərinə daşıyan vasitələr kapilyarlardır. Toxumaların dərinliklərinə getdikcə incə forma alan kapilyarların divarları vena və arteriyaların divarlarından daha incədir. Keçiricilik xüsusiyyətini təmin edən quruluşları sayəsində toxumalarla qan arasında tənəffüs qazları, su, müxtəlif minerallar, duzlar, qidalar, tullantılar, hormonlar və müdafiə sistemləri daim hərəkətdədir.
Başqa kapilyarlardan fərqli olaraq qaraciyərdəki kapilyarların divarları qoruyucu təbəqə olan "əsas təbəqə"dən məhrumdur. Burada "məhrum" sözündən istifadə etmək əslində doğru deyil. Çünki burada söhbət şüurlu bir "məhrumiyyət"dən gedir. Başqa orqanlarda "əsas təbəqə" olduğu halda qaraciyərdəki kapilyarlarda bu təbəqə olmadığına görə damarlardan gələn qan dərhal bir süngər kimi sorulub qaraciyər hüceyrələrində nəzarətdən keçərək olduqca sürətli və təsirsiz şəkildə orqanizmə çatdırılır. Qaraciyər öz funksiyasına uyğun bir quruluş sayəsində qanı asanlıqla toxumalarına alıb nəzarətdən keçirə bilir. Bu şəkildə yaratdığı bir çox proteini də qan plazmasına boşalda və qanda dolaşan ömrünü tamamlamış yaşlı eritrositləri tərkibinə daxil edib onları yox edə bilir.
Bu "əsas təbəqə" quruluşunun qaraciyərdəki kapilyarlarda olmasının nə qədər əhəmiyyətli olduğunu başqa bir misalla izah edək.
Suyun yumşaq torpaq qatından aşağı hissələrə süzülməsi onun üzərində gilə bənzəyən sərt təbəqə olan torpaqdan keçməsindən daha asandır. Əkinçilər bitkilərin dibindəki torpağın suyu daha yaxşı keçirmək qabiliyyətini artırmaq üçün onu tez-tez belləyirlər. Bellənməmiş torpaqdakı bitkilərin yağış suyundan faydalanması məhdudlaşır. Torpaq mineralların və suyun bitki köklərinə asanlıqla çatması üçün keçirici quruluşa malik olmalıdır. Həmin vəziyyəti qaraciyər üçün düşünsək görərik ki, əsas təbəqə olmadığına görə daha çox keçirici olan qaraciyər kapilyarları qanı tezliklə qaraciyər hüceyrələrinə çatdırırlar.

Qaraciyərdəki hovuzlar: sinuslar

Qaraciyərin mürəkkəb damar quruluşunun içində incə yarıqlar formasında sinuslar yerləşir. Sinusların funksiyası kənardan gələn qan mənbəyini yerbəyer etmək və qanın işlənməsində hovuz rolunu oynamaqdır. Qaraciyərdə iki milyondan artıq sinusun olduğu güman edilir.
Bir sinusun diametri o qədər kiçikdir ki, buradan yalnız bir eritrosit çətinliklə keçə bilər. Bu qədər həssas və incə bir quruluş öz funksiyasını insanın həyatı boyunca deşilmədən, zədələnmədən yerinə yetirir. Sinusların bu qədər incə quruluşa malik olmasının səbəbi isə öyrənildiyi zaman insanı heyrətə salan bilgilərdədir.
Qaraciyərin qanla gələn maddələri sintezləşdirmə və çeşidləmə proseslərini yerinə yetirə bilməsi üçün bu maddələr mütləq qaraciyər hüceyrələri olan hepatositlərə çatmalıdır. Bu prosesi yerinə yetirmək funksiyası daşıyan sinuslar yayıldıqları qaraciyər toxumasında bir tunel kimi məharətlə fəaliyyət göstərirlər. Sinusların çox dəqiq ölçü ilə müəyyən edilmiş diametrləri, divar quruluşları və digər damarlarla olan bağlılıqları yerinə yetirdikləri funksiyaya ən uyğun şəkildədir. Qaraciyər sinuslarının divarlarında olan və "fenestrae" adlanan dəlikli quruluş qandakı 1 mm-in 10.000-də birindən kiçik olan hissəciklərin qaraciyər hüceyrələrinə çatmasını, bundan daha böyük olanların isə qaraciyər hüceyrələri ilə təmasının qarşısının alınmasını təmin edir. Əgər sinuslar bu qədər dar deyil, geniş olsaydılar, böyük molekullu maddələr qan vasitəsilə qaraciyər hüceyrələrinə asanlıqla çatacaq və bu böyük molekullar qaraciyər hüceyrələrinə zərər verəcəkdi.

