Sürü halında yaşayan heyvanlar təhlükə zamanı bir-birlərini xəbərdar etməklə yanaşı, həm də təhlükələrə qarşı birlikdə mübarizə aparırlar. Məsələn, qızılquş və ya bayquş kimi vəhşi quşlar sahələrinə girdiklərində qrup şəklində bu heyvanları əhatəyə alırlar. Bu vaxt ətrafdakı digər quşları da çağırmaq üçün xüsusi səs çıxarırlar. Kiçik quşların qrup şəklində göstərdikləri təcavüzkar davranışlar, vəhşi quşları adətən ərazidən uzaqlaşdırır. (Edward O. Wilson, Sociobiology: The New Synthesis, The Belknap Press of Harvard University Press, England 1975, s. 123)
Birlikdə uçan quş sürüsü də eyni şəkildə bütün sürü üzvləri üçün təhlükəsizliyi təmin edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş məsafə buraxaraq uçurlar. Ancaq vəhşi quş gördüklərində aralarındakı boşluqları bağlayırlar. Beləliklə vəhşi quşun sürünün ortasına girməsini çətinləşdirir. Vəhşi quş bunu etsə belə qanadları qopar və ovlaya bilməz. (Russell Freedman, How Animals Defend Their Young, s. 69)
Məməli heyvanlar da sürülərinə bir hücum olduqda, birlikdə hərəkət edirlər. Məsələn, zebralar düşmənlərindən qaçan zaman balalarını sürünün ortasına çəkirlər. Bu mövzuyla əlaqədar belə bir nümunə verə bilərik: İngilis elm adamı Jane Goodall şərqi-Afrikadakı araşdırmaları əsnasında, düşmənlərindən qaçan bir zebra, sürüsündən üç zebranın geridə qalaraq yırtıcı heyvanların onları əhatəyə aldığını görmüşdür. Qruplarından üç üzvün təhlükə altında olduğunu görən digər zebralar dərhal geri dönərək dırnaqları və dişləri ilə düşmənlərini qaçıraraq digər zebraları xilas etmişlər. (Russell Freedman, How Animals Defend Their Young, s. 66-67)
Ümumiyyətlə zebra sürüsü hücuma məruz qaldıqda sürünün lideri olan zebra geridə qalır və dişilərlə daylaqlar qabaqda qaçırlar.Erkək zebra arxada ziqzaq şəklində qaçır, hətta arada geri dönüb təcavüzkar heyvanları qovur. (David Attenborough, Yaşadığımız Dünya, s. 185)
Delfinlər də həmişə qrup halında üzür və ən böyük düşmənləri olan balinalara qarşı qrup halında mübarizə aparırlar. Balinalar balalarını təhdid edəcək şəkildə yaxınlaşdıqlarında iki yetkin delfin qrupdan ayrılaraq balinaların diqqətini öz üzərlərinə çəkirlər. Balinanın diqqəti başqa istiqamətdə olarkən qrupdakı digər delfinlər eyni anda balinanı dövrəyə alır və hamısı birlikdə balinaya zərbələr endirməyə başlayırlar. (Russell Freedman, How Animals Defend Their Young, s. 66-67)
Amma bundan başqa maraqlı davranışları daha var. Delfin ailələri ümumiyyətlə tuna sürüləri ilə birlikdə üzür və onlarla qidalanırlar. Buna görə də tuna balığı ovçuları da delfin sürülərini izləyir və münasib yerdə torlarını atırlar. Ancaq tuna balıqları üçün atılan torlara bəzən delfinlər də ilişirlər. Delfinlər nəfəs alan canlılar olduqları üçün tora ilişdiklərində nəfəs ala bilmədikləri üçün təlaşlanıb şok keçirir və dənizin dibinə doğru enməyə başlayırlar. Ailələrinə olan bağlılıqlarına görə digər delfinlər də dərhal tora ilişən delfinin köməyinə çatırlar. Bütün ailə üzvləri tora ilişən delfinlə birlikdə suyun dibinə enir və onu xilas etmək üçün yuxarı doğru itələməyə çalışırlar. Ancaq bu səylərinin nəticəsində ümumiyyətlə çoxu tənəffüs edə bilmədikləri üçün ölürlər. Həm də bu, yalnız bir delfin ailəsinə aid bir davranış deyil. Bütün delfin ailələri buna bənzər vəziyyətlərdə eyni fədakarlığı göstərirlər. (Russell Freedman, How Animals Defend Their Young, s. 77)
Boz balinalarda isə bir dişi balina yaralananda bir ya da birdən çox erkək balina ona kömək edir. Dişi balinanı tənəffüs edə bilməsi üçün su səthinə çıxarır ya da onu qatil balinaların hücumundan qoruyurlar. (Heyvanlar Ensiklopediyası, s. 105)
Müşk öküzləri də hər hansı bir hücumla qarşılaşdıqlarında qaçmaq əvəzinə özlərinə təhlükəsiz mühit yaradırlar. Bütün qrup üzvləri düşmənə arxalarını dönmədən geri-geri gedərək bir dairə şəklində dayanırlar. Balalar bu dairənin mərkəzində dururlar və analarının uzun tüklərinin altında gizlənirlər. Yetkin öküzlər balaların ətrafını əhatəyə alaraq onları qoruyurlar. Hücum edən heyvanların üzərinə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdır. (Russell Freedman, How Animals Defend Their Young, s. 75)
Heyvanların təhlükəli vəziyyətlərdən başqa, ov zamanı da göstərdikləri əməkdaşlıqlarında olduqca təəccüblü nümunələr var. Məsələn, qutanlar balıq ovlamağa həmişə sürü halında gedirlər. Əlverişli körfəz seçdiklərində isə sahilə yaxın yarım dairə meydana gətirir və dayaz suda gəzişərək bu dairəni daraldırlar. Bu dairənin içinə girən bütün balıqları tuturlar. Kiçik çaylarda və kanallarda iki qrupa belə ayrılırlar. Gecə hamısı istirahət yerlərinə çəkilir və heç kim onları körfəzdəki mövqeləri ya da istirahət yerləri üçün döyüşərkən görə bilməz. (David Attenborough, Life of Birds, s. 140)
Canlıların bir-birilə bu qədər iç-içə yaşamaları, bir-birilərini qorumaları, birlikdə hərəkət etmələri hər insanın üzərində düşünməsi lazım olan mövzulardır. Çünki əvvəldə də ifadə etdiyimiz kimi burada bəhs edilən canlılar şüurlu, ağıllı insanlar deyil, ağılı, şüuru olmayan zebralar, quşlar, böcəklər, delfinlər və digərləridir.
Əlbəttə, canlıların bu həmrəyliklərini öz iradələri ilə reallaşdırdıqlarını söyləmək ağıllı bir insan üçün mümkün deyil. Ağıllı insanın bu həqiqətlər qarşısında çıxaracağı nəticə budur: Təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi olan Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı cansız bütün varlıqları yaradan Allah'dır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir.