Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Minimal bakteriya genomu belə kompleks quruluşa sahibdir

16 Yanvar 2017 01:22

Hüceyrənin mənşəyini axtarmağın mahiyyəti

Həyatın təkamül prosesi nəticəsində formalaşdığını müdafiə edən alimlərə görə, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və təsadüfən ilk canlı hüceyrə meydana gəlmişdir. Əgər həyat təkamül nəticəsində meydana gəlibsə, onda ilk canlı hüceyrəsi mərhələlərlə necə təkamül keçirmişdir?

Bu suala cavab vermək üçün xeyli təcrübələr aparılmış, lakin həyatın təkamüllə meydana gəldiyi isbat oluna bilməmişdir. Əksinə, aparılan tədqiqatlarda ilk canlı orqanizmin təsadüfi mərhələlərlə, təkamül prosesi nəticəsində ortaya çıxmasının qeyri-mümkün olduğu sübut edilmişdir. Məsələn, Miller, Foks, Doze və s. alimlərin keçirdiyi təcrübələr uğursuzluqla nəticələnərək həyatın təsadüf məhsulu olmadığı aşkara çıxarılmışdır.

Son dövrlər KİV-lərdə “həyatı yaratmaq mümkündür” kimi təəssürat formalaşdırılmağa çalışılır. Bu mövzuda nümunə göstərilən tədqiqatlar isə gen mühəndisliyi adlanan elm sahəsinə aid edilir. Hal-hazırda laboratoriyalarda bir canlının DNT-sinə başqa canlıdan götürülən genləri sadəcə nəql etmək, ya da mövcud DNT-dəki nukleotid cütlərin yerlərini dəyişdirmək gen mühəndisliyi kimi tanınır. Ancaq bu anlayışda hər hansı bir məlumatın yoxdan yazılışı nəzərdə tutulmur. Genom barədə aparılan işlər bəşəriyyət üçün olduqca önəmli və faydalı nəticələrə səbəb olur. Məsələn, xəstəliklərə həssas şəkildə meyilli olan və ya mutasiyaya məruz qalmış genlərin ayırd edildiyi bir genom əldə etmək, əlbəttə ki, sağlam və uzun ömür üçün faydalıdır. Gen mühəndisləri genlərin çoxaldılması, müxtəlif canlılardakı genlərin birləşdirilməsi, canlılar arasında genlərin ötürülməsi və buna oxşar işlər görürlər. Bütün bu araşdırmalarda həmişə mövcud olan genetik məlumatın üzərində işlənilir. Həmçinin bütün bu proseslər nəzarət altında həyata keçirilir. Təsadüfən, kortəbii olaraq öz-özünə baş vermir. Ona görə də, belə təcrübələrin heç biri həyatın təsadüfən ortaya çıxmasının sübutu ola bilməz. Genlərin, onları kodlaşdıran zülalların, zülalları təşkil edən aminturşuların sıfırdan sintezi, eyni zamanda hüceyrənin yoxluqdan sintezinə nail olunmamışdır.

Gen mühəndisliyinin gəldiyi son nəticə

“Science Magazine” bu yaxınlarda “Minimal bakterial genomun quruluşu və sintezi” adlı məqalə dərc etmişdir. Həmin məqalədə müvəqqəti genomdan yeni bakteriyanın əmələ gəlməsi təsvir edilir. Məqalə məşhur kimyaçı Kreyq Venter də daxil olmaqla, bir çox alimlər tərəfindən 20 ildir ki, üzərində işlənilən layihəni təqdim edir. Venter İnstitutunda aparılan işlər irəliləyərək davam edir. Kreyq Venterin rəhbərlik etdiyi araşdırmada sonuncu dəfə əldə olunan hüceyrə (JCVI-syn 3.0) 473 genə malik olub, laboratoriya şəraitində böyüdülən ən kiçik genoma sahib orqanizm kimi təyin olunmuşdur. Onlar genomu təxminən yarıya endirməyin öhdəsindən gəliblər. Məlumdur ki, 400 genlə işləmək 900-dən çox geni və ya 4000-dən çox geni olan E. coli adlı bakteriya ilə işləməkdən daha asandır. Ümid olunur ki, minimal bakteriya gələcəkdə sintetik biologiyada faydalı olacaq. Xəstəlikləri müalicə etmək üçün faydalı dərmanların istehsalına zəmin yaradacaq.

Tədqiqatçıların bu layihə üzərində 20 il işləməsinin başqa səbəbi də funksional hüceyrənin yaşaması üçün genetik informasiyanın minimum miqdarını öyrənməkdir. Lakin bu məqam bizə azaldılmış genlərin lazımsız olduğunu deməyə əsas vermir. Bu tədqiqat bir neçə maraqlı faktları üzə çıxarıb. Tədqiqatçılar hələ də, azaldılmış genomun 30%-nin nəyə xidmət etdiyini bilmirlər, onlar sadəcə genlərin mühüm olduğunu bilirlər. Bu fakt da “tullantı DNT” iddiasının yanlış olduğunu göstərir. Digər genlər kəsilib atıldıqda əvvəllər vacib hesab olunmayan genlərin əhəmiyyətli olduğu üzə çıxır. Çox açıqdır ki, 473 gen arasında mürəkkəb qarşılıqlı əlaqə var. Bu çox kiçik bakteriya öz DNT-ni kopiyalamağa, transkripsiya və translyasiya edib zülala çevirməyə, həmçinin hüceyrələrin fəaliyyətinin tərkib hissələri arasındakı əlaqəni təmin etməyə qadirdir. Hüceyrə heç bir xarici təsir olmadan həyati funksiyalarını davam etdirir. Nəticə etibarilə, 473 gen az hesab oluna bilməz. Məlumatları saxlamaq və ötürmək üçün bu qədər gen vacibdir.