Qaraciyərdəki müxtəlif hüceyrə quruluşları

Qaraciyərdə "epitel hüceyrələri" və "birləşdirici toxuma hüceyrələrı" adlanan iki ayrı hüceyrə növü var. Bu hüceyrələr böyük bir nizam içində, heç bir yanlışlıq və qüsur olmadan öz funksiyalarını yerinə yetirirlər. Belə bir nizamlı fəaliyyət sistemində meydana gələ biləcək hər hansı bir pozuntu insan üçün ölüm deməkdir.
Məsələn, qaraciyər hüceyrələri qlükozanı ehtiyatda saxlamaqdan birdən-birə imtina etsələr, orqanizmə qida daxil olmadığı vaxtlarda hüceyrələr enerji çatışmazlığına görə öz funksiyalarını yerinə yetirə bilməz və beyin hüceyrələri fəaliyyət göstərməz. Bu da ölümə və şikəst olmağa səbəb ola bilər.
Lakin belə bir hadisə baş vermir və hüceyrələr tam lazımi şəkildə hərəkət edərək zəruri maddələri hazırlayırlar. Qaraciyərdə olan hər bir hüceyrə müəyyən bir məqsəd üçün yaradılıb. Məsələn, qaraciyər "Qlisson kapsulu" adlandırılan şəffaf birləşdirici toxuma (incə təbəqə) ilə örtülüb. Bu təbəqənin mühüm bir funksiyası var. Qaraciyərin quruluşu içi maye ilə dolu olan bir süngərə bənzədilsə, bəhs etdiyimiz təbəqə də nəm süngərin içinə qoyulduğu əl çantasına bənzəyir. Bu təbəqə içi maye ilə dolu olan qaraciyərdəki həmin məhlulların kənara sızmamasını təmin edir. Bu birləşmə toxuması sayəsində qaraciyər öz quruluşunu və tərkibindəkini qoruyur və xarici orqanlardan da ayrılır.
Birləşmə toxumalarının hüceyrələrinin funksiyası orqanı əhatə etmək və qorumaq olduğu halda 1 mm-dən az olan qaraciyər hüceyrələri isə başqa funksiyalar daşıyır. Hüceyrələrin bir-birinə bu qədər yaxın olub bu qədər müxtəlif işlər görməsi çox heyrətamizdir. Ana bətnindəki inkişaf əsnasında bəzi hüceyrələr qaraciyəri əmələ gətirən hüceyrələrə çevrildiyi halda bu hüceyrələrin yanındakı bəzi hüceyrələr də şəffaf hüceyrələrə çevrilirlər. Bundan sonra bu şəffaf hüceyrələr birləşərək qaraciyəri tamamilə əhatə edib örtən və içindəki mayenin sızmasının qarşısını alan bir təbəqə əmələ gətirirlər. Nəticədə bir-birinə yapışmış, lakin funksiya və fiziki quruluşları müxtəlif olan iki hüceyrə qrupu ortaya çıxır. Bu iki hüceyrə qrupu arasında dəqiq və hamar bir sərhəd əmələ gəlir. Hələ insan ana bətnində inkişaf edərkən hər bir hüceyrə öz funksiyasını, məsuliyyətini, harada lazım olduğunu bilərək doğulur və orqanizm bunun sayəsində doğru şəkildə inşa edilir.
Qaraciyər hüceyrələrinin fiziki quruluşları da yerləşdikləri nahiyəyə və daşıdıqları funksiyaya görə ayrı-ayrılıqda ən ideal şəkildə planlaşdırılıb. Məsələn, qaraciyəri əhatə edən təbəqə ilə təmasda olan hüceyrələrin divarları düzdür. Çünki qaraciyər hüceyrələri ilə bu təbəqə arasında intensiv maddələr mübadiləsi prosesi yoxdur.
Lakin hüceyrələr arasında sıx mübadilənin olduğu yerlərdə vəziyyət bundan fərqlidir. Bu hüceyrələrin divarlarında qonşu hüceyrələrə doğru uzanan barmağabənzər çıxıntılar (mikrovilli) olur. Bu çıxıntılar hüceyrələrlə qan mayesi arasında daha çox təmasın olmasını və beləliklə, maddələr mübadiləsinin daha asan şəkildə həyata keçməsini təmin edir. Bu çıxıntıların olduğu yerlərdə kimyəvi təsirləri sürətləndirən və onların konkret nəticə verməsinə səbəb olan maddələr də xüsusi olaraq yerləşdirilib və maddələr mübadiləsi üçün hər bir imkan yaradılıb.
Qaraciyəri əmələ gətirən hüceyrələrin funksiyalarına və yerləşdikləri nahiyələrə görə ən ideal fiziki və kimyəvi xüsusiyyətlərə malik olması qaraciyərin içində hər bir detalın müəyyən bir plana əsasən nizamlandığını bir daha göstərir.

