1. APPENDİKS
Appendiks dərsliklərdə “rudiment” orqan nümunəsi kimi göstərilən ən məşhur orqandır. Alman təkamülçü anatomu R.Viderşeym 1895-ci ildə ortaya atdığı “rudiment insan orqanları” siyahısına appendiksi də daxil etmişdi. Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” kimi tələffüz edilən bu söz, əslində, həmin orqanın iltihablanmasına verilən addır. Appendiksin bizə əcdadlarımızdan qalma orqan olması və artıq funksiyasını itirdiyi iddia edilir. Halbuki elmin inkişaf etməsilə appendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Orqanizmdəki qalxanabənzər vəzi, dalaq, appendiks və sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir.1 Bunlar orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Həmçinin təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir: “İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?”2
2. BÜZDÜM SÜMÜYÜ
Təkamülçülər onurğa sütununun sonu olan büzdüm sümüyünü də funksiyasız hesab etmişlər. Bu da artıq çoxdan tərk edilmiş yanlış fikirdir. Büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmaması bu gün elmə məlumdur. İnsan oturarkən çanaq sümüyünün aşağı hissəsini təşkil edən 2 oturaq sümüyü və büzdüm sümüyü tripod forma yaradaraq düzgün oturmağımızı təmin edir. Oturan şəxs qabağa əyildikdə ağırlıq oturaq sümüklərinə, geriyə əyildikdə isə ağırlıq büzdüm sümüyünə düşür.3 Həmçinin bu sümüyün çanaq nahiyəsindəki orqanların və buradakı müxtəlif əzələlərin, vətərlərin birləşmə nöqtəsi olduğu da müəyyən edilmişdir. Büzdümün içəri tərəfinə çanaq diafraqmasının əhəmiyyətli funksiyalarını – defekasiya, ifrazatın ixtiyari həyata keçirilməsi və s. kimi funksiyaları icra edən əzələlər birləşir. Büzdümün xarici səthinə isə yeriyən zaman bud sümüyünü hərəkətə gətirən böyük sağrı əzələsi birləşir. Büzdüm sümüyü həm də anusun mövqeyini tənzimləyir.4
3. GÖZDƏKİ AYPARAŞƏKİLLİ ÇIXINTI
Gözdəki ayparaşəkilli çıxıntı (lat. plica semilunaris) insan gözünün buruna yaxın uclarında yerləşən qırmızımtıl rəngli toxumadır. Darvin tərəfindən “rudiment” adlandırılan və çox vaxt “üçüncü göz qapağı” kimi tanıdılan gözdəki ayparaşəkilli çıxıntının bizə əcdadlarımızdan qalması iddiası artıq elm gündəmindən düşüb. Çünki bu toxumanın gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum olub. Ayparaşəkilli çıxıntının ifraz etdiyi yağlı maddə gözə gəlib çıxan bütün zərrəcikləri əhatə edir, onların gözü qıcıqlandırmasına imkan vermir və həmin zərrəciklərin gözdən tez atılmasına şərait yaradır.5 Bu toxuma olmasaydı, gözlərimizə asanlıqla xətər dəyə və bu da sonrakı iltihablanmalara yol aça bilərdi.
4. AÄžIL DİŞLƏRİ
Üçüncü azı dişlər kimi məlum olan bu dişlərin insan orqanizminin “funksiyasını itirmiş” hissəsi olduğu iddiasına yer verilir. Buna dəlil kimi də çoxlu sayda insanda bu dişin problemlərə yol açması və cərrahi müdaxilə ilə çıxarılmasının çeynəmə funksiyasına təsir etmədiyi deyilir. Ağıl dişinin funksiyasız olması təlqinindən təsirlənən bir çox həkim gündəlik təcrübələri ərzində digər dişlərin yaratdığı problemlərə daha ehtiyatla yanaşaraq o dişləri qorumağa çalışır, ağıl dişinin çəkilməsini isə adət halına gətirirlər. Lakin son illər ərzində aparılan bəzi araşdırmalar bu dişin çeynəmə funksiyasını üzərinə götürməkdə digər dişlərdən heç bir fərqinin olmadığını göstərmişdir.6 Bu dişin digər dişlərin düzülmə qaydasını pozması inancının da əsassız olduğunu göstərən tədqiqatlar aparılmışdır.7 Ağıl dişində rast gəlinən və dərman vasitəsilə həll ediləcək problemlərdə bu dişin çıxarılması haqqında elmi tənqidlər yayımlanmışdır.8 Beləliklə, ağıl dişinin “yararsız” olduğu inancının heç bir elmi təmələ əsaslanmaması və bu dişin çeynəmədə digər dişlər kimi funksiyası olduğu bu gün tibb dünyasının ortaq fikridir. Bəs sözü gedən dişin az sayda insana narahatlıq verməsinin səbəbi nədir? Bu mövzunu araşdıran alimlər ağıl dişinin problemlərinin müxtəlif dövrlərdə yaşamış insan cəmiyyətlərinə görə fərqləndiyini müəyyən etdilər. Xüsusilə, sənayedən əvvəlki cəmiyyətlərdə bu problemə çox az rast gəlindiyi məlum oldu. Bunun səbəbi kimi, xüsusilə son bir neçə əsrlik dövr ərzində bərk qida maddələri əvəzinə daha yumşaq qida maddələrinə üstünlük verilməsinin çənə inkişafına mənfi təsir etdiyi göründü. Ona görə ağıl dişi problemlərinin də, əsasən, qidalanma vərdişlərindən irəli gələn çənə inkişafı problemləri ilə bağlı üzə çıxdığı müəyyən edildi. Bu dişlə bağlı problemlər hər hansı “təkamül” kütləşməsindən deyil, dövrümüzün insanlarının qidalanma vərdişlərindən qaynaqlanır.
