Bu gün Azərbaycandakı bəzi təkamülçü KİV-lərdə uzun müddət əvvəl elmi ədəbiyyatdan çıxarılmış "Rekapitulyasiya" nəzəriyyəsi elmi həqiqət kimi göstərilir. Rekapitulyasiya termini təkamülçü bioloq Ernst Hekkelin XIX əsrin sonlarında ortaya atdığı "Ontogenez filogenezin təkrarıdır" (Ontogeny recapitulates phylogeny) nəzəriyyəsinin xülasəli şəkildə ifadəsidir.
Hekkel tərəfindən irəli sürülən bu nəzəriyyə canlı rüşeymlərinin inkişaf prosesi ərzində "əcdadlarının" keçirdiyi təkamül prosesini təkrarladıqlarını iddia edirdi. Məsələn, insan rüşeyminin ana bətnindəki inkişafı ərzində əvvəlcə balıq, sonra sürünən xüsusiyyətləri göstərdiyini, ən sonda insana çevrildiyini irəli sürürdü.
Halbuki sonrakı illərdə bu nəzəriyyənin tamamilə təxəyyül məhsulu olan bir ssenari olduğu məlum olmuşdur. İnsan rüşeyminin ilk dövrlərində üzə çıxdığı iddia edilən "qəlsəmələrin" əslində insanın orta qulaq kanalının, paratiroidlərinin və qalxanabənzər vəzlərinin başlanğıcı olduğu məlum olmuşdur. Rüşeymin "yumurta sarısı kisəsinə" bənzədilən hissəsinin də əslində uşaq üçün qan hazırlayan kisə olduğu aşkar edilmişdir. Hekkelin və onun davamçılarının "quyruq" adlandırdıqları hissə isə insanın onurğa sümüyüdür və ayaqlardan əvvəl meydana gəldiyi üçün "quyruq" kimi görünür.
Bunlar elm dünyasında hər kəsə məlum olan həqiqətlərdir. Təkamülçülər də bunu qəbul edirlər. Qabaqcıl darvinistlərdən olan Corc Qeylord Simpson və U.Bek "Hekkel təkamül prosesini səhv göstərib. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq məlumdur" deyə yazırlar.320
16 oktyabr, 1999-cu il tarixli "New scientist" jurnalında dərc olunmuş bir məqalədə Hekkelin Biogenetika qanunu haqqında belə deyilir:
(Hekkel) bunu Biogenetika qanunu adlandırdı və bu fikir rekapitulyasiya kimi məşhurlaşdı. Əslində Hekkelin dəyişilməz görünən qanununun qısa müddət sonra səhv olduğu aşkar oldu. Məsələn, insan rüşeyminin əsla balıqlar kimi qəlsəmələri yoxdur və heç vaxt yetkin sürünənə və ya meymuna bənzəyən inkişaf mərhələsindən keçmir.321
"American scientist"də dərc olunan bir məqalədə isə belə deyilir:
Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə məhv olmuşdur. 1950-ci ildə dərsliklərdən çıxarılmışdır. Əslində elmi mübahisə kimi XX əsrin 20-ci illərində sonu çatmışdı.322
Məsələnin daha da maraqlı cəhəti isə Ernst Hekkelin əslində ortaya atdığı Rekapitulyasiya nəzəriyyəsini dəstəkləmək üçün rəsm saxtakarlıqları etməsidir. Hekkel balıq və insan rüşeymlərini bir-birinə bənzətmək üçün saxta rəsmlər çəkmişdir. Bunun üzə çıxmasından sonra özünü müdafiə etmək üçün dediyi sözlər isə digər təkamülçülərin də buna bənzər saxtakarlıqlar etdiyini bildirməkdən ibarət idi:
Etdiyim bu saxtakarlıq etirafından sonra özümü rüsvay olmuş və qınanmış hesab etməliyəm. Lakin mənim təsəllim budur ki, mənim kimi təqsirkar yüzlərlə həmkarımın, bir çox etibarlı müşahidəçi və məşhur bioloqun nəşr etdirdiyi ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim kimi etdikləri saxtakarlıqlar, qeyri-düzgün məlumatlar, az-çox təhrif edilmiş rəsmlər var.323
Məşhur elmi jurnal olan "Elm"in (Science) 5 sentyabr, 1997-ci il sayında Hekkelin rüşeym rəsmlərinin saxtakarlıq olduğunu açıqlayan bir məqalə dərc olundu. "Hekkelin rüşeymləri: saxtakarlıq yenidən aşkar edildi" başlıqlı məqalədə belə deyilir:
Londondakı Müqəddəs Corc Xəstəxanası Tibb Məktəbindən təkamülçü Maykl Riçardson "(Hekkelin rəsmlərinin) verdiyi təsəvvür, yəni rüşeymlərin bir-birinə çox bənzəməsi yalandır" deyir... O və həmkarları Hekkelin çəkdiyi növdəki və yaşdakı canlıların rüşeymlərini yenidən təhlil edərək və fotoşəkillərini çəkərək müqayisə etmişlər. Riçardson "Anatomiya və embriologiya" (Anatomy and embryology) jurnalında yazdığı məqalədə "rüşeymlər təəccüblü dərəcədə fərqlidirlər" deyə qeyd edir.
Hekkelin rüşeymləri oxşar göstərmək üçün bəzi orqanları qəsdən rəsmlərində göstərmədiyini və ya xəyali orqanlar əlavə etdiyini bildirən "Elm" (Science) jurnalı məqalənin ardında bu məlumatları verir:
Riçardson və qrupunun bildirdiyinə əsasən, Hekkel təkcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda müxtəlif növləri bir-birlərinə bənzər göstərmək üçün ölçüləri ilə də oynamış, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə Hekkel fərqləri gizlətmək üçün növlərin adını yazmamış və bircə növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin rüşeymlərində belə görünüş və inkişaf prosesi baxımından çox böyük fərqlər var. Riçardson "Hekkelin rəsmləri biologiyadakı ən böyük saxtakarlıqlardan biridir" deyir.
"Elm" (Science) jurnalındakı məqalədə Hekkelin bu məsələ ilə bağlı etiraflarının bu əsrin əvvəlindən etibarən ört-basdır edildiyindən və saxta rəsmlərinin dərs kitablarında elmi həqiqət kimi öyrədilməyə başlanmasından da belə bəhs edir:
Hekkelin etirafları rəsmlərinin 1901-ci ildə "Darvin və Darvindən sonra" (Darwin and after Darwin) adlı kitabda nəşr olunmasından sonra itdi. Rəsmlər ingiliscə biologiya dərsliklərində həddindən artıq çoxaldıdı.324
Qısaca desək, Hekkelin rəsmlərinin saxtakarlıq olduğu hələ 1901-ci ildə üzə çıxmış, amma bütün elm dünyası bu rəsmlərlə bir əsr boyu aldadılmışdır.