Biologiya canlı təbiəti öyrənən elmdir Biologiya.az

Digərlərinin balalarına qulluq edən heyvanlar

27 Mart 2014 01:22

Əsasən də məməli heyvan qruplarının yaxın ailə bağları olur. Məsələn, adi bir qurd sürüsü bir erkək, bir dişidən, yeni doğulmuş balalardan və bəzən də əvvəl doğulmuş olan bir və ya iki gənc balalardan ibarət olur. Bütün yetkin qurdlar balalarını müdafiə edirlər. Bəzən sürüdəki dişi qurdlardan biri balaya qulluq etmək üçün gecə boyu yuvada qalır. Beləliklə, balaların anasına sürünün geri qalanı ilə birgə ova getməsi üçün fürsət verilir.

Afrikalı ov itləri də hər biri təxminən on heyvandan ibarət olan sürü halında yaşayırlar. Erkək və dişi ov itləri balaların qorunması və qidalanması üçün işləri bölüşdürürlər. Hətta, balalara baxmaq üçün sanki yarışırlar. Ov zamanı heyvanı öldürdükdən sonra, ovlarını kaftarlardan qorumaq üçün yetkin ov itləri, balaların ətrafında dairə şəklində düzülərək əvvəlcə balaların qidalanmasına icazə verirlər. (Russell Freedman, How Animals Defend Their Young, s. 69)

Babu sürüsündə isə ümumiyyətlə qrupun lideri xəstə və ya yaralı babulara kömək edir. Yetkin babular, ana və ya atası olmayan bir balanı övladlığa götürə bilirlər. Yetim balanın sürünün içində özləri ilə birlikdə getməsinə və gecə yanlarında qalmasına icazə verirlər. Sürü yer dəyişdirərkən, əgər anasının kürəyində daşıya bilməyəcəyi qədər kiçik bir bala varsa onda ana balasını əlindən tutaraq yeritmək məcburiyyətində qalır. Ancaq bala tez yorulduğuna görə də tez-tez dayanırlar. Bu da sürüdən geri qalmalarına səbəb olur. Bunu görən qrup lideri dərhal geri dönərək, ana babunun yanında irəliləməyə və bala dayandıqca onlarla dayanmağa başlayır. (Russell Freedman, How Animals Defend Their Young, s. 72)

Çaqqallar ümumiyyətlə süddən kəsildikdən sonra da analarının yanında qalır və analarının özlərindən sonra doğduğu balalara qulluq edirlər. Köməkçi çaqqal balalara yemək gətirərək və vəhşi heyvanları yuvadan uzaq tutaraq balalardan bir çoxunun həyatda qalmasına kömək edir. (John Sparks, The Discovery of Animal Behavior, s. 264)

Sürünün digər üzvlərinə də qulluq edən tək canlılar çaqqallar deyil. Su toyuğu və pəncərə qaranquşu növlərində də ilk yuvadakı balalar, ikinci yuvada yeni doğulmuş olan balaların böyümələrinə kömək edirlər.

Bir çox arı quşu cütlüyü isə başqa bir cütlüyə balalarına qulluq etməsində kömək edirlər. Bu cür yardımlaşmalar quşlar arasında tez-tez görünür. (Giovanni G. Bellani, Quand L'oiseau Fait Son Nid, s.20)

Canlıların özlərinin olmayan balaları böyütmələri, onların məsuliyyətlərini öz öhdələrinə götürmələri təkamülçülərin iddialarını tamamilə təkzib edən dəlillərdən biridir. Əvvəlki bölmələrdə də ifadə etdiyimiz kimi təkamülçülər fədakarlıq göstərən heyvanların genlərini sonrakı nəsilə ötürmək üçün belə davrandıqlarını, buna görə də, fədakarlıq kimi görünən davranışların əslində eqoizmlərindən qaynaqlandığını iddia edirlər. Ancaq bu bölmədə də göründüyü kimi, heyvanlar yalnız öz genlərini daşıyan canlılara deyil, ehtiyacı olan digər canlılara da kömək edirlər. Yəni təkamülçülərin "eqoist gen"nəzəriyyəsi də digərləri kimi elmi cəhətdən doğru deyil. Ağıla və şüura sahib olmayan bir canlının genlərini sonrakı nəsilə ötürmək üçün narahatlıq keçirməsi də qeyri-mümkündür. Canlının genlərinə görə bu qədər narahatlıq keçirməsi üçün proqramlaşdırıldığını iddia etmək isə bu proqramı reallaşdıran bir ağılın və şüurun varlığını qəbul etməkdir.

Aydındır ki, təbiətdə qarşımıza çıxan hər canlı və bu canlıların sahib olduğu xüsusiyyətlər üstün bir Yaradıcının varlığını açıq-aydın göstərir. Məhz O, Yaradıcı, üstün şəfqət və mərhəmət sahibi olan Allah"˜dır.