Düşünən, ağıllı, vicdanlı insan yerdə, göydə, dənizin dərinliklərində, ucsuz-bucaqsız kainatın hər yerində Rəbbimizin yaradılışının saysız dəlillərini görür. Bu məqaləmizdə Rəbbimizin Əl-Bədi sifətinin təcəllisi olaraq bəzi canlılarda yaratdığı bənzərsiz xüsusiyyətlərdən bəhs edəcəyik.
Bu bənzərsiz xüsusiyyətlərə sahib olan canlılardan biri də qütb ayılarıdır. Hamımızın bildiyi kimi, qütb ayıları qar fırtınalarının bəzən 120-140 km sürətə çatdığı, qarlı və buzlu ərazilərdə olduqca çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları belə çətin şəraitə dözümlü şəkildə yaratmışdır. Qütb ayılarının dərilərinin altında 10 santimetr qalınlığında piy qatı var və bu da lazım olan istiliyin əldə edilməsi üçün kifayətdir. Bunun sayəsində qütb ayıları buzlu sularda saatda 10-11 km sürətlə 2000 km uzaqlığa qədər məsafəni qət edə bilirlər. Bəs hər tərəfi qarla örtülən yerdə qütb ayıları qidalarını necə əldə edirlər? Qütb ayıları ən çox qılınc balıqları ilə qidalanırlar. Bu balıqlar isə buz və qar təbəqəsinin altında yaşayır. Bu isə qütb ayılarının onları tapıb qidalanmasına əngəl törətmir. Çünki qütb ayılarının iybilmə qabiliyyəti o qədər kəskindir ki, 1,5 m qalınlığındakı qar təbəqəsinin altındakı qılınc balıqlarının qoxusunu rahatlıqla hiss edirlər.
Bəzi canlılar isə qış yuxusuna gedərək soyuqdan müdafiə olunurlar. Bəs bu canlılar donmadan necə yaşayırlar? Bəzi qurbağaların qış yuxusu əsnasında bədənlərində buz kristallarının meydana gəldiyi kəşf edilmişdir. Buna misal olaraq yaşıl ağac qurbağasını göstərə bilərik. Onlar buzlaqların mövcud olduğu ərazilərdə yaşayırlar. Qış yuxusuna gedən bu canlılarda həyat əlaməti görünmür. Ürək döyüntüləri, nəfəs almaları və qan dövranı tamamilə dayanır. Buz qurbağanın dərisini, qarnını və əzələ toxumalarını tamamilə əhatə edir. Belə ki, aorta damarı kəsilsə belə qurbağalarda qanama baş vermir, ürək və digər həyati funksiya daşıyan orqanların rəngi solğunlaşır. Qol və ayaqlar sərt, gözlər isə dumanlı olur. Buz əridikdən sonra görünən ilk həyat əlaməti, ürəyin yenidən döyünməsidir. Heyvan əvvəlcə ardıcıl nəfəs alıb-verir. Ağac qurbağası və digər canlılardakı ən əsas xüsusiyyətlərdən biri də bol miqdarda qlikoza hazırlamalarıdır. Qlikoza donmuş qurbağanın bədənində olduqca əhəmiyyətli funksiya daşıyır.
Məsələn, hüceyrələrdə su çatışmamazlığının qarşısını alır, bunun nəticəsində büzülmə hadisəsinə mane olur. Beləliklə, qurbağanın hüceyrələri bu donma hadisəsindən sonra zərər görmür.
Çətin şəraitdə dözümlülükləri ilə digər canlılardan fərqlənən heyvan növlərindən biri də dəvədir. Quranın "Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" (Äžaşiyə surəsi, 17) ayəsində də diqqət çəkilən dəvələr ən ağır şəraitə belə davam gətirən bədən quruluşuna malikdirlər. Onlar çöllərdə susuzluq hiss etmədən uzun müddət qala bilirlər. Bunun səbəbi dəvənin hörgüzündə topladığı yağlardır. Bu yağlar susuzluq zamanı parçalanır və bunun sayəsində hidrogen əmələ gəlir. Hidrogen heyvanın nəfəs alması nəticəsində oksigenlə birləşir və beləliklə də dəvənin yaşaması üçün lazım olan su bədənin daxilində yaranır. Yağın suya çevrilməsi ancaq laboratoriya şəraitində mümkündür.
