Texnologiya insan ürəyinin dizaynına çata bilmir
Təqribən 70-80 il qədər uzun müddət yaşayan bir insanın ürəyi dəqiqədə 70-80 dəfə olmaqla bütün ömrü boyu təxminən bir neçə milyard dəfə döyünür. Süni ürək üzərində tədqiqatları ilə tanınan “Abiomed” adlı şirkət bütün tədqiqatlarına baxmayaraq ürəyin illərlə fasiləsiz həyata keçirdiyi funksiyanı təqlid edə bilməyəcəklərini bildirmişdir. Şirkətin yeni icad etdiyi süni ürəyin 5 ildə təqribən 175 milyon dəfə döyünməsi isə çox yaxşı hədəf hesab olunur.1
Son texnologiyanın məhsulu olan bu süni ürək insanlardan əvvəl danalarda sınaqdan keçirilmiş, ancaq danalar sadəcə bir neçə ay həyatda qalmışdırlar. Bəzi kiçik dəyişikliklərlə yeni ürəyin növbəti illərdə insanlar üzərində də sınanacağı planlaşdırılır. Dyuk Universitetində biomühəndis olan və bu mövzuda kitab yazan Stiven Vogel (Steven Vogel) tədqiqatçıların nə üçün insan ürəyini təqlid etməkdə bu qədər çətinlik çəkdiklərini belə açıqlayır:
Bizim əlimizdə olan motorlar, güclərinə və səmərəsinə baxmayaraq, o qədər fərqli işləyirlər ki. Halbuki ürək əzələsi bizim texnoloji ləvazimatlarımızdan heç nəyə bənzəməyən yumşaq, nəm, gərilən cihaz kimidir. Məhz buna görə ürəyi təqlid edə bilməzsiniz.2
“Abiomed” şirkətinin süni ürəyi də həqiqi ürək kimi 2 mədəcikdən ibarətdir. İki ürək arasındakı bənzərlik sadəcə budur. Tədqiqata rəhbərlik edən Pensilvaniya Universitetindən biomühəndis Alan Snayder (Alan Snyder) bu fərqi “həqiqi ürəkdə əzələ qab funksiyası yerinə yetirir və özü gərilir” sözlərilə izah edir.3 Ürəklə eyni prinsipdə işləyən nasoslarda bir qab və qabın içindəki mayeni nasoslayan sistem olur. Ürəkdə isə qabın özü nasos funksiyasını yerinə yetirir. Alan Snayderin bir cümlə ilə xülasələdiyi fərq budur.
Öz-özünə gərilən qabı necə düzəldəcəklərini bilməyən tədqiqatçılar iki mədəciyin arasına yerləşdirdikləri motor sayəsində hər iki mədəciyin daxili divarlarını itələyərək hərəkət etdiriblər. Süni ürək mədəciyin içinə yerləşdirilən batareya ilə işləyir, bu batareya isə xəstənin özü ilə daşıdığı enerji yığan daha böyük batareya paketindən yayılan radiodalğalar ilə müntəzəm enerji yığmalıdır.
Təbii ürəyin isə enerji üçün batareyaya ehtiyacı yoxdur, çünki ürəyimiz öz enerjisini hər hüceyrəsinin içində özü hasil edən bənzərsiz əzələ dizaynına malikdir. Bundan əlavə, ürəyin təqlid edilməyən xüsusiyyətlərindən biri də dinamik döyünmə həcminin olmasıdır.
Belə ki, dincələrkən dəqiqədə 5 litr qan vuran ürək idman etdikdə vurduğu qanı 25-30 litrə qədər artıra bilir. “Abiomed” şirkətinin rəhbəri Kunq bu qeyri-adi ritm dəyişikliyini “hələlik heç bir mexanik cihazın nail ola bilməyəcəyi bir şey” deyə ifadə edir. Şirkətin icad etdiyi süni ürək isə dəqiqədə ən çox 10 litr qan vura bilir ki, bu da bir çox fəaliyyət üçün kifayət etmir.4
Ancaq ürəyin özünə vurduğu qan ilə qidalanması və ehtiyaca uyğun olaraq güclənməsi xüsusiyyəti əldə edilə bilmir. Beləliklə, ürək heç bir qulluq olmadan 50-60 il işləyə bilər. Ürək öz-özünü yeniləmə xüsusiyyətinə malikdir. Bu səbəbdən fasiləsiz iş qabiliyyətini heç vaxt itirmir. Bu da onu təqlidedilməz edən ən böyük xüsusiyyətlərindən biridir.
Elm adamlarının müasir texnologiya ilə əldə edə bilmədikləri, sadəcə təxəyyül etdikləri xüsusiyyətlərə malik olan ürəyimiz bənzərsiz dizaynı ilə Yaradanımızın, uca Rəbbimiz olan Allahın üstün elmini bizə tanıdır.
1 http://www. findarticles. com/cf_0/m1511/1_21/58398795/print. jhtml; Robert Kunzig, Discover, "The Beat Goes On", January 2000
2 http://www. findarticles. com/cf_0/m1511/1_21/58398795/print. jhtml; Robert Kunzig, Discover, "The Beat Goes On", January 2000
3 http://www. findarticles. com/cf_0/m1511/1_21/58398795/print. html; Robert Kunzig, Discover, "The Beat Goes On", January 2000
4 http://www. findarticles. com/cf_0/m1511/1_21/58398795/print. jhtml; Robert Kunzig, Discover, "The Beat Goes On", January 2000