Qaraciyərdəki kanallar sistemi

Qaraciyər içində milyonlarla kanal olan xüsusi əlaqə sisteminə malikdir. Qaraciyərə qan gətirən əsas iki damar qaraciyərin içində milyonlarla kapilyara ayrılır. Bundan əlavə, qaraciyərin içində öd ifrazatını daşıyan və qan damarlarına paralel döşənmiş öd kanalları da var. 1,5-2 kq ağırlığında bir ət parçasının içində milyonlarla mikrokanalın olmasının mənası nə ola bilər?
Haqqında bəhs edilən kanal sistemi diqqətlə inşa edilmiş heyrətamiz bir quruluşdur. Bu quruluşun əhəmiyyəti qaraciyər hüceyrələrinin funksiyaları, qaraciyərə çatan qanın miqdarı və qaraciyərin ümumi funksiyası xatırlandığı zaman daha yaxşı başa düşülür.
Qaraciyərin vəzifəsi qanın tərkibindəki molekulları çeşidləmək, onları başqa maddələrə çevirmək və lazım olanda da ehtiyatda saxlamaqdır. Bütün bu prosesləri qaraciyərdə olan milyonlarla kimya laboratoriyası, yəni qaraciyər hüceyrələri həyata keçirir. Belə olan halda qaraciyər hüceyrələrinin hər biri ilə xüsusi bir əlaqə yaradılmalı və hər bir hüceyrəyə onun çeşidləyəcəyi qan molekulları çatdırılmalıdır. Haqqında bəhs edilən kanal sistemi bu ehtiyacı ödəyəcək qədər ideal quruluşa malikdir. Milyonlarla mikrokanal bir-biri ilə toqquşmayaraq, bir-birinin funksiyasına mane olmayaraq qaraciyərin içində inşa edilib. Qaraciyərdə istifadə olunacaq xammalın və ya hazırlanan maddələrin daşınması bu kanallar boyunca həyata keçirilir.
Belə bir nümunə üzərində düşünmək bu plandakı qüsursuzluğu dərk etmək baxımından əhəmiyyətli olardı.
Dünyanın ən inkişaf etmiş və ən yaxşı planlaşdırılmış şəhərlərindən birinə qısa bir səyahət etdiyimizi və bu şəhəri öyrəndiyimizi təsəvvür edək. Əlbəttə ki, belə bir şəhərin təməli və infrastrukturu da ideal şəkildə olacaq. Xüsusilə kommunikasiya sahəsində hər bir tədbir görülüb, şəhərdə yaşayanlar üçün hər bir şərait yaradılıb. Şəhərdə torpaq altında qurulmuş böyük bir metro sistemi var. Bu metro sistemi şəhərin hər bir bölgəsini bir-biri ilə əlaqələndirir. Metro şəbəkəsinin məcmu uzunluğu yüzlərlə kilometrə çatır və şəhərin hər nöqtəsində metro stansiyaları var.
Torpağın üzərində də ideal bir şəhər salınıb. Avtomobil yolları və magistral xətlər şəhərin quru yolları şəbəkəsini əmələ gətirir. Şəhər əhalisi nə qədər çox olsa da ağıllı planlaşdırma və çoxlu sayda inşa edilmiş yollar sayəsində tıxaclar yaranmır və rabitə və kommunikasiya sistemlərində heç bir qüsur baş vermir. Eyni zamanda yolların üst quruluşu da qüsursuz olaraq yaradılıb. Magistral qovşaqları, yol hərəkəti qaydaları sistemi və işıqforlar hərəkəti tənzimləyir, yollardakı işarə və lövhələr hətta əcnəbi sürücülərin də işini asanlaşdırır.
Bu inkişaf etmiş şəhərin mühüm bir ticarət və sənaye mərkəzi olmasını da unutmayaq. Həmin yollardan bütün gün ərzində sənaye və ticarət mallarının daşınmasında istifadə edilir.
Indi isə bunu düşünək: əgər belə bir şəhərdə olsaydıq və qarşımıza bir insan çıxıb bu şəhərin heç kimsə tərəfindən planlaşdırılmadığını, bu şəhərin plan əsasında inşa edilmədiyini, yolların, metro sisteminin, sənaye və ticarət mərkəzlərinin təsadüfən, öz-özünə yarandıqlarını desəydi, sizin buna reaksiyanız necə olardı?
Əlbəttə ki, bu vaxt deyilən sözlərin doğru olub-olmadığını deyil, həmin insanın ağıl baxımından normal olub-olmadığını düşünərdik.
Bu məqamda yuxarıda nümunə kimi göstərdiyimiz şəhərin planlaşdırılması qaraciyərin içində olan kanal sisteminin planlaşdırılması ilə müqayisə edildiyi zaman qeyd etməliyik ki, şəhərin planı qaraciyər kanal sisteminin planına nisbətən daha bəsitdir. Hər bir kanal müəyyən bir məqsədlə açılıb və onlar müəyyən bir funksiya daşıyırlar. Qaraciyərdə yaradılan və ya funksiya daşıyacaq molekullar başgicəlləndirici mürəkkəb hərəkət içində, heç bir qüsur olmadan həmin kanallar vasitəsilə yola çıxırlar. Kanalların ətrafı istehsal, ehtiyatda saxlama və çevirmə (sintez) proseslərini yerinə yetirən sənaye mərkəzləri ilə (hüceyrələrlə) əhatə olunub. Bu hüceyrələr heç bir kimya zavodu və ya sənaye mərkəzi ilə müqayisə edilməyəcək dərəcədə mürəkkəb prosesləri həyata keçirir və hər an maddə hazırlayırlar. Fövqəladə dərəcədə səmərəli bir sənaye bölgəsində fövqəladə dərəcədə səmərəli bir kommunikasiya şəbəkəsi qurulub. Belə planlaşdırılmış sistemin yaradılmış olması aşkar bir həqiqətdir.
Yalnız qaraciyərdə deyil, insan orqanizminin hər bir nöqtəsində böyük bir planlaşdırma və layihənin olması görünür. Gözlə görünməyən molekullar xüsusi qaydada yaradılmış kanalların içində səfər edir və lazımi yerlərə çatırlar. Bu əlaqənin daimi olması insanın həyatı baxımından böyük əhəmiyyət daşıyır.
Bu molekulların hansı orqanda ehtiyatda saxlanacaqları, qanın tərkibində hansı miqdarda olacaqları, orqanizmdən kənar edilib-edilməyəcəkləri kimi bütün mövzular alimlərin və həkimlərin illərlə araşdırıb tədqiq etdikləri mövzular olub. Hətta molekulyar biologiya adlanan elm sahəsi də orqanizmdə müəyyən edilmiş molekulların hərəkət və funksiyalarını xüsusi olaraq tədqiq edir. Lakin bu elm sahəsinin əldə etdiyi məlumatlar mövcud proseslərin yalnız kiçik bir hissəsini izah edə bilir. Şübhəsiz ki, insan ağlının hal-hazırda bütün texnologiyalardan istifadə etməklə tədqiq etdiyi, lakin tam olaraq izah edə bilmədiyi orqanizm sistemlərinin öz-özünə yaranması qeyri-mümkündür. Bunu təsadüflərə əsaslandıran iddialar isə heyrətamiz dərəcədə cəfəngdir.
Heç bir insan asfaltdan hazırlanmış avtomobil yolunun öz-özünə yarandığını iddia etməz. Belə olan halda ət və qan kimi həssas maddələrdən yaradılmış, minlərlə kilometr uzunluğunda olan, qüsursuz quruluşlu plana malik sistemlərin təsadüflər nəticəsində yaranmasına inanmaq ən böyük məntiqsizlikdir.
Bütün bu qüsursuz quruluşun yaradıcısı yalnız yenilməz qüdrət və qüvvət sahibi olan Allahdır. Hər şey Allahın dilədiyi şəkildə həyata keçir.