Yağın öz-özünə parçalanaraq əvvəl hidrogenə sonra oksigenlə reaksiyaya girərək suya çevrilməsi qeyri-mümkündür. Bu reaksiyaların reallaşması üçün xüsusi mexanizmlər lazımdır və dəvədə bu mexanizmlər çox mükəmməl şəkildə yaradılmışdır.
Səhralarda sudan qənaətlə istifadə olunması çox vacibdir. Sudan qənaətlə istifadə etmənin bir yolu da çox vaxt yerin altında yaşayan canlılarda olduğu kimi tənəffüsü düzgün idarə etməkdir. Yerin altındakı canlıların tənəffüsü yuvalarında nəmli mühit yaradır ki, beləliklə də bədən yolu ilə su itkisini minimum səviyyəyə endirirlər. Afrikanın çöllərində yaşayan gerbil (arxa ayaqları uzun, quyruğu tüklü, balaca heyvan) nəmdən çox yaxşı istifadə edə bilir. Bu heyvanlar yatarkən yuvalarına quru toxumlar yerləşdirirlər. Bu toxumlar havadakı nəmi udur və gerbillər ayıldıqları zaman bu toxumları yeyərək gündüz tənəffüs etdikləri zaman itirdikləri suyun bir hissəsini geri qaytarırlar.
Çöllərdə yaşayan canlılar istiliyə davam gətirmək üçün müxtəlif xüsusiyyətlərə malikdirlər.
Məsələn, quruda yaşayan qurbağa növü ilin doqquz ayını özünün hazırladığı jelatinə bürünərək oyuğun içində yatır. Başqa misal: çöl qurbağaları öz dərilərinin altında yerləşən iki kisədə yaz üçün su toplayırlar. Malyusklar və krevetkalar isə çöllərdə nadir hallarda yağış yağdıqdan sonra su toplamağa başlayırlar və yerdəki su qurumadan yumurtalarını qoyurlar. Yumurtalar isə çox maraqlı xüsusiyyətə malikdir. Bu yumurtalar günəşin yandırdığı duzlu torpaqlarda yenidən yağış yağana kimi çatlamadan, illərlə qala bilirlər. Əgər bu yumurtaların yağışın yağmasını gözləmək kimi xüsusiyyətləri olmasaydı, bu canlıların nəsli ilk andan etibarən məhv olacaqdı. Ancaq hər şeyi qüsursuz yaradan Allah onları xüsusi yaratmış və onların nəslini qorumuşdur.
Son dərəcə xüsusi sistemə malik olan canlılardan biri də delfinlərdir. Delfinlər öz xüsusiyyətləri ilə insanları heyran edirlər. Bu xüsusiyyətlərdən biri də onların sürətidir. Bu sürəti necə əldə etdikləri ilə maraqlanan elm adamları müxtəlif araşdırmalar aparmış və delfinlərin bədənlərinin ətrafında qüsursuz şəkildə su axını olduğunu görmüşlər. Bu axının səbəbini isə delfinlərin dərisi üzərində aparılan araşdırmalar nəticəsində əldə ediblər.
Delfinlərin dərisi üç qatdan ibarətdir. Xaricdəki qat çox incə və elastikdir, ortadakı qat qalındır və plastik tüklərə malik fırçaya bənzəyir, sonuncu qat isə süngərəbənzər maddədən ibarətdir. Beləliklə, yüksək sürətlə üzən delfinlərə su burulğanı rast gəldiyi zaman xarici dəri qatı burulğanın səbəb olduğu həddindən artıq təzyiqi daxili qatlara çatdırır, daxili qatlar isə artıq təzyiqin qarşısını alır. Meydana gələn su burulğanının qarşısı alınır. Buna görə də həmin burulğanlar delfinlərin sürətinə təsir etmir. Göründüyü kimi, delfinlər sadəcə dərilərindəki quruluşa görə xüsusi dizayna malik olan canlılardır.