5. BƏDƏN TÜKLƏRİ və ERECTOR PILI ƏZƏLƏSİ
Erector pili “dəri ürpəşməsi” və ya piloereksiya effekti hadisəsi zamanı dəriyə nahamar formanı verən çox kiçik əzələ lifləridir. Təkamülçülərin fikrinə əsasən, insanların “əcdadları”nın bədəni sıx tüklərlə örtülü olmuş, lakin sonra təkamül nəticəsində bu tüklər getdikcə kiçilmiş və funksiyalarını itirmişlər. Lakin bu əzələlər heç də qeyri-funksional deyil. Belə ki; erector pili əzələlərinin səbəb olduğu “dəri ürpəşməsi” hadisəsi soyuq mühitlərdə insanın bədən istiliyini xarici mühitdən təcrid edir, yəni bədənin istiliyini qoruyur. Alimlərin tədqiqatlarına görə, soyuq olduğu zaman bədən öz istiliyini qorumaq üçün erector pili əzələlərinə siqnal göndərərək tüklərin dik durması əmrini verir. Bunun vasitəsilə bütün tüklər birləşərək daha çox havanı tutub saxlayır və istilik itkisinin qarşısını alır. Bədən tükləri, həmçinin onların köklərinə birləşmiş hissi sinirlər vasitəsilə hərəkət və titrəyişlə yaranan toxunma hissinin ötürülməsini də təmin edir. Follikulyar (tük kökü) sinirlər tüklərin kökünə birləşərək tüklərdə və dəridəki ətraf bölgələrdə baş verən titrəyiş və dəyişiklikləri aşkar edir. Bədən tükləri toxunma hissini dərinin kənar hissələrinə də yayır və bununla da, dərimizə zərərli həşəratlar və yaxud hansısa bir obyekt toxunduqda onu dərhal hiss edirik9,10. Bədən tüklərinin başqa funksiyaları da var. Bu tüklər dəridəki məsamələri açıq və sağlam saxlayır, beləliklə də, tük özəklərinə açılan vəzilərdən – piy vəzilərindən ifraz olunan yağların dəri üzərinə axmasını təmin edir. Bundan əlavə, erector pili əzələlərinin saçların sağlam qalmasında mühüm rol oynadıqları sonrakı araşdırmalarla üzə çıxdı. Saç tökülməsi üzrə mütəxəssis olan Con P.Koul saçları tökülən insanlarda erector pili əzələsinin zəifləməsinə rast gəlindiyini göstərən araşdırmalar apardı.11 Ətraflı məlumat üçün: Tüklərin və dərialtı əzələlərin (erector pili) rudiment olması iddiasına cavab
6. QAYIDAN QIRTLAQ SİNİRİ
Qayıdan qırtlaq siniri də (recurrent laryngeal nerve) bir zamanlar “təkamülə dəlil” hesab edilmişdir. Qayıdan qırtlaq siniri beyindən çıxan 12 sinirdən ən uzunu olan azan sinirin (vagus nerve) şaxələrindən biridir. Qayıdan qırtlaq siniri qırtlaq əzələlərinə impuls göndərərək danışmağımıza kömək edir. Bu sinir azan sinirdən aorta qövsü yaxınlığında ayrılır və sonra geriyə, yəni qırtlağa doğru qayıdan bir yol izləyir. Buna görə də “qayıdan qırtlaq siniri” adını almışdır. Təkamülçülər iddia edirlər ki, bu sinir aorta qövsünün ətrafından dolanıb qırtlağa çıxmaq yerinə, elə birbaşa qırtlağa da gedə bilərdi və beləliklə də, “lazım olduğundan 7 dəfə daha uzun olmazdı”. Məsələni daha da şişirtmək istəyən təkamülçülər ateist R. Dokinzin də müşayiəti ilə “zürafə yarılması” təcrübəsi keçirirlər və zürafələrdə bu sinirin metrlərlə “boş məsafə” qət etdiyini irəli sürürlər. Halbuki bu düşüncə həmin təkamülçülərin büsbütün anatomiyadan bixəbər olmalarından irəli gəlir. İnsan anatomiyası barədə hələ də ən çox müraciət edilən kitablardan olan məşhur “Qrey anatomiyası”nda belə yazılıb: “Qayıdan qırtlaq siniri körpücükaltı arteriyanın və ya aortanın ətrafından dolanarkən ürək kələfinin (ürək sinir şəbəkəsi – cardiac plexus) aşağı şöbəsinə bir sıra şaxələr verir. Boğaza