Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Amerika müdafiə sistemi üçün gürzələrdən nümunə götürür

7 May 2017 01:22

Gürzələr çuxur orqanları olan, eyni zamanda “çökükbaş ilan” kimi tanınan ilanlardır. Texas Universiteti elektrik və kompüter mühəndisliyi fakültəsində professor olan dr. Con Piers (John Pearce) çökükbaş ilanları (Crotaline) tədqiq etmişdir.

Tədqiqatlarda bu ilanların gözlərinin qarşısında yerləşən və çoxlu sayda sinirlərdən ibarət olan kiçik çuxurların istiqanlı ovların yerlərini müəyyən etməyə kömək etdiyi üzə çıxmışdır. Bu çuxur orqanlarda çox kompleks termo-reseptor sistemi var. Bu sistem o qədər həssasdır ki, metrlərlə məsafədəki siçanı zülmət qaranlıqda belə görür.1

Tədqiqatçılar gürzənin müəyyən etmə və məhv etmə mexanizminin sirlərini açdıqda ilanın istifadə etdiyi metodların ölkənin düşmən raketlərindən qorunmasında daha geniş ölçüdə tətbiq ediləcəyini bildirirlər. Bununla yanaşı, təhlükəli tapşırıqlar üçün uçuş həyata keçirən pilotların düşmən silahlarından qaçmasına kömək edən sistemlər icad olunacaq. Dr. Con Piers “Hava Qüvvələri bioloji sistemi təqlid edərək daha yaxşı raket detektoru icad edə biləcəkmi?” sualını gündəmə gətirir.2 Bundan əlavə, bu məqsədlə həyata keçirdiyi fəaliyyətlərdə ilanın həssaslığına çatmaqda çətinlik çəkdiyini də belə izah edir:

Biz, əsasən, ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir qıcıqlarını ölçə bilərsiniz, lakin problem bu qıcıqların nə məna verməsidir. Bunu bizə bildirməsi üçün rəqəmli modeldən istifadə edirik: orqanla toqquşan infraqırmızı şüa nə qədər çoxdursa, o qədər çox sinir qıcığı olur.3

İlanın çuxur orqanında qan damarları və sinir düyünləri ilə zəngin olan çox nazik pərdə var. Elm adamları tədqiqat aparmaq üçün bu pərdənin  yaydığı impulsların dayandığı anı tutmalıdırlar. Ancaq bu pərdə o qədər həssasdır və reaksiyalarındakı müxtəliflik o qədər qısamüddətlidir ki, impulsları tutub tədqiq etmək olduqca çətindir. Çuxur orqanın işini anlamaq üçün həssas ölçmələr və mikroqrafik şəkillər üzərində çalışmaq lazımdır.

Bu nümunədən də göründüyü kimi, təbiətdəki canlılar çox üstün ağıl və texnologiya nümayiş etdirirlər. Təbiətdəki dizaynlardan nümunə götürən tədqiqatçılar da bu sayədə uzun illər davam edən layihələr üçün bənzərsiz modellər əldə edir və qısa müddətdə nəticə alırlar.

 

 

1http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001

 

2 http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001

 

3 http://www. utexas. edu/admin/opa/oncampus/01oc_issues/oc010627/oc_vipers. html; On Campus, Vol.28, No.08, 27 June 2001