Qaraciyər hüceyrələrinin xüsusi qabiliyyətləri

Qaraciyər özünün mövcud olduğu yerdən orqanizmimizdəki qan dövranı, həzm, ifrazat (ekskretor) sistemləri kimi müxtəlif nahiyələrdə baş verən bütün fəaliyyətlərdən xəbərdardır. Məsələn, qaraciyər həzm sisteminə daxil olan yağların həll edilə bilməyəcəyini əvvəlcədən bilir, bu yağların parçalanması və həzm edilməsi üçün lazım olan kimyəvi maddəni öz laboratoriyasında hazırlayır.
Əvvəl də nəzərdən keçirdiyimiz kimi, bu maddə öd ifrazatıdır. Qaraciyər hazırladığı bu maddəni dərhal ifraz etmir və onu ehtiyatda saxlayır. Daha sonra aldığı əmrə görə öd ifrazatını tam vaxtında yağlı qidaların üzərinə göndərir.
Burada bəhs edilən prosesləri yerinə yetirən orqan yalnız ətdən və qandan ibarət olan bir orqandır. Lakin qaraciyərin həzm sistemində baş verənlərdən xəbərdar olması və buna görə tədbir görərək öd maddəsi hazırlaması onun yüksək uzaqgörənlik qabiliyyətinə malik olması anlamına gəlir.
Qaraciyər hüceyrələrinin qabiliyyəti bunlarla məhdudlaşmır. Bu orqandakı daimi proseslər nəticəsində ortaya bəzi tullantılar çıxır. Bunların aradan qaldırılması qaraciyərin öz funksiyalarını yerinə yetirməsi baxımından əhəmiyyətlidir. Sinusların səthində olan "Kupfer hüceyrələri" elə bu funksiyanı yerinə yetirir. "Kupfer hüceyrələri" əsasən qanın tərkibindəki maddələri "faqositoz" adlanan mənimsəmə və həzmetmə üsulu ilə udur.37 Zərərli və ya zərərsiz maddələrin çeşidlənməsi bu hüceyrələrdə dəqiq şəkildə yerinə yetirilərək təhlükə aradan qaldırılmış olur.
Əgər qaraciyərə qan vasitəsilə gələn zərərli maddələr Kupfer hüceyrələrinə görə seçilib aradan qaldırılmasaydı, nə olardı?
Orqanizmdə daim bir çox xəstəliklər yaranar və bütün immunitet sistemi səfərbər olardı. Bu da bizim özümüzü daim xəstə və yorğun hiss etməyimizə səbəb olardı. Lakin orqanizmdə olan böyük bir ordu qaraciyərdəki xüsusi sistem sayəsində həyəcan siqnalına tabe olur, sərhəddəki polis qüvvələri kimi dəyərləndirilə bilən bu Kupfer hüceyrələri zərərli maddələri aradan qaldırır.
İnsan səhhəti üçün görülmüş bu tədbir də Allahın yaratdığı canlılar üzərində olan şəfqətinin bir hissəsidir. Bu məlumatları oxuyan, vicdanından və ağlından istifadə edərək bunlar haqqında düşünən hər bir insan yalnız bir nəticəyə gələcək: Allah üstün qüvvə sahibi və tərifə, vəsfə layiq olandır.