Bütün bunlardan belə bir sual ortaya çıxır: bəs hüceyrə haradan əmələ gəlir? Bu, toyuq və yumurta məsələsinə bənzəyir. Hüceyrə bir çox funksional xüsusiyyətlər yerinə yetirir, bəs bunun başlanğıcı haradan gəlir? Zülaldan? DNT-dən? Yoxsa RNT-dən? DNT və RNT təkcə kifayət deyil, çünki zülal DNT-ni kopiyalamalı və fundamental hüceyrədaxili proseslərdə iştirak etməlidir. Zülal özü də təkcə kifayət deyil, çünki zülal barədə məlumatların (DNT-də yazılmışdır) ötürülməsi üçün DNT-yə ehtiyac var. Bəzi alimlər iddia edirlər ki, RNT “hiylə” işlədə bilər, yanlışlıq edə bilər, çünki əlverişli şəraitdə və təcrübəçinin köməyi ilə RNT özünü də qismən kopiyalaya bilər. Bu da daha böyük problemlər yaradır. Əgər ibtidai dünyada özünü köçürən RNT əmələ gəldiyini fərz etsək, ancaq nukleotid zəncirindən ibarət olan bu RNT hansı şüurla özünü köçürməyə qərar vermiş və nə cür mexanizmlə bu köçürməni bacarmışdır? Özünü köçürərkən istifadə etdiyi nukleotidləri haradan tapmışdır? RNT-nin varlığını hüceyrənin ortaya çıxması üçün ilkin mərhələ olaraq qəbul etmək bir avtomobilin kağız üzərində çəkilmiş çertyojunu o avtomobili təşkil edən minlərlə hissənin üzərinə atıb sonra avtomobilin öz-özünə montaj olunaraq əmələ gəlməsini gözləməklə eyni dərəcədə mənasızdır.

İkincisi, DNT və zülal bir-birinə necə çevrilir? Buna heç bir təkamülçünün cavabı yoxdur. DNT ancaq zülalın tərkibindəki bəzi fermentlərin köməyilə kopiyalana bilər. Amma bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-birilə əlaqədar olduqlarına görə, kopiyalanmanın meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdır. Gəlin biokimyaçı Maykl Bihinin “Darvinin qara qutusu” kitabında qeyd etdiyi sadələşdirilməz komplekslik problemini unutmayaq. O qeyd edir ki, minimal hüceyrə bir-birinə uyğun, əlaqələndirici hissələrdən təşkil olunub, əsas funksiyaları yerinə yetirməyə kömək edir və onlardan birinin olmaması sistemin funksiyasının tamamilə dayanmasına səbəb olur. Mürəkkəb sistemlər ağıllı dizaynın sübutudur, çünki ancaq ağılın minimal hüceyrə kimi zəngin məlumatlı və sadələşdirilməz kompleks sistemi dizayn etmək və həyata keçirmək bacarığı var.

Sadə maşının dizaynı haqqında düşünün. Sizə mühərrik, ötürücü sükan, oxlar, təkərlər və bütün bunları birlikdə saxlayan şassi lazımdır. Sonra isə, hərəkət edə bilməsi üçün benzin. Bunlardan birinin və ya ikisinin olmaması, maşının funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Maşın sürmədən əvvəl bu hissələrin hamısı lazımdır. Eyni zamanda, bu maşının hissələrini yığmaq üçün bir dizaynerə də ehtiyac var. Minimal hüceyrədən danışanda yenə bu həqiqət dəyişmir. Nə minimal genoma sahib hüceyrə, nə də genləri azaldılmayan hüceyrə təsadüfən yarana bilməz. Hər ikisi üçün Yaradıcıya ehtiyac var. Kardiff Universitetindən tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqhe həyatın təsadüflərlə əmələ gəldiyinə on illər boyu inandırılmış elm adamı kimi qarşılaşdığı bu həqiqəti belə etiraf edir:

“Bir elm adamı kimi aldığım təhsil müddətində elmin hər hansı şüurlu yaradılış anlayışı ilə uyğun gəlmədiyinə dair çox güclü təlqinlər almışam. Bu anlayışa qarşı şiddətlə mübarizə aparılmalı idi… Amma hal-hazırda Yaradana inanmağı məcbur edən açıqlamaya qarşı irəli sürülən heç bir ağıllı arqument tapa bilmirəm… Biz həmişə açıq təfəkkürlə düşünməyə alışmışıq və indi həyata dair yeganə məntiqli açıqlamanın təsadüfi xaoslar deyil, yaradılış olduğu nəticəsinə gəlirik”.

Mənbələr:

  1. http://science.sciencemag.org/content/351/6280/aad6253
  2. http://www.bloomberg.com/news/articles/2016-03-24/scientists-create-tiniest-life-form-yet-not-sure-what-it-is
  3. http://www.jcvi.org/cms/research/projects/minimal-cell/photos/
  4. Chandra Wickramasinghe, Interview in London Daily Express, 14 Avqust 1981.