Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Zərricə quşundan sürət qatarlarına həll yolu

18 Fevral 2018 01:22

Zərricə quşunun suya dalması və sürət qatarının tunelə daxil olması

Sürət qatarının hərəkət xətti üzərində tunellər olur. Bu vəziyyət mühəndislər üçün başqa bir problem yaradır. Qatar tunelə yüksək sürətlə daxil olduqda atmosfer təzyiqi artır və qabarma-çəkilmə dalğaları kimi dalğalara çevrilərək tunelin sonuna səs sürəti ilə çatır. Çıxışa çatdıqdan sonra isə dalğa geriyə qayıdır. Təzyiqin bir hissəsi tunelin çıxışında sərbəst buraxılır və bəzən partlayış səsi əmələ gəlir.

Dalğaların təzyiqi atmosfer təzyiqinin mində birindən az olduğu üçün mikro-təzyiq dalğaları adlandırılır. Dalğaların əmələ gəlməsi isə yuxarıdakı şəkildə göründüyü kimidir.

Təzyiq dalğasının təsiri ilə əmələ gələn uğultu insanları narahat edəcək qədər yüksək olur. Tunellərin daha geniş qurulması ilə bu uğultu azaldıla bilər, ancaq tunellərin en kəsiyini böyütmək həm çətindir, həm də çox xərc tələb edir.

Buna görə mühəndislər qatarın en kəsiyini kiçildib burun hissəsini kifayət qədər sivri və hamar etməyin problemi həll edəcəyini düşünüblər. Sınaq qatarı üzərində bu fikirlərini tətbiq ediblər, ancaq təcrübədə qatarın səbəb olduğu mikro-təzyiq dalğalarını aradan qaldıra bilməyiblər.

Bu problemə həll yolunu təbiətdə axtaran mühəndis və dizaynerlərin ağlına zərricə quşu gəlmişdir. Zərricə də suya dalarkən eynilə qatar tunelə daxil olduğu kimi hava təzyiqi səbəbi ilə ani dəyişikliklərlə qarşılaşır. Çünki zərricə ovunu tutmaq üçün müqaviməti az olan havadan müqaviməti çox olan suya dalır.

Deməli, 300 km/saat sürətlə gedən qatarların da zərricənin dimdiyi kimi tunelə girməsini asanlaşdıran burnu və ön tərəfi olmalıdır.

Yaponiya Dəmiryolu Texniki Tədqiqat İnstitutu və Kyuşu Universitetində aparılan tədqiqatlarda tunelin mikro-təzyiqini aradan qaldırmaq üçün fırlanan paraboloidin ən ideal forma olduğu ortaya çıxmışdır. Zərricənin dimdiyinə yaxından baxılsa, alt və üst dimdiyin en kəsiyinin eynilə bu formada olduğu görünər. Zərricədəki bənzərsiz dizayn sadəcə bir nümunədir. Təbiətdəki bütün canlılar həyatlarını davam etdirmələrini mümkün edən qüsursuz quruluşları ilə insanlara nümunədirlər.