Bayquşların da səsə qarşı həddən artıq həssas qulaqlarının olması digər bir yaradılış möcüzəsidir. Bayquşların başlarının hər iki tərəfində saça bənzər tüklər vardır ki, səs dalğalarını toplayıb qulağın daxilinə göndərirlər. Bu tüklər eyni zamanda qulağın birinə gələn səsi digər qulaq tərəfindən qəbul edilməsinin qarşısını alır, beləliklə də sağ tərəfdən gələn səs, sağ qulaq tərəfindən qəbul edilir. Bunun səbəbi də hər iki istiqamətdən gələn səsin beyində simmetrik olaraq yaranmasının qarşısını alır.
Qulaqların birində səs daha yüksəkdən eşidilir. Beləliklə də bayquş səsləri əks-səda olaraq qəbul edir və səs çıxaran canlını görməsə də onun harada olduğunu müəyyənləşdirir. Bu, ov tapmağın çətin olduğu havalarda əsas üstünlüklərdən biridir.
Təbiətdə qarşılaşdığımız bütün canlılar bir-birlərindən tamamilə fərqli ancaq eyni zamanda ehtiyaclarına uyğun şəkildə yaradılmışdır. Bitkilərdə zəhərli toxumların olması onlar üçün qorunma üsullarından biridir. Amma bəzi quşlar bu təhlükədən necə müdafiə olunacaqlarını yaxşı bilirlər. Makaular (Amerika ərazisində yaşayan tutuquşu növü) zəhərli toxumları müəyyən edə bilirlər. Nəhəng çəngəli xatırladan dimdikləri ilə çox sərt qabıqları qıra bilən bu quşlar zəhərli toxumları yedikdən sonra birbaşa qayalıqlara doğru istiqamətlənir və orada gilli qaya parçalarını gəmirib udurlar. Bu gilli qaya parçaları toxumların içərisindəki zəhəri çəkir. Beləliklə, quş bunun sayəsində narahatlıq hiss etmədən toxumları həzm edə bilir.
Balaca bədənləri ilə üstün texnologiyaya sahib olan işıldaquş da üstün və güclü Yaradıcı olan Rəbbimizin yaradılış dəlillərindən biridir. Normal lampada elektirik enerjisinin ancaq 3-4%-i, lümisensiya lampası isə lampaya daxil olan elektirik enerjisinin 10%-ni işığa çevirə bilir, qalan enerji isə istilik şəklində ayrılır. Bu da istehsalatda böyük itkiyə gətirib çıxarır. İdeal 100% işıq verən lampa isə daha əlverişlidir. İşıldaquşlar mühəndislərin belə əldə edə bilmədiklərini bacarır və 100%-lik işığın əldə edilməsini balaca bədənlərində həyata keçirirlər.
Bu canlıların qarınlarının alt qismində işıq verən orqan yerləşmişdir. Bu işıq orqanında bir-birinə yaxın məsafələrdə, işıq vermək üçün kimyəvi maddə istehsal olunur. Lüsiferin və lüsiferaza adlanan maddələrin bir-biri ilə reaksiyaya girməsi nəticəsində işıqlanma meydana gəlir. Bu maddələrə oksigenin əlavə edilməsi də əsas şərtdir. Buna görə işıldaquşlarda tənəffüs sistemi işıq vermə orqanında vacib yer tutur. Çox mürəkkəb proseslər nəticəsində işıldaquşlar 3 saat ərzində fasiləsiz işıq verə bilirlər.
Burada nəzərdən keçirdiklərimizin hamısı Allah'ın sonsuz yaradılış dəlillərindən sadəcə bir neçəsidir. Göründüyü kimi, hər bir canlı yaşadığı mühitə uyğun yaradıldığı kimi ruzisini tapmaq üçün də ən üstün qabiliyyətlərə sahib olaraq yaradılmışdır. Sonsuz mərhəmətin və şəfqətin sahibi olan Rəbbimiz heç bir canlıya nemətini əsirgəməmişdir.