ABŞ-da hər il yüz milyonlarla quş uçarkən pəncərə şüşəsinə çırpılaraq ölür. Bəzi şüşələr, demək olar ki, görünmürlər və bəzi səthlər yaxınlıqdakı ağacları, səmanı və hətta quşların özlərinin görüntüsünü əks etdirərək quşları çaşdırırlar. Bu şüşə ilə toqquşma problemini aradan qaldırmaq üçün tədqiqatçılar diqqətlərini hörümçək torları üzərində cəmləyiblər. Orb-weaver növündən olan hörümçəklər torlarını ultrabənövşəyi şüaları əks etdirən xüsusi ipək növündən qururlar. Bizim gözlərimiz Günəşin qısadalğalı şüaları olan ultrabənövşəyi şüaları görmür. Bizim optik görməmizdən fərqli olaraq həşəratlar və quşlar ultrabənövşəyi şüaları asanlıqla görürlər.
Ultrabənövşəyi şüaları əks etdirən hörümçək ipəyi iki məqsədə xidmət edir. Əvvəla, həşəratları tora cəzb edir. Bəzi hörümçəklər ultrabənövşəyi şüa örtüyünü torlarında xüsusi tənzimləyirlər və şüalardan ibarət çiçəyə bənzər naxışlar hörürlər ki, bu da tozlandırıcı həşəratları cəzb edib tora salır. İkincisi, ultrabənövşəyi əks olunma quşları xəbərdar edib torla toqquşmaqdan yayındırır və hörümçəyin ovunu tutmaq üçün qurduğu toru dağılmaqdan qoruyur.
Kaliforniyada yerləşən Arnold Glas şirkəti ORNİLUX adlanan quşları qoruyucu şüşə istehsal edir. Bu şüşənin səthində ultrabənövşəyi şüaları əks etdirən çarpaz formalı plyonka var. Şüşənin üstündəki bu örtüyü insanlar görmür, ancaq quşlar bu naxışı asanlıqla görür və şüşə ilə toqquşmaqdan xilas olurlar.
Təbiət problemləri həll etmək və yeni məhsullar icad etmək üçün dizayn ideyaları ilə doludur. Məsələn, bu nümunədə hörümçək torları quşlara uçuş zamanı təhlükəsizlik təmin edən yol göstərir. Praktik dizayn ideyaları təbiətdə təsadüfən və ya yavaş dəyişikliklərlə meydana gəlmir. Əksinə, Allah tərəfindən bizim kəşf edib tətbiq etməyimiz üçün yaradılır. Əlbəttə, hələ bu cür bir çox mənbələr kəşf olunmayıb.