Qaraciyərdəki çoxfunksiyalı işçilər

Qaraciyərin əsas hüceyrələri olan hepatositlər öd ifrazı, qanın tərkibində olan toksinlərin artırılması, proteinlərin və karbohidratlarla yağların çeşidlənməsi, qanın ehtiyatda saxlanması və laxtalanmanı təmin edən zərrəciklərin yaradılması kimi funksiyalar daşıyır. Bir-birinin ardınca qeyd etdiyimiz bu funksiyaların hər biri sağlam bir həyat tərzi keçirməyimiz üçün lazım olan çox mühüm funksiyalardır. Bu qədər müxtəlif funksiyanın qaraciyərdə olan və eynilə bir-birinə bənzəyən hüceyrələr tərəfindən həyata keçirilməsi isə çox düşündürücü məsələdir. Hər biri yüksək səviyyə tələb edən bu kimyəvi reaksiyaların və istehsalın eyni hüceyrələr tərəfindən yüksək səviyyədə həyata keçirilməsi əslində çox sistemli, nizamlı və planlı bir fəaliyyət tələb edir. Həmin planlı fəaliyyəti karbon, hidrogen, oksigen və azot kimi maddələrdən əmələ gəlmiş, təfərrüatları yalnız elektron mikroskopu altında görünə bilən hüceyrələrin yaratması isə üzərində dərindən düşünməyi tələb edən bir mövzudur.
Bu yerdə belə bir nümunə vermək olar. Qaraciyərin yerinə yetirdiyi prosesləri bizim üçün gerçəkləşdirəcək bir insan topluluğu yaratmağa çalışdığımızı düşünək. Bu vaxt bizə:
- kimyəvi reaksiyalar sahəsində mütəxəssis;
- istehsalda çalışacaq;
- depoda lazımi maddələri ehtiyatda saxlayacaq;
- maddə hazırlanarkən əmələ gələn tullantıları kənarlaşdıracaq, lakin bunu fabrikdə işləyənlərə zərər vermədən və ətrafı çirkləndirmədən həyata keçirəcək;
- köməkçi fabriklərə əlavə xidmət göstərəcək, onların ehtiyacı olan maddələri əvvəlcədən müəyyən edib tədbirini görəcək və maddə hazırlanmasını davam etdirəcək;
- ətrafdakı fabriklərdə olan qüsurları aradan qaldıracaq;
- bununla yanaşı bir çox başqa prosesləri də yerinə yetirəcək insanlar lazım olacaq.
Eyni zamanda qaraciyər hüceyrələrinin etdiyi kimi, bu insanların hər birinin bu işlərdə təcrübəli olması, fasiləsiz işləməsi, yorulmaması və bütün işlərin məsuliyyətini təkbaşına daşıya bilməsi lazım gələcək.
Göründüyü kimi, belə bir işi bacaran, bütün bu xüsusiyyətlərə malik olan insanları tapmaq qeyri-mümkündür. Halbuki yalnız mikroskop altında görə bildiyimiz milyonlarla hüceyrə hal-hazırda diafraqmamızın altında olduqları yerdə, saydığımız və saymadığımız bir çox funksiyaları qüsursuz şəkildə yerinə yetirir. Həmçinin bu qüsursuz fəaliyyət bu gün yer üzündə yaşayan milyardlarla insanın hər birinin qaraciyərində eyni şəkildə fəaliyət göstərir. Tarix boyunca yaşamış trilyonlarla insanın qaraciyər hüceyrələri də həmin funksiyaları qüsursuz olaraq yerinə yetirmişdir.
Məlumdur ki, trilyonlarla hüceyrənin göstərdiyi bu ağıl molekullarda əmələ gələn bu varlıqlara aid edilə bilməz.

Bir baza kimi fəaliyyət göstərən qaraciyərin bəzi funksiyaları

Orqanizmin bütün enerjisinin 12-20 faizindən istifadə edərək fəaliyyət göstərən qaraciyər məlum olan 500-ə qədər funksiyanı yerinə yetirir. Qaraciyərin təkbaşına bir baza kimi fəaliyyət göstərdiyi sahələrin bəziləri bunlardır.

Hüceyrələr üçün lazım olan qidaları nizamlayır.
Orqanizmimizdəki təxminən 100 trilyon hüceyrənin hər birinin duyduğu qida maddələrini ala bilməsi üçün lazım olan tənzimləməni həyata keçirən orqan qaraciyərdir. O bu tənzimlənməni apardığı zaman hüceyrələrin nəyə ehtiyacının olduğunu yaxşı bilməlidir. Lakin özü də buna bənzər hüceyrələrdən əmələ gələn bu orqanın lazımi məlumatları harada toplaması, bunları necə şərh etməsi və düzgün qərarlar qəbul etməsi üzərində düşünülməli olan mövzulardır.

Qidaları hazırlamaq üçün lazım olan xammalı alır.
Qaraciyərin öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi xammal qan vasitəsilə daşınır. Hasilat sahəsində xammal müxtəlif kanallardan alınıb daha sonra başqa maddələrə çevrildikləri kimi qaraciyər də ona çatdırılan xammalı daim sintez edir, ehtiyatda saxlayır, istifadə etmək və ya kənarlaşdırmaq üçün qan vasitəsilə yenidən orqanizmə geri qaytarır.

Orqanizmə lazım olan maddələri ehtiyatda saxlayır.
Yüzlərlə kimyəvi reaksiyanın baş verdiyi nəhəng bir laboratoriyanı xatırladan qaraciyər eyni zamanda həyatın davam etməsi üçün lazım olan müxtəlif maddələri ehtiyatda saxlayır və bəzi maddələri də özü hasil edir. Dəmir, mis, A vitamini və D vitamini bunlardan bəziləridir. Bundan əlavə, qaraciyər qanı laxtalandıran "protrombin", "fibrinogen" və "heparin" kimi proteinlərin də yarandığı yerdir.

