İnsanı genlər idarə edir?
Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı” meydana çıxıb.
Genlər və davranışlar arasında əlaqə iddiaları əsassızdır
Gen yalanı cəmiyyətə nümayiş etdirilən üzü ilə pərdə arxasındakı əsl xarakteri baxımından böyük təzad ortaya qoyur. Qəzet oxuyan və televiziya xəbərlərini seyr edən insanlara “alkoqolizm geni”, “şizofreniya geni”, “homoseksuallıq geni” kimi xəyali anlayışların elmi təcrübələrlə sübut edilmiş həqiqətləri əks etdirdiyi təlqin edilir. Halbuki bunlar təcrübi sübutlarla təsdiqlənmiş həqiqətlər olmaqdan tamamilə uzaqdır. Bu iddiaların elm dünyasında heç bir qiyməti yoxdur. Ömürləri “saman alovu” kimidir. Bunları reklam məqsədi ilə şişirdən qəzetlərin üz qabığında işıqlandırıldıqdan qısa müddət sonra sönüb gedirlər.
Təkamülçü elm jurnalı “Science”da bu mövzu ilə bağlı dərc edilən “Genlər və davranış” başlıqlı məqalədə bunlar ifadə edilir:
“Elm adamları müəyyən genlərin və ya xromosom sahələrinin davranış xüsusiyyətləri ilə əlaqəli olduğunu dəfələrlə iddia etdilər, amma əldə etdikləri tapıntılara [başqa tədqiqatlarda] yenidən nail olunmadığından, bunları geri götürmək məcburiyyətində qaldılar… Bu iddiaların hamısı böyük ruh yüksəkliyi ilə elan edildi. Hamısı populyar mediada sorğu-sualsız qarşılandı, amma artıq hamısı etibarını itirib”.1
Genlərin insanı insan edən xüsusiyyəti yoxdur
İnsanı insan edən xüsusiyyəti üstün ağıl sahibi olmasıdır. Genlərin isə bu xüsusiyyəti meydana gətirən heç bir gücü yoxdur. Genlər DNT-də olan və adenin, quanin, sitozin və timin kimi molekullardan əmələ gələn zəncirlərdir. Bu molekullar düşünə, hiss edə bilməyən varlıqlardır. İnsan ağlının bu genlərdən irəli gəldiyi inancı tamamilə ağılsızlıqdır və heç bir elmi əsasa söykənmir. “Nature” jurnalında nəşr olunmuş kitab təqdimatında məsələ ilə bağlı bu ifadələrə yer verilib:
“… Genlərin necə ağıl istehsal etdiyini açıqlaya bilərikmi?.. Bu kitaba görə genlər beyini inşa edir. Bu beyinlər elastik olmaq və öyrənmək üçün dizayn edilib. Ancaq genlərdən atlayıb ağıla gəlmək dolayı açıqlamadır. Bu sual hal-hazırda cavablandırıla bilmir və bu cavabın haradan gələcəyi də tam olaraq bəlli deyil”.2
Beləliklə, insanın xüsusiyyətlərinin təkcə genlərdən qaynaqlandığı inancı da elmi olaraq əsassızdır. “Science” məqaləsində bu həqiqət belə ifadə edilir:
“Genlər və ətraf mühit arasındakı qarşılıqlı təsir populyar mediada “dalaşqanlıq genləri”, “zəka genləri” kimi anlayışlarla yayılmış vəziyyətindən daha mürəkkəbdir… Genlərin təsirini göstərən faktlar eyni zamanda genetik olmayan amillərin də olduqca təsirli olduğuna işarə edir”.3
Gen yalanı ilə bağlı digər bir ziddiyyət də insanın gen sayında ortaya çıxır. “İnsan genomu layihəsi”ndə təsbit edildiyi kimi, insanların yalnız 25000-ə qədər geni var və bu say soxulcanın gen miqdarının ancaq üçdə birinə uyğun gəlir. Əgər bütün insan xüsusiyyətləri bir gendən ortaya çıxırsa, onda insanla soxulcan arasındakı ensiklopediyaları dolduracaq qədər çox fərqlilik bu qədər az sayda genlə necə izah oluna bilər? Əlbəttə, izah oluna bilməz. “Celera Genomics”in rəhbəri və məşhur genetik Kreyq Venter də: “Genlər bizi biz edən şeylərin hamısını açıqlaya bilməz”, – deyərək bu həqiqəti qəbul edir.4
Davranış və genlər arasında əlaqəni göstərən tədqiqatlar elmi olaraq etibarsızdır
İnsan davranışları molekulyar proseslərin nəticəsi deyil. İnsanın şəxsiyyəti qeyri-maddi anlayışdır. İnsanın davranışlarının mənbəyi Allahın ona verdiyi vicdan və nəfisdir.
Genlər və davranışlar arasında əlaqə iddiaları elm adamlarının topladıqları məlumatları öz ehkamları əsasında “yığıb-quraşdıraraq” təəssürat yaratmaq səylərindən ibarətdir.
