Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Genlərdəki proqramlaşdırılma

27 Mart 2014 01:22

Məlumdur ki, atanın sperma hüceyrəsi ananın yumurta hüceyrəsini mayalandırdıqda doğulan körpənin bütün irsi xüsusiyyətlərini təyin etmək üçün atanın və ananın genləri birləşər. Minlərlə gendən hər birinin xüsusi funksiyası vardır. Saç və göz rəngini, boyun uzunluğunu, üzün formasını, skeleti; daxili orqanları, beyin, sinirlər və əzələlərdəki saysız detalları təyin edən genlərdir. Bütün fiziki xüsusiyyətlərlə bərabər, hüceyrələrdə və bədəndə meydana gələn minlərlə müxtəlif hadisə və sistemin idarəsi də genlərdə qeyd olunmuşdur. Məsələn, insanın qan təzyiqinin aşağı, yüksək və ya normal olması belə genlərdəki məlumatlardan asılıdır.

Sperma ilə yumurta birləşdikdə yaranan ilk hüceyrə ilə birgə insanın həyatının sonuna qədər hər hüceyrəsində DNT molekulunun da ilk kopiyası meydana gəlir. DNT hüceyrə nüvəsində ciddi şəkildə qorunan böyük molekuldur və bu molekul yuxarıda bəhs etdiyimiz genləri əhatə edən insan bədəninin bir növ məlumat bankıdır. Mayalanmış yumurta dediyimiz ilk hüceyrə bundan sonra DNT-də qeyd olunmuş proqram istiqamətində çoxalır və insana çevrilmək üçün bədəndəki toxumaları, orqanları meydana gətirməyə başlayır. Bu kompleks quruluşun koordinasiyası DNT molekulu (karbon, fosfor, azot, hidrogen və oksigen kimi atomlardan ibarət olan molekul) tərəfindən təmin edilir.

DNT-də qeyd olunan məlumat isə elm adamlarını heyrətə gətirir. İnsanın bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini və ya təxminən 1000 kitabı əhatə edən məlumat mövcuddur. Başqa sözlə desək, hər hüceyrənin nüvəsində insan bədəninin funksiyalarına nəzarət edən bir milyon səhifəlik ensiklopediyanın əhatə etdiyi məlumat kodlaşdırılmışdır. Bənzətmə etsək, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Encyclopedia Britannicanın belə cəmi 25 min səhifəsi vardır. Mikroskopik hüceyrənin içindəki kiçik nüvədə olan bir molekulda milyonlarla məlumatı əhatə edən dünyanın ən böyük ensiklopediyasından 40 dəfə çox məlumat anbarı gizlədilmişdir. Bu da təxminən 1000 cildlik nəhəng bir ensiklopediya deməkdir.