Həyat üçün zəruri olan proteinləri istehsal edir.
Qaraciyərin əsas funksiyalarından biri də ehtiyac duyulan proteinləri sintez etməsidir. Heç bir xüsusi hazırlıq keçmədən nə edəcəyini bilən qaraciyər həzm nəticəsində ortaya çıxmış amin turşularına aid azot molekullarını düzgün üsuldan istifadə edərək ayırır və onların karbohidrat və yağlarla reaksiyaya girməsini təmin edərək yeni proteinlər hazırlayır. Bundan əlavə, qaraciyər yağ və proteinlərdən istifadə edərək bu dəfə karbohidrat kimi maddələr də hazırlayır. Karbohidrat və proteindən yağ da hasil edə bilən qaraciyər onu ehtiyatda saxlayaraq daha sonra asanlıqla enerjiyə çevirə bilir.

Müdafiə sisteminə dəstək olur.
Əvvəl də qeyd etdiyimiz kimi, qaraciyər orqanizmimizin müdafiə sisteminin mühüm bir hissəsidir. O, hətta fəaliyyətdə olmayan zəhərli maddələri də tapıb zərərsizləşdirir və sonra da kənarlaşdırır.
Qaraciyərdəki xüsusi faqositlər qanın tərkibində olan yad maddələri və bakteriyaları təmizləyir. Qaraciyər həmçinin dərmanların zərərli toksik təsirlərini aradan qaldırır, bununla da yaxşılaşmaq məqsədilə qəbul etdiyimiz dərmanların əlavə zəhərləyici təsirlər yaratmasının qarşısı alınmış olur. Tam mənasında bir təhlükəsizlik sistemi kimi fəaliyyət göstərərək qan vasitəsilə ona çatan bütün zərərli maddələri müəyyən edir. Kənardan orqanizmimizə daxil olan və qan vasitəsilə mədə və ya bağırsaqlardan qaraciyərə gələn bu zərərli maddələri digərlərindən ayıraraq tanıyan və lazım olanı vaxtında yerinə yetirən qaraciyər hüceyrələri olmasaydı, çox sadə bakteriya növləri və ya yaxşılaşmaq üçün qəbul etdiyimiz dərmanlar bizi bir xəstəlikdən digərinə sövq edərdi.
Həyatımız üçün zəruri olan bütün bu proseslər orqanizmimizdəki 1,5-2 kq ağırlığında olan orqan tərəfindən fasiləsiz olaraq həyata keçirilir. Siz bu yazını oxuduğunuz zaman da haqqında bəhs edilən bütün proseslər fasiləsiz surətdə davam edir. Bu möcüzəvi sistemdə əmələ gələn ani bir fasilə də həyatımızın sona çatması və ya müalicəsi olmayan xəstəliklərə məruz qalmağımız üçün kifayətdir.
Bir-birinin ardınca qeyd etdiyimiz bu prosesləri həyata keçirən qaraciyərin özü də protein, yağ və su kimi təməl daşlarından əmələ gələn bir orqandır. İllərlə təhsil almasına baxmayaraq yalnız bəzi kimyəvi reaksiyaları öyrənə və tətbiq edə bilən bir insandan dəfələrlə məharətli olan və hər bir kimyəvi reaksiyanı müvəffəqiyyətlə və qüsursuz şəkildə yerinə yetirən qaraciyərin bu xüsusiyyətləri insanı heyrətləndirmək üçün kifayətdir. Bütün qaraciyər hüceyrələri orqanizmimizdə hansı maddələrdən istifadə ediləcəyini bilirlər. Bunları bildikləri kimi, bu maddələrin molekulyar və kimyəvi quruluşlarından da xəbərdardırlar. Beləliklə, "şəxsiyyətləri"ni müəyyən etdikləri müxtəlif qida maddələrini öz laboratoriyalarında dəyişdirərək faydalı maddələrə çevirirlər. Təbii ki, bunları edərkən protein sintezi üçün vitaminlərə və enzimlərə ehtiyacın olduğunu, qanın əsasını təşkil edən eritrositlərin hazırlanmasında dəmirin əsas olduğunu və ya qanın tərkibindəki şəkərin nisbətinin müəyyən bir tarazlıqda olmasının vacibliyini də çox yaxşı bilirlər!
Bu məqamda qarşılaşdığımız həqiqət budur: qaraciyər hüceyrələri bu proseslərin yalnız birini də özbaşına edə bilməzlər. Orqanizmimizdəki maddələrlə bağlı məlumatların bir cümləsini də özbaşına öyrənə bilməzlər. Hansı qida maddəsindən necə istifadə ediləcəyini, hansılarının orqanizm üçün faydalı və ya zərərli olduğunu, hansının ehtiyatda saxlanacağını qaraciyər hüceyrələrinə ilham edən qüvvə isə aləmlərin Rəbbi olan Uca Allahdır.