Məsələn, bir tədqiqatçının insan davranışlarının planetlərin hərəkətlərindən qaynaqlandığına dair cəfəng bir inancı varsa, bəzi insanları yoxlaya bilər və Saturnla Yupiterin yerini göstərən xəritələrə baxaraq planetlərin mövqeyi ilə bu insanların davranış xüsusiyyətləri arasında paralelliklər olub-olmadığını araşdıra bilər. Bunların nəticəsində “Saturn dava-dalaş planetidir”, “Yupiter yeniliklərə açıq olmaq planetidir” kimi iddialarla ortaya çıxa bilər. Ancaq apardığı ölçmə və əlaqələndirmələr planetlərin insan davranışlarını müəyyən etdiyini sübut etməyəcək.
Bundan əlavə, insan davranışları çox mürəkkəbdir və bunların ən inkişaf etmiş psixoloji testlərlə ölçülməsi belə, demək olar ki, mümkün deyil. “New Scientist” jurnalında Karen Şmidt imzası ilə dərc olunan məqalədə məsələ ilə əlaqədar olaraq bunlar yazılır:
“Davranış göz rəngi kimi irsi xüsusiyyətlərin əksinə, elmi olaraq ayırd edilməsi və ölçülməsi çətin şeydir. Bir çox davranış bir-birindən az dərəcələrlə fərqlənir – insanlar çox utancaq, çox sosial ola bilər, amma eyni zamanda bunun ikisi arasında bir yerdə də ola bilər. Bu müxtəlifliklərin ən inkişaf etmiş psixoloji testlərlə belə ölçülməsi, hardasa, qeyri-mümkündür”.5
Davranışın ölçülməsi, demək olar ki, mümkün deyilsə, bunun genlərlə elmi olaraq möhkəm təməllərə söykənməsi tamamilə mümkün deyil. Çünki genlər minlərlədir və üstəlik, bir-birilə mürəkkəb qarşılıqlı əlaqədədir. Genlərdə mövcud olan məlumat kodlaşdırdıqları zülalın amin turşu ardıcıllığından ibarətdir. Heç bir genin üzərində hansı davranışa nəzarət etdiyi yazılmır. Vəziyyət belə ikən, “A davranışına X geni tərəfindən nəzarət edilir” kimi yanaşmaların hər hansı həqiqi məlumata əsaslanmadığı aydındır.
Nəticə:
Miçiqan Universitetinin sosial psixologiya üzrə professoru Stenton Pil (S. Peele) və Seynt Maykl Kolleci, psixologiya bölməsinin tədqiqatçısı Riçard Deqranprenin (R. DeGrandpre) də qeyd etdiyi kimi: “Genetik araşdırma elm donu geyinmiş olsa da, [gen yalanı ilə bağlı] bu başlıqların çoxu həqiqət deyil, reklam məqsədli şişirtmələrdir”.6
İnsanı sanki “genlərinin təsiri altında kukla” kimi təsvir edən bu elmdənkənar yanaşma materializmin cəmiyyət üçün nə qədər dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq kimi qəbul edilməlidir. Çünki “alkoqolizm geni”, “şizofreniya geni”, “homoseksuallıq geni” kimi uydurma anlayışlar insanlara mənfi istiqamətdə təlqin verir. Özünə və ətrafına davranışları ilə zərər verən biri “mən bundan xilas ola bilmərəm, bunu mənə genlərim etdirir” şəklində çaşqınlığa düşə bilər. İnsanların “genetik homoseksuallar, genetik oğrular, genetik şizofrenlər” kimi səciyyələndirilməsi ayrı-seçkiliyə də yol açır.
Molekulların insan davranışlarını meydana gətirdiyinə inanmaq insanların keçmiş əsrlərdə xoşbəxtlik, bərəkət və s. üçün daş və taxtadan oyma bütlər qarşısında əyilib qalxmasından fərqi yoxdur. İnsanın şəxsiyyəti qeyri-maddi anlayışdır, davranışlarının mənbəyi isə Allahın ona verdiyi vicdan və nəfsidir. Vicdanına görə hərəkət edən insan doğru yoldadır.
Nəfsinə tabe olaraq nəzarətsiz şəkildə davranan insan isə hər cür azğınlığı etməyə hazırdır. İnsanın pisliklərdən uzaqlaşması ancaq Allaha səmimi yaxınlığı ilə mümkün ola bilər. Bir insanı genlərinin “pis adam” etməsi mümkün deyil. İnsanı pis və zərərli edən ancaq o insanın öz qərarı və istəyidir.
İstinadlar:
1. C. Mann, “Genes and behavior,” Science 264; 1687 (1994), səh. 1686 -1689
2. Anthony P. Monaco, “A recipe for the mind,” Nature 427, 681, 19 fevral 2004
3. C. Mann, “Genes and behavior,” Science 264; 1687 (1994), səh. 1686 -1689
4. Keay Davidson, “No Easy Link Between Genes, Behavior; DNA Studies Dash Quest for Easy Answers; Genome’s link to behavior hard to prove”, The San Fransisco Chronicle, 13 fevral 2001, http://www.sfgate.com/cgi-bin/article.cgi?file=/chronicle/archive/2001/02/13/MN87077.DTL
5. Karen Schmidt, “It was my genes, guv”, New Scientist, cild 156, no. 2107 – 8 noyabr 1997, səh. 46
6. Stanton Peele və Richard DeGrandpre, “My Genes Made Me Do It”- http://www.peele.net/lib/genes.html