doğru qalxarkən, sol tərəfdə sağdakından daha çoxsaylı olmaqla, qida borusunun əzələ qatına və selikli qişasına; nəfəs borusunun əzələ liflərinə və selikli qişasına və aşağı udlaq konstriktoruna udlaq şaxələri verir”.14 Yəni qayıdan qırtlaq sinirinin bu məsafəni qət etməsi heç də əbəs yerə deyil. Bu sinir keçdiyi bütün orqanlara şaxələr verir və onların da hissi–hərəki funksiyalar icra etməsinə səbəb olur. Təkamülçülər isə bu siniri, guya, sadəcə qırtlağa xidmət edirmiş kimi göstəriblər. Onların yol verdikləri digər bir yalnışlıq isə yuxarıdan aortaya doğru gələn siniri də qayıdan qırtlaq siniri zənn etmələridir. Halbuki bu, azan sinirdir və qayıdan qırtlaq siniri azan sinirdən elə aortanın altında ayrılır.15 Ətraflı məlumat üçün: Təkamülçülərin qayıdan qırtlaq siniri iddiasına cavab
7. PLANTARİS ƏZƏLƏSİ
Plantaris əzələsi ayağın baldır hissəsində yerləşən əzələlərdən biridir. Ətrafındakı əzələlərdən daha kiçik diametrə sahib olması və bir vaxtlar funksiyasız olduğu düşünüldüyünə görə təkamülçülər tərəfindən “rudiment” kimi qəbul edilmiş plantarisin də bədəndəki funksional mövqeyi elmi araşdırmalarla ortaya qoyulmuşdur. Plantaris əzələsinin ən əsas funksiyası – proprioseptiv funksiyadır. Propriosepsiya (və ya əzələ-hərəkət duyğuları) bədənimizin müxtəlif hissələrinin bir-birinə nəzərən mövqeyindən və hərəkətindən xəbərdar olmağımızı təmin edən hissiyyatdır. Propriosepsiya hadisəsi əzələlərdə, vətərlərin içərisində və oynaqların səthində yerləşən hissi orqanlar – əzələ milləri sayəsində baş verir. Araşdırmalar göstərmişdir ki, kiçikölçülü əzələlər daha çox sayda əzələ milinə sahib olmaqla müstəsnalıq təşkil edir və bu əzələlər hərəki orqan olmaqdan daha çox hissi, yəni proprioseptiv orqanlar kimi dəyərləndirilməlidirlər.16 Əzələ milləri miqdarı hesablandığı zaman plantarisin hər qramda 3,7 əzələ milinə, üçbaşlı baldır əzələsinin isə yalnız 0,67 milə sahib olduğu tapılmışdır. Hansı ki, bu da plantarisin üstün gəldiyi 5,5:1 nisbətini verir. Pek, Bakston və Nits kimi araşdırmaçıların digər əzələ qrupları üzərindən apardıqları ətraflı araşdırmalar da əzələ qruplarındakı kiçikölçülü nümayəndələrin mərkəzi sinir sisteminə olduqca əhəmiyyətli proprioseptiv informasiya daşıdıqlarını ortaya çıxmışdır.17 Yəni gəlinən son nəticə plantaris və onun kimi kiçikölçülü əzələlərin olduqca ixtisaslaşmış hissi əzələlər olmasıdır. Həmçinin darvinistlərin iddia etdiklərinin əksinə, plantaris əzələsi hərəki əzələ kimi də “passiv” orqan deyil, hətta öz ölçülərinə görə digər əzələlərdən daha fəaldır. Ətraflı məlumat üçün: Plantaris əzələsinin rudiment olması iddiasına cavab
8. VOMERONAZAL ORQAN
İnsanın 5 duyğusu var. Lakin bəzi tədqiqatlar qoxu hissinin öz daxilində iki yerə ayrıldığını göstərir. Birincisi, hamımızın tanıdığı qoxu hissidir. Mövcudluğu az tanınan və az hiss edilən ikinci bir qoxu duyğusu isə burunun içində yerləşən və “vomeronazal orqan”, yaxud da “Yakobson orqanı” adlanan kiçik toxumadan ibarətdir. Bu orqan heyvanlarda feromonları – cütləşmə və sosial davranışlarla bağlı kimyəvi siqnalları qəbul etməyə xidmət edir. Vomeronazal orqan haqda təkamülçü iddia isə bundan ibarətdir ki, insanın da vomeronazal orqanı olmasına baxmayaraq, həmin orqan qeyri-funksionaldır. Halbuki bu yanlış inanc da elmi kəşflərlə təkzib edildi. Əvvəllər məlum olmasa da, bu gün bu orqanın funksiyası get-gedə daha yaxşı üzə çıxır. 