Qayğıya ehtiyacı olmayan sistem

Bura qədər qeyd edildiyi kimi, qaraciyərə qan gətirən iki damar var: qaraciyər arteriyası və qapı venası. Bu iki damar qaraciyərin içində qapı aralıqlarına bənzər yollarla irəliləyən incə şaxələrə ayrılır. Bu damarlar vasitəsilə qaraciyərdən dəqiqədə 1,5 litr qan keçir. Bu isə qaraciyərdən saatda 90 litr qan keçməsi, yəni qaraciyərin özündən bir gün ərzində 2160 litr qanı keçirməsi deməkdir. Bundan əlavə, orta hesabla 70 illik insan ömründə qaraciyərə qida yolu ilə 1,5 ton protein, 12,5 ton da karbohidrat daxil olur.
Fasiləsiz şəkildə fəaliyyət göstərən bu sistem gözümüz önündə çox böyük bir təsisat və kompüterin nəzarət etdiyi idarəetmə sistemləri ilə təchiz edilmiş nəhəng neftayırma zavodu kimi canlanır. Həmin zavodun 24 saat fasiləsiz surətdə fəaliyyət göstərdiyini təsəvvür edək. Həmçinin onu da fərz edək ki, bu zavod bir gün başa çatanda fasilə etmədən o biri gün də fəaliyyət göstərmək məcburiyyətində qalır. Əlbəttə ki, bu halda zavoddakı cihazların qayğıya ehtiyac duyacağı haqqında düşünə bilərsiniz. Əgər yuxarıda qeyd olunan sistem həqiqətən də bir təmizləmə zavodu və ya çox müasir, inkişaf etmiş cihaz olsaydı, həftənin ən azı yarım gününü həmin cihazların hər hansı bir qüsurunun olub-olmadığını nəzərdən keçirməyə sərf etməyə məcbur olardıq.
Lakin burada haqqında bəhs edilən orqan bir zavod deyil. Hazırda orqanizmimizdə hər hansı bir təmizləmə zavodundan da yüksək səviyyəyə malik olan bir orqan var. Qaraciyər öz üstünlüyündən heç bir şey itirmədən, yorulmadan və dincəlmək üçün fasilə etmədən tonlarla maddəni alır, özündən keçirir və onu orqanizmin istifadə edə biləcəyi vəziyyətə gətirir. Bundan əlavə, fasiləsiz fəaliyyət göstərməsinə baxmayaraq sistemin fəaliyyətini ləngitməyən qayğıya da ehtiyac duymur.
Məhz bu, Allahın üstün və misilsiz yaratmasıdır:

Qaraciyərin özü-özünü yeniləşdirmə qabiliyyəti

Qaraciyər insan orqanizmində özü-özünü yeniləşdirmək qabiliyyətinə malik olan yeganə orqandır. Qaraciyərin 70 faizə yaxını kəsilsə də o, bir-iki həftə ərzində funksiyalarını yerinə yetirəcək əvvəlki vəziyyətinə dönə bilir.
Qaraciyərin regenerasiya (özünü yeniləşdirmə) fəaliyyətinin hansı mexanizmlər tərəfindən həyata keçirildiyi hələ də tədqiq edilir. Qaraciyərin bu xüsusiyyəti ilk dəfə hələ 1931-ci ildə Mayo klinikasında iki cərrahın tədqiqatları nəticəsində məlum olub. Həmçinin məlum olub ki, qaraciyər özünü bir neçə üsulla yeniləşdirə bilir və hər hansı bir mənfi haldan sonra bu prosesi hüceyrələrin özləri avtomatik olaraq başlayırlar. Lakin sağlam bir qaraciyərdəki hüceyrələrin öz-özünə çoxalmasına rast gəlinməyib. Belə olan halda bu orqanın lazım olduğu zaman özü-özünə bölünərək çoxalmasının və qaraciyəri əvvəlki ölçülərinə qaytarana qədər bunu davam etdirməsinin səbəbi nədir? Çoxalma zamanı hüceyrələr daha nə qədər davam edəcəklərini və ya harada dayanacaqlarını necə bilirlər? Onlara hərəkət və ya dayanma əmri haradan gəlir? Əgər bir yerdən "dayan" əmri almırlarsa, digər orqanları qane edəcək dərəcədə böyümələrinin lazım olduğuna özlərimi qərar verirlər?
Qaraciyər hüceyrələri zədələndikləri zaman gözlənilməz bir fəaliyyət göstərərək ani surətdə çoxalmağa başlayırlar. Burada hüceyrələrin inanılmaz sürətlə bölünməsi və bu vaxt normal funksiyalarını da qüsursuz şəkildə yerinə yetirməsi insanı heyrətə salır. Lazım olan işlər bitdikdən sonra hüceyrə bölünməsinin nə vaxt dayanacağına ortaq bir qərarla son qoyulması isə daha heyrətamizdir.
Güman edilir ki, qaraciyərdəki pozuntu bölünüb çoxalma təsiri yaradan bəzi amilləri hərəkətə gətirir. Bu böyümə amilləri qaraciyər hüceyrələri üzərindəki qəbuledicilər tərəfindən alınır və hüceyrə daxilində kompleks fəaliyyətin başlanmasına səbəb olur. Beləliklə, qaraciyər hüceyrələrinin genetik quruluşunda yenidən "proqramlaşdırma" həyata keçir və çoxalma üçün lazımi fəaliyyət başlayır.
Bu məsələ genetika mütəxəssisləri tərəfindən tədqiq edilib və qaraciyərdə özünü yeniləşdirən hüceyrələrin istifadə etdiyi metodla hərəkət səviyyələri də nəzərə alınıb. Bu proses "fışqıran hepatositlər" adlandırılır və qaraciyərin mərkəzindən kənara doğru keçdiyi yol tədqiq edilir. Yalnız bircə hepatositin qaraciyərin olduqca böyük bir hissəsini yeniləşdirə biləcəyi müşahidə edilib. Bölünərək çoxalma zamanı qaraciyərdəki yeni hüceyrələrin hərəkət etmədiyi, lakin əvvəlki hepatositlərin irəlilədiyi müşahidə edilib.
Yeniləşmə zamanı qaraciyər mərkəzində olan qaraciyər hüceyrələri və başqa hüceyrələr buradakı portal nahiyədən çıxaraq qaraciyər venasına doğru irəliləyir. Birgə yerinə yetirilən bu hərəkəti bir yürüşə bənzətmək olar. Hüceyrələr toxuma üzərində yalnız bir istiqamətdə hərəkət etdikləri üçün bir hüceyrə nə qədər mərkəzdən uzaqdırsa, bir o qədər yaşlıdır. Beləliklə, hüceyrələrin yaşı onların mərkəzdən uzaq olmalarına görə hesablana bilir.
Qaraciyərdə baş verən hüceyrə hərəkətlərinin tədqiq edilməsi ilə ortaya çıxan "fışqıran toxuma müddəası" yeni yaranan hər bir hüceyrənin çox yaxşı bildiyi və dərhal tətbiq etdiyi bir hərəkətdir. Hüceyrə mitoza olaraq iki hissəyə ayrıldıqdan sonra yeni yaranan hüceyrələrin biri bölünən əsas hüceyrənin əvvəlki yerini aldığı halda əsas hüceyrə də bitişdiyi yerə "fışqırır". Hüceyrələrdən biri bölündüyü zaman yenilərdən biri hərəkət etmək məcburiyyətindədir.
Bir hüceyrə bölündüyü zaman yeni yaranan hüceyrə əvvəlkinin yerində qalır, əsas hüceyrə isə bir az irəliləyir. Lakin bu hüceyrələrin yeni yerlərinə keçə bilməsi üçün bütün digər hüceyrələr yerini bir az yuxarıya tərəf dəyişməlidir. Göründüyü kimi, bu hüceyrələr nə yerini dəyişir, nə də yox olurlar, yəni mexaniki fəaliyyət həyata keçirmirlər. Bu səbəbdən baş verən hadisəyə "fışqırma" deyilir. Hüceyrə fışqırması əsas hüceyrələrlə qidalanır və çox sürətlə həyata keçir.
Bütün bu möcüzəvi prosesləri əvvəlindən sonuna qədər yaradan və nizama qoyan, lazımi əmrləri verən isə Uca Allahdır. Yer üzündə qarşılaşdığımız hər bir sistemin və varlığın işlərini nizamlayan Allahdır və insan bu elmi tədqiq edib üzərində düşünməlidir.

