Çoxlu hissələrdən ibarət təyyarə maketi aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən təşkil olunmuş bu maketi hansı sıra ilə düzəldərdiniz? Şübhəsiz ki, bunun üçün əvvəlcə qutunun üzərindəki rəsmlərə baxar və içindəki təlimat kitabçasından faydalanardınız. Çünki maketi düzəldərkən təlimatı oxumaq görüləcək işə sərf olunan vaxtı qısaldır, o maketin səhvsiz, mükəmməl düzəldilməsinə kömək edir.
Təyyarənin düzəldilməsi haqqında təlimatlar olmasa, əgər əlinizdə buna bənzər model varsa, maketi ona baxıb düzəldə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı onun bənzərinin düzəldilməsində sizə əsas yolgöstəricidir. Eyni məntiqlə, təbiətdə mövcud olan qüsursuz dizayndan nümunə götürmək də bənzər funksiyalara malik texnoloji cihazın dizaynı və düzəldilməsinin ən qısa yolla, mükəmməl şəkildə həyata keçirilməsini təmin edir. Bunu dərk edən bir çox elm adamı və tədqiqat-təkmilləşdirmə (ARGE) mütəxəssisi də hər yeni fəaliyyətdən əvvəl bunun canlılardakı nümunələri araşdırır, onlardakı sistem və dizaynlardan nümunə götürərək təqlid edirlər. Başqa sözlə, elm adamları Allahın təbiətdə yaratdığı canlıları təhlil edir və bunlardan faydalanaraq yeni texnoloji məhsullar istehsal edirlər.
Bu cərəyan yeni elm sahəsini meydana gətirmişdir: biomimetika. "Təbiətdəki canlıları təqlid etmə" mənasını verən və xüsusilə son dövrlərdə texnologiya aləmində tez-tez bəhs edilən bu elm sahəsi insanlara yeni üfüqlər açmışdır.
Canlılardakı sistemlərin quruluşunu təqlid etmə kimi tanınan biomimetikanın meydana gəlməsi bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamları üçün böyük məğlubiyyət olmuşdur. Çünki təkamül ağacının ən təkmil canlısı kimi qəbul etdikləri insanın özündən "daha ibtidai" hesab edilən canlıları təqlid etməyə çalışması, onlardan ilham alması təkamülçülər üçün qəbuledilməzdir.
İbtidai hesab edilən canlıların xüsusiyyətlərindən daha təkmil olanlar nümunə götürürsə, bu, gələcək texnologiyanın, əsasən, bu "ibtidai canlıların" dizaynı üzərində qurulması deməkdir. Bu isə ətraf mühitə uyğunlaşmayan ibtidai canlıların yox olub, qalanlarının inkişaf etdiyini müdafiə edən təkamül nəzəriyyəsinin məntiqinə tamamilə ziddir.
Təkamül nəzəriyyəsini müdafiə edənləri çıxılmaz vəziyyətə salan bu elm sahəsi günbəgün inkişaf edir və texnologiya aləminə hakim olur. Bu istiqamətdə "biomimikriya" adlanan və "canlıların davranışlarını təqlid etmə elmi" mənasını verən yeni elm sahəsi də meydana gəlmişdir.