1996-cı ildə “Steroid biokimyası və molekulyar biologiya” jurnalında bu başlıqda bir məqalə nəşr edildi: “İnsan vomeronazal orqanının (VNO) funksionallığı: steroid reseptorlarla bağlı sübut”.20 2014-cü ildə bu orqanın daha bir xüsusiyyəti kəşf edildi. Bu xüsusiyyət “İnsanlarda vomeronazal orqanın endokrin fəaliyyəti ilə bağlı anatomik sübut” başlığı altında yayımlandı.21 Xülasə etsək, “insan VNO-suna tətbiq edilmiş bir steroidal vomeroferin avtonom funksiyada dəyişikliyə, lüteinizəedici və follikul stimullaşdırıcı hormonların mütəmadi ifrazına, avtonom və elektroensefaloqrafik fəaliyyətə yol açır. Həmçinin “bu məlumatlar ilk dəfə yetkin insanlarda funksional vomeronazal-hipofiz yolunun varlığına işarə edir”.22
İQTİBASLAR:
1– The Merck Manual of Medical Information, Home edition, New Jersey: Merck & Co., Inc. The Merck Publishing Group, Rahway, 1997.
2– H. Enoch, Creation and Evolution, New York: 1966, səh. 18-19.
3– Foye, Patrick M; Buttaci, Charles J (June 3, 2008), "Coccyx Pain", eMedicine.
4–Foye, Patrick M; Buttaci, Charles J (June 3, 2008), "Coccyx Pain", eMedicine.
5–“Evidence of Comparative Structure and Function”, Evidence of Comparative Structure and Function
6–Leonard M.S., 1992. Removing third molars: a review for the general practitioner. Journal of the American Dental Association, 123(2):77-82
7–M. Leff, 1993. Hold on to your wisdom teeth. Consumer reports on Health, 5(8):4-85
8–Daily.T 1996. Third molar prophylactic extraction: a review and analysis of the literature. General Dentistry, 44(4):310-320
9–“Controlled Stimulation of Hair Follicle Receptors – J.Sabah. J Appl Physiol.1974; 36: 256-257”http://jap.physiology.org/cgi/reprint/36/2/256.pdf
10–“Neuroscience for Kids – Receptors”. Faculty.washington.edu. Retrieved 2011-12-28
11– http://www.hairlosshelp.com/forums/messageview.cfm?catid=32&threadid=32851
14– Available online at http://www.theodora.com/anatomy/the_vagus_nerve.html
15– Sadler, T. W. 2010. Langman’s Medical Embryology, 11th ed. Philadelphia, PA: Williams & Wilkins.
16– The plantaris and the question of vestigial muscles in man” — David N. Menton, CEN Technical Journal 14(2) 2000, pp. 52
17– Peck, D., Buxton D.F. and Nitz, A., A proposed mechanoreceptor role for the small redundant muscles which act in parallel with large primemovers; in: Hinick, P., Soukup, T., Vejsada, R. and Zelena J. (eds.), Mechanoreceptors: Structure and Function, Plenum Press, London, pp. 377–382, 1988
20– Berliner, D.L., Monti-Bloch, L., Jennings-White, C. and Diaz-Sanchez, V., The functionality of the human vomeronasal organ (VNO): evidence for steroid receptors, Journal of Steroid Biochemistry and Molecular Biology 58(3):259–265, 1996.
21– Quenton Wessels, P.V.J.M. Hoogland, W. Vorster, “Anatomical evidence for an endocrine activity of the vomeronasal organ in humans”, Clin. Anat., 2014.
22– Berliner, D.L., Monti-Bloch, L., Jennings-White, C. and Diaz-Sanchez, V., The functionality of the human vomeronasal organ (VNO): evidence for steroid receptors, Journal of Steroid Biochemistry and Molecular Biology 58(3):259–265, 1996.