Hüceyrələrdəki şüur yaradılış həqiqətini təsdiq edir!

Orqanizmimizdəki orqanların bir-biri ilə əlaqə yaratması həyatımızın davam etməsi üçün mütləq zərurətdir. Bir orqanizmdəki hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmək üçün daim əlaqə saxlayırlar. Hüceyrələr bir-biri ilə ya birbaşa təmasda olur, ya da sinir, elektrik və kimyəvi siqnallar vasitəsilə əlaqə saxlayırlar. Lakin unutmaq olmaz ki, burada haqqında bəhs edilən hər orqan bir ət parçası, əlaqə saxlayan hüceyrələr isə proteinlər, kimyəvi maddələr və ya minerallardır. Bir-birinə məlumatlar çatdıranlar, bu məlumatı anlayıb tətbiq edənlər də həmin maddələrdir. Lakin bütün bu hərəkətlər böyük bir şüur və ağıl tələb edir.
Məsələn, bir insanın qaraciyərinin bir hissəsi kəsilib götürüldüyü zaman qaraciyərin digər hissəsi öz-özünü təzələyərək əvvəlki vəziyyətinə gəlir. Bu zaman hüceyrələr vaxt itirməmək üçün çox sürətlə çoxalır. Lakin ən əsası isə hüceyrənin nə zaman çoxalmağa başlamasının və nə zaman dayanmasının vacib olduğunu bilməsidir. Burada çoxalan və bölünən hüceyrələr eyni anda dayanmaq qərarına gəlirlər. Nə çox, nə az, nə tez, nə də gec olmayaraq, eyni zamanda dayanmaq qərarına gələ bilirlər.
Bu hüceyrələrə ilk olaraq çoxalma əmri verən, təcili vəziyyət olduğu üçün sürətlə hərəkət etmələrinin vacibliyi ilə bağlı onları xəbərdar edən, orqan əvvəlki vəziyyətinə gəldiyi zaman bunu bilib onları dayandıran kimdir? Bəs başqa hüceyrələr kimin sözünə itaət edib çoxalır və kimin sözü ilə dayanırlar? Bu, qaraciyər adlı ət parçasınınmı əmri ilə olur? Təbii ki, bir ət parçasının belə bir üstün şüur nümayiş etdirməsi, ağılla qərar qəbul etməsi mümkün deyil. Bu üstün ağıl və şüur aləmlərin Rəbbi olan Allaha məxsusdur. Bəhs edilən hadisələr bizə kainata hakim olan Allahın üstün qüdrətini göstərir.

36-Solomon, Berg, Martin, Villee, Biology, , səh.962
37-Arthur Guyton-Yohn Hall, Text Book of Medical Physiology Guyton & Hall, W.B. Saunders Company